Məzahir Pənahov: Bələdiyyə seçkilərinin yekun nəticələri MSK tərəfindən 20 günə təsdiq edilməlidir

Seçki məntəqələrinin təqribən 92 faizindən çoxundan daxil olan məlumatlar əsasında dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ilkin nəticələri məlum olub.

İnterval.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki, bələdiyyə seçkilərinin nəticələri qanunvericiliyə uyğun şəkildə açıqlanacaq.

Onun sözlərinə görə, Seçki Məcəlləsinin tələbinə görə dekabrın 23-də keçirilən bələdiyyə seçkilərinin yekun nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən 20 günə araşdırılıb başa çatmalı və təsdiq edilməlidir.

M.Pənahov vurğulayıb ki, bələdiyyə seçkilərin yekun nəticələri ən geci 25 gün müddətində ictimaiyyətə təqdim edilməlidir.

Qeyd edək ki, dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirilib.

Seçkilərdə seçici fəallığı 32,72 faiz olub. Səs vermiş seçicilərin sayı 1 627 064 nəfər təşkil edib. Ümumilikdə səsvermə üçün siyahıya daxil olmuş seçicilərin sayı 4 972 356 nəfərdir.

Seçici fəallığının ən yüksək olduğu 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. 38 min 621 seçicidən 16 min 800 (43.50 faiz) səs verib.

Eyni zamanda, seçici fəallığının ən aşağı olduğu dairə 40 saylı Kəpəz (Gəncə) İkinci Seçki Dairəsidir. Burada 42 min 085 seçicidən 10 min 156 (24.13 faiz) səs verib.

Bu il bələdiyyə seçkilərində 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçilməlidir. Seçkilərdə iştirak edən partiyaların sayı 13-dür. Namizədlərin 3-də 1-i 13 siyasi partiyanın nümayəndələri, 3-də 2-si isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır.

Bələdiyyə seçkilərini 17 beynəlxalq, 52 636 yerli müşahidəçi izləyib.


Bütün xəbərlər