ABŞ Konqresinin üzvü Virciniya Foks bəyanat verdi – Xocalı Faciəsi ilə bağlı

ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun üzvü, Şimali Karolina ştatını təmsil edən respublikaçı Virciniya Foks Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı bəyanatla çıxış edib.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, konqres üzvü bəyanatında Xocalı faciəsi qurbanlarının xatirəsini anaraq, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə qadın və uşaqlar daxil olmaqla Xocalıda 613 nəfər Azərbaycanlının qətlə yetirildiyini vurğulayıb.

V.Foks Xocalı faciəsi günü yüzlərlə insanın həyatını itirdiyini, ailələrin məhv edildiyi, şəhərin dağıdıldığını qeyd edərək 1994-cü ildə atəşkəsin əldə edilməsinə baxmayaraq münaqişənin hələ də həll edilmədiyini bildirib.

Bəyanatda Xocalı faciəsinin baş verdiyi 1992-ci ildə ABŞ və Azərbaycan arasında diplomatik əlaqələrin qurulduğu, o zamandan etibarən Azərbaycanın terrorçuluqla mübarizədə ABŞ-ın əsas tərəfdaşı olduğu, habelə iki ölkə arasındakı Ticarət Əlaqələri Sazişi və İkitərəfli İnvestisya Müqaviləsi vurğulanıb.

Konqres üzvü Azərbaycanla dərinləşən əlaqələr fonunda ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə dəstəyinin vacibliyini qeyd edib.

Sonda V.Foks münaqişənin tezliklə həlli üçün tərəflərin birgə işləməsinə ehtiyac olduğunu qeyd edərək Xocalı faciəsində həyatını itirmiş insanların xatirəsini bir daha yad edib.


Bütün xəbərlər