“CBC”nin efirində yeni layihə: “Qafqazın artefaktları” – FOTO

“CBC” televiziyasında yeni bir layihə – “Qafqazın artefaktları” adlı silsilə sənədli filmlərin yayımına başlanır.

İnterval.Az-ın məlumatına görə, dünən “YARAT” Müasir İncəsənət Mərkəzində layihənin təqdimat mərasimi keçirilib.

Layihənin prodüseri Renat Əhmədov İnterval.Az-a bildirib ki, layihənin gerçəkləşməsində əsas məqsəd yalnız region deyil, eləcə də dünya miqyasında əhəmiyyətə malik olan unikal tarixi abidələr haqqında daha dəqiq və ətraflı məlumat verməkdir:

“Layihə çərçivəsində demək olar ki, bütün Azərbaycan ərazisində çəkilişlər aparılıb. Çəkiliş qrupu hətta arxeoloji qazıntılarda iştirak edib. Tarixi abidələr haqqında əfsanə və rəvayətlər toplanıb, yerli əhali ilə bu barədə söhbətlər edilib. Bütün bu səfərlərdə çəkilişi qrupunu tarixçi alimlər, araşdırmaçılar müşaiyət edib. Layihə çərçivəsində ilk film bu axşam, saat 20.20-də “CBC”nin efirində nümayiş etdiriləcək.”

Layihənin ideya müəllifi və rəhbəri “CBC” telekanalının baş direktoru Vüqar Xəlilov, filmin rejissoru Fuad Ağamalıyev, ssenari müəllifi və “CBC” kanalının rejissoru Elvin Mirzəyev, “CBC” kanalının prodüseri Renat Əhmədov, “CBC” kanalının prodüseri Qiyas Abbasov, redaktor Lamiyyə Vəzirova, operatorlar Rauf Hüseynov, Rəşad Ağamalıyev, Firuz Rəhimov və montaj müəllifi Ələkbər Hümbatovdur.

Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, xalq artisti Fəxrəddin Manafov, əməkdar artist Gövhər Həsənzadə, musiqiçi Qasım Xəlilov, rejissor Şahirə Tacəddin, arxeoloqlar Qoşqar Qoşqarlı, Zaur Həsənov, Akif Quliyev, o cümlədən “Z-Company 2007” və “Zəng Film” şirkətinin təsisçisi və rəhbəri Zamiq Yunisov və digər ictimai şəxslər iştirak ediblər.

Fuad Mədətov


Bütün xəbərlər