Rövnəq Abdullayev 2019-cu ilin nəticələri barədə: “500 mln. ton…” – FOTO

“Azəri-Çıraq-Günəşli” yataqlarında indiyə qədər olan ümumi neft hasilatı artıq 500 mln. tona çatdırılıb.

İnterval.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün SOCAR-da ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş tədbirdə şirkətin prezidenti Rövnəq Abdullayev bildirib.

SOCAR-ın prezidenti 2019-cu ilin nəticələri barədə söz açıb, il ərzində şirkətin Azərbaycanda və ölkə xaricində TANAP qaz boru kəməri, “SOCAR Polymer”, Karbamid zavodu kimi uğurla başa çatdırdığı layihələrdən bəhs edib.

O, qarşıdakı illərdə şirkətin perspektivləri üzərində ətraflı dayanıb, SOCAR-ın Azərbaycanda geniş vüsət alan sosial-iqtisadi inkişaf proseslərində yaxından iştirak etdiyini bildirib:

“Möhtərəm Prezidentimizin rəhbərliyi altında ölkə həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı islahatlar kursu SOCAR-ın qarşısında yeni üfüqlər açır. Biznes dayanıqlığının artırılması, istehsal proseslərinin rəqəmsallaşdırılması qarşımızda duran başlıca vəzifələrdən biridir. SOCAR daim zamanın tələblərinə cavab vermiş şirkət olub və bu gün də belədir. Biz yaxşı başa düşürük ki, bu gün rəqəmsallaşmada uğur qazana bilməyən şirkətlər 10-15 ildən sonra bazarı tərk etmək məcburiyyətində qalacaq. Biz şirkətin əmək effektivliyini işçi sayını çoxaltmaqla yox, texnoloji güc ilə artırmaq niyyətindəyik. Bu gün geniş yayılmış peşələrin çoxu yaxın gələcəkdə tarixə qovuşacaq, rəqəmsallaşma dövrünün yeni peşələri yaranacaq. Şirkətimizin kadr hazırlığı siyasətində bu məsələlər də nəzərə alınmaqdadır”.

Tədbirdə SOCAR rəhbərliyinin təmsilçiləri, idarə və müəssisələrin rəhbərləri, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin 20 sentyabr “Neftçilər günü” və “Neft Daşları”nın 70 illiyi ərəfəsində imzaladığı Sərəncamlara əsasən, təltif edilmiş neftçilərin bir qrupu iştirak ediblər.Tədbirdə neftçilərin Milli Həmrəylik Günü və Yeni İl bayramları münasibəti ilə Azərbaycan xalqına təbrik və müraciətlərini əks etdirən videoçarx nümayiş olunub.

Azərbaycan Prezidentinin müvafiq Sərəncamları oxunub. “Tərəqqi” medalı, 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunmuş və “Fəxri neftçi” adına layiq görülmüş neftçilərə ali dövlət təltifləri təqdim olunub.

Təltif olunanlar adından çıxış edənlər, layiq görüldükləri dövlət mükafatlarını bütün Azəbaycan neftçilərinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirdiklərini söyləyib, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirib, onlara göstərilən etimadı bundan sonra da doğruldacaqlarını vurğulayıblar. Tədbirin sonunda SOCAR-ın birinci vitse-prezidenti Akademik Xoşbəxt Yusifzadə Azərbaycan neftçilərini qarşıdan gələn bayram münasibəti ilə təbrik edib. Ölkə başçısı İlham Əliyevin SOCAR-dakı fəaliyyətini xatırladaraq, onun daim neftçilərin dostu olduğunu vurğulayıb.


Bütün xəbərlər