Bakıda baş verən qətlin təfərrüatı: qısqanc ər güllə ilə bacanağının gözündən vurdu – YENİLƏNİB

Dekabrın 27-də səhər saatlarında Bakının Xətai rayonunda törədilən qətlin qısqanclıq zəminində baş verdiyi məlum olub.

İnterval.Az Milli.Az-a istinadən bildirir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Xatırladaq ki, saat 08:00 radələrində Səməd bəy Mehmandarov küçəsində, 74 nömrəli binanın yaxınlığında 45 yaşlı paytaxt sakini Cəfərov Xəyal Aydın oğlu öldürülüb.

Faktla bağlı X.Cəfərovun bacanaqları Mahmudov Kamran Tərlan oğlu və Eminov Nazim Rəşid oğlu saxlanılıb.

Əldə edilən məlumata görə, X.Cəfərovu K.Mahmudov güllə ilə gözündən vurub.

Cinayət silahı kustar üsulla hazırlanan 8 mm kalibrli revolver olub.

X.Cəfərov uşağını məktəbə aparandan sonra ona hücum olunub.

Bildirilir ki, K.Mahmudov arvadını bacanağına qısqanıb və onunla məsələni həll etməyə gələndə, mənəvi dəstək üçün N.Eminovu da özü ilə gətirib.

Nəticədə, bacanaqların biri ölüb, ikisi isə dəmir barmaqlıqlar arxasına göndərilib.

Faktla bağlı araşdırmalar davam edir.

Qeyd edək ki, dekabr başlayandan Bakıda üç qətl hadisəsi baş verib.

* * *

Bakının Xətai rayonunda bir kişi başından güllə ilə vurularaq öldürülüb.

İnterval.Az oxu.az-a istinadən xəbər verir ki, dekabrın 27-də səhər saat 8:00 radələrində Səməd bəy Mehmandarov küçəsi, 74 saylı binanın qarşısında öldürülən şəxs 45 yaşlı Cəfərov Xəyal Aydın oğlu olub.

Şahidlər bu barədə polisə xəbər verib, eyni zamanda, qətl hadisəsi müşahidə kameralarına düşüb.

Faktla bağlı X.Cəfərovun bacanaqları Mahmudov Kamran Tərlan oğlu və Eminov Nazim Rəşid oğlu tutulublar.

Hadisənin təfərrüatı araşdırılır.


Bütün xəbərlər