Sərhəd təhlükəsizliyini ən yüksək səviyyədə təmin edəcəyik – General-mayor Elçin İbrahimov

 

Dövlət Sərhəd Xidməti (DSX) Aparatının rəhbəri general-mayor Elçin İbrahimov

– Azərbaycanın şanlı Qələbəsi ilə başa çatan 44 günlük Vətən Müharibəsində Silahlı Qüvvələrin digər hərbi birləşmələri ilə DSX-nin şəxsi heyəti də böyük qəhrəmanlıq göstərdi. Vətən müharibəsində sərhədçilərin iştirakı və hazırda işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası sərhədlərinin qorunması prosesi barədə ətraflı məlumat verməyinizi xahiş edirik.

– Tariximizin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında “DƏMİR YUM­RUQ”əməliyyatı nəti­cəsində ərazi bütövlüyümüz bərpa olun­muş, 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Respublikasının Ermənistan üzərin­də parlaq qələbəsi ilə başa çatmış, Tarixi Zəfərimiz təmin edilmişdir.

Milli və sərhəd təhlükəsizliyimiz üçün 30 ilə yaxın müddətdə əsas təhdid olmuş ölkə ərazisinin 20 faizinin, o cümlədən İranla dövlət sərhədinin 132 km, Ermənistanla dövlət sərhədinin 500 km-dək sahəsinin Ermənistan tərəfindən işğalına son qoyulmuşdur.

Qürurla deyə bilərik ki, Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqları uğurla icra olunmuş, Azərbaycan sərhədçiləri qəhrəmanlıq və igidlik nümu­nələri göstərmişlər. Əməliyyatların ilk günündən başlayaraq Azərbaycan sər­­hədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermə­nis­tanla dövlət sərhədinədək böyük bir ərazini azad etmiş, 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sar­sıdıcı zərbələr endirərək yüzlərlə canlı qüvvəsini məhv etmişlər.

Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin düşmən tapdağından təmizlənməsində qəhrəmanlıq göstərən sərhədçilər Qə­dim Xudafərin körpüsünü, Zəngilan rayonunun Ağbənd qəsə­bəsini və Zəngilan şəhərini azad edərək Dövlət bayrağımızı sancmış, Ermənistanla dövlət sərhədində ən hündür “Bartaz” və “Şükürataz” strateji yüksəkliklərini azad etmişlər.

Dövlət Sərhəd Xidmətinin uğurla həyata keçirdiyi “Açıq Səma” əməliyyatında hələ 2011-ci ildən icrasına başlanılmış layihə çərçi­vəsində modifikasiya edilmiş AN-2 təyyarələrinin 20-i elə ilk gündə yanlış hədəf qismində ha­vaya buraxılmışdır. Nəticədə əksər zenit raket kompleks­lərini açan və radarlarını işə salan düşmən hədəflərinin dislo­ka­siyası kəşfiyyat pilotsuz uçuş aparatlarımız vasitəsilə müəyyən­ləş­dirildikdən sonra “Harop”zərbə­endirici PUA-lar tərəfindən onlar məhv olun­muş, müharibənin elə ilk günü düşmənə məxsus zenit raket kompleks­ləri­nin 70%-i darmadağın edilmişdir.

Bu əməliyyatlarda PUA operatorlarımız tərəfindən əvvəllər ancaq filmlərdə izlədiyimiz texnoloji inkişaf dövrün savaşçılarına xas olan yüksək dəqiqliklə “Harop”, “Quzğun” pilotsuz uçuş aparatları tətbiq edilərək düşmənin operativ-taktiki raket kompleksləri, zenit-raket sistemləri, radio elektron-mübarizə stansiyaları, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri məhv edilmiş, ümumilikdə 290 düşmən hədəfi, çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilmişdir.

Ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və dövlət sər­həd­lərimizin iş­ğaldan azad edilməsindən sonra Azərbaycan Respublika­sının Pre­zidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə ardıcıl təd­birlər həyata ke­çirilir.

Ötən müddətdə Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş his­səsində sərhəd zastavalarının fəaliyyəti bərpa edilmiş, Ermənistanla dövlət sərhədində yeni hərbi hissələrin və sərhəd xətti boyu sərhəd-döyüş mən­təqələrinin fəaliyyətə başlaması təşkil olunmuş, atəş­kəsdən sonra bu ərazilərdən Ermənistan Silahlı Qüvvələrinin çıxarıl­ması təmin edilmişdir.

– İşğaldan azad edilmiş ərazilərimizdə sərhəd postlarının, zastavaların, yeni hərbi hissələrin tikintisi, şəxsi heyətin komplekt­ləşdirilməsi prosesi necə davam edir? Sərhədçilərimizin döyüş qabiliyyəti, maddi-texniki bazası, şəxsi heyətin təminatı, mənəvi psixoloji durumu necədir?

– Qeyd etdiyim ki, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından sonra iş­ğaldan azad edilmiş sərhədlərimizdə zəruri müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə ardıcıl təd­birlər həyata ke­çirilir. Ötən il ərzin­də Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisində Dövlət Sərhəd Xidmətinin 19 yeni hərbi hissə kompleksi yaradılmışdır. Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan, Qubadlı rayonları əra­zi­sindən və Laçın rayonunun bir hissəsin­dən keçən hissəsi tam nəzarət al­tı­na götürülmüş, bu istiqa­mət­də 106 sərhəd-döyüş məntəqəsi xid­mə­ti-dö­yüş fəaliyyətinə başlamışdır.

Bununla yanaşı, Azərbaycan-Ermənistan dövlət sərhədində “Eyvazlı” və “Qazançı” dövlət sər­­hə­­­dindən buraxılış məntəqələri yaradılmış, “Füzuli” beynəlxalq hava limanında sərhəd nəzarətinin təşkili üzrə tədbirlər görül­müş­dür.

Yeni istifadəyə verilən hərbi hissələrdə şəxsi heyətin xidməti və sosial şəraitinin yaxşılaşdırılması üzrə zəruri işlər görülür. Belə ki, burada lazımi məişət şəraiti olan yataqxanalar, yeməkxanalar, istirahət və xüsusi təyinatlı otaqlar, təlim poliqonları, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxana, idman zalları və yaşayış evləri sərhədçilərin sərəncamına verilmişdir. Bir sözlə, qısa zamanda hərbi qulluqçuların istər peşəkar və döyüş qabiliyyətlərinin yüksəldilməsi, istərsə də sosial təminatının yaxşılaşdırılması üçün zəruri imkanlar yaradılmışdır.

Xüsusi vurğulamaq istərdim ki, azad edilmiş sərhədlərimizdə heyətimiz böyük ruh yüksəkliyi, qürur hissi ilə xidmətlərini aparırlar. İllərdi bu günü gözləyən sərhədçilər düşmən tapda­­ğından azad olunmuş müqəddəs sərhəd­lərimizin toxu­nul­mazlı­ğı­nın təmin edilməsi, ölkə­mizin ərazi hüdudlarının mühafizəsi vəzifəsini layiqincə ye­rinə yetirirlər.

Sərhəd mühafizə infrastrukturunun bərpası və yenidən qurulması, şəxsi heyətin və hərbi nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsində böyük əhəmiyyət kəsb edən fəaliyyətlər sırasında mühəndis-istehkam bölmələri tərəfindən mina və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi, yolların salınması və bərpası işlərini qeyd etmək istərdim. Ötən il ərzində azad edilmiş ərazilərdə 73,8 km məsafədə yeni yollar çəkil­miş, 121,4 km məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilmiş, 386 hektar ərazinin mina və partlamamış sursat­lardan təmizlənməsi nəticəsində 947 ədəd piyada əleyhinə, 1195 ədəd tank əleyhinə mina, 186 ədəd partlama­mış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilmişdir.

– Ermənistan hərbçiləri bəzi hallarda sərhədlərimizdə müəyyən təxribatlar yaratmağa cəhd edir. Bu mənfur cəhdlərin qarşısı əlbəttə ki, qətiyyətlə alınır. Əməliyyat şəraiti daim nəzarətdədir. Bu barədə nə deyə bilərsiz?

– Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən dövlət sərhədlərimizin etibarlı müdafiəsi və mühafizəsi təmin olunur.

Hazırda dövlət sərhədində vəziyyət stabildir, bununla belə əməliyyat şərai­tinə təsir göstərə bilən bütün amillər və təhdidlər bölmələrimizin xidməti-döyüş fəaliyyətində nəzərə alınır.

– Ümumiyyətlə DSX-nin 2022-ci il üçün müəyyən etdiyi istiqamətlər, qarşıya qoyulan vəzifələr, döyüş və xidmət fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərlə bağlı məlumat verməyinizi xahiş edirik.

– 2022-ci ildə Dövlət Sərhəd Xidmətinin hədəfi Azərbaycan Respublika­sının Pre­zidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sərhəd təhlükəsizliyinin ən yüksək səviyyədə təmin edilməsidir.

Bu məqsədlə qarşımızda duran vəzifələrimiz Azərbaycan-Ermənistan dövlət sərhədində sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradıl­masının davam etdirilməsi, bu istiqamətdə dövlət sərhədinin nəzarət altına götürülən sahələrində sərhəd mühafizə tapşırıqlarının icrası, Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad edilmiş hissəsində sərhəd mühafizə infrastrukturunun bərpası, dövlət sərhədində qanunsuz fəaliyyətlərlə qətiyyətli mübarizənin, təxribat hallarının qarşısının alınması üzrə fəaliyyətlərin davam etdirilmə­sidir.

– Şəxsi heyətin sosial təminatının gücləndirilməsi istiqamətində hansı işlər görülür?

– Silahlı Qüvvələrimizin digər birləşmələrində olduğu kimi Dövlət Sərhəd Xidmətinin də şəxsi heyəti dövlət qayğısını daima öz üzərində hiss edir, bu diqqət və etimadı dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təmin edilməsi üzrə xidməti-döyüş fəaliyyətlərini layiqincə yerinə yetirməklə doğrultmağa çalışır.

Ötən il ərzində də bu proses ardıcıl şəkildə davam etmiş, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə qeyd olunan heyətin aylıq vəzifə maaşlarına əlavələr müəyyən edilmişdir.

Bununla yanaşı, il ərzində dövlət sərhədinin mühafizəsi sisteminin təkmil­ləş­diril­məsi məqsədilə maddi-texniki bazanın gücləndirilməsi, şəxsi heyətin xidməti və sosial şəraitinin yaxşılaşdırılması fəaliyyətləri çərçivəsində 107 binadan ibarət 24 tikinti kompleksində tikinti və təmir işləri aparılmışdır.

Xüsusi qeyd etmək istərdim ki, Vətən müharibəsində həlak olmuş Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının ailə üzvlərinə diqqət və qayğının göstərilməsi, onların müraciətlərinin dinlənilməsi və nəzarətdə saxlanılması, müsbət həlli üçün aidiyyəti dövlət qurumları ilə əlaqələndirilməsi bu istiqamətdə həyata keçirilmiş əsas fəaliyyətlərimizdən olmuşdur.

– Azərbaycanın digər qonşu ölkələrlə sərhədlərinin qorunması, xüsusilə də sərhəd pozucularına qarşı həyata keçirilən barışmaz mübarizə, qaçaqmalçılıq, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hansı işlər görülür?

– Dövlət Sərhəd Xidmətinin hərbi birləşmələri tərəfindən ölkəmizin sərhədlərinin etibarlı şəkildə qorunması təmin edilir, transsərhəd cinayətkarlığın təzahürləri olan qaçaqmalçılıq, narkotiklərin daşınması, qanunsuz miqrasiya fəaliyyətləri ilə barışmaz mübarizə aparılır.

Bununla belə, ölkəmizin əlverişli coğrafi mövqeyini nəzərə alaraq qeyri-qanuni fəaliyyətlərlə məşğul olan cinayətkar qruplaşmalar sərhədləri­mizdən qanunsuz əməllərini həyata keçirmək üçün istifadə cəhdləri göstərirlər.

Xüsusi ilə qeyd etmək istərdim ki, düşmən tapdağından azad olunduqdan sonra İran İslam Respublikası ilə dövlət sərhədinin 132 km sahəsinin mühafizəmiz altına götürülməsi nəticəsində son zamanlar digər istiqamətlər üzrə narkotrafik cəhdlərinin artması bunu deməyə əsas verir ki, işğal altında olduğu müddətdə həmin ərazilər transsərhəd cinayətkarlığın bütün təzahürləri, o cümlədən narkotiklərin daşınması üçün ən fəal şəkildə istifadə olunub.

Aparılan təhlil göstərir ki, dövlət sərhədlərinin mühafizəsi gücləndirildikcə, transsərhəd cinayətkar fəaliyyətlərlə məşğul olan qruplaşmalar da öz imkan və üsullarını təkmilləşdirərək qanunsuz əməllərini davam etməyə çalışır, bəzi hallarda hətta sərhəd naryadına odlu silahın tətbiqindən də çəkinmirlər. Ötən ilin may ayında baş vermiş belə hadisə zamanı iki hərbi qulluqçumuz həlak olmuşdur. Lakin həlak olmuş sərhədçilərin qanı yerdə qalmamış, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumlarımızın keçirdiyi əməliyyat nəticəsində gizləndiyi yer müəyyən edilmiş cinayətkarlardan biri saxlanılarkən silahlı müqavimət göstərdiyindən zərərsizləşdirilmiş, digəri saxlanılaraq məsuliyyətinə cəlb edilmişdir.

Dövlət sərhədindən qanunsuz fəaliyyətlərlə mübarizə tərəfimizdən ən qəti şəkildə davam etdirilir, sərhəd mühafizə və sərhəd nəzarəti bölmələrinin mövcud maddi-texniki imkanlarının təkmilləşdirilməsi, o cümlədən çətinkeçilən ərazilərdə texniki mühafizə sistemlərinin tətbiqi, elektron-optik vasitələrin quraş­dı­rılması, sərhəd mühafizə bölmələrinin peşəkar kadrlarla komplektləşdirilməsi, şəxsi heyətin bilik və bacarıqlarının, döyüş hazırlığı­nın yüksəldilməsi üzrə davamlı tədbirlər həyata keçirilir.

2021-ci il ərzində sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyəti nəticəsində 3 ton 57 kiloqram 111 qram narkotik vasitənin, 131 milyon 52 min 393 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınmış, axtarışda olan 2154 nəfər, saxta sənəd­lərlə 227 nəfər, özgəsinə məxsus sənədlə 4 nəfər saxlanılmışdır.

– Dəniz sərhədlərimizin qorunması istiqamətində fəaliyyət haqqında nə deyə bilərsiniz?

– Xəzər dənizinin Azərbaycana mənsub hissəsində neft-qaz hasilatı infrastrukturunun və ixrac boru kəmərlərinin mühafizəsi, habelə Xəzər dənizin­dən qeyri-qanuni məqsədlərlə istifadə cəhdlərinin mümkünlüyü baxımından dəniz sərhədlərinin etibarlı mühafizəsinin təşkili Dövlət Sərhəd Xidməti qarşısında qoyulan əsas vəzifələrdən biridir.

Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dəniz sərhədlərimizin mühafizəsinə yüksək qayğısı sayəsində hazırda DSX Sahil Mühafizəsi dəniz mühitində istənilən çağırışa çevik reaksiya göstərməyə qabil quruma çevrilərək Xəzər dənizinin Azərbaycan Res­publikasına aid hissəsində enerji ehtiyatlarının, neft-qaz boru kəmərlərinin və platformalarının qorunması, beynəlxalq terrorizm, kütləvi qırğın silah­ları­nın komponentlərinin qanunsuz yayılması, qeyri-leqal miqrasiya və narkotik qaçaqmalçılığına qarşı mübarizədə yüksək nailiyyətlər əldə etməkdədir.

Dəniz sərhədlərinin etibarlı mühafi­zəsi üzrə yeni infrastrukturların yaradılması istiqamətində fəaliy­yətlər çərçivəsində 2021-ci ildə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Mərkəzi Regional Şöbəsinin yeni inzibati binası is­tifadəyə verilmiş, dənizdə neft-qaz infrastrukturunun mühafizəsi məqsədilə sərhəd gözətçi gəmilərinin sualtı mühafizə imkan­ları gücləndirilmiş, gəmilərin idarəetmə heyətlərinin peşəkar­lığı təkmil­ləş­dirilmiş, dəniz yolu ilə narkotik qaçaqmalçılarına qarşı effektiv mübarizə aparılmışdır.

Bununla yanaşı, Xəzər dənizinin Azərbaycan Respublikası sektorunda təhdidlərə qarşı effektiv mübarizə fəaliyyətinin təmin edilməsi, dəniz infrastrukturuna yönəlmiş terror-təxribat aktlarının qarşısının alınması üzrə şəxsi heyətin döyüş hazırlığı və peşəkarlığının təkmilləşdirilməsi məqsədilə 4 günlük taktiki təlimlər keçirilmişdir.

Interval.Az


Bütün xəbərlər