19 dərəcə isti olacaq – HAVA PROQNOZU

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

İnterval.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında Martın 13-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.

Arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 14-19, Bakıda gecə 7-9, gündüz 17-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Bütün xəbərlər