Ermənistanın iqtisadiyyatı çökdü: ən azı 10 illik böhran başlayıb

44 günlük İkinci Qarabağ Müharibəsi Ermənistanın iqtisadiyyatına çox ağır zərbə vurub.

İrəvanın açıqladığı rəsmi statistik göstəricilərə görə, ötən ilin yanvarı ilə müqayisədə ölkədə ərzağın və qida məhsullarının qiymətlərinin sürətli bahalaşması müşahidə olunur.

Ermənistanda bitki yağları 44,3%, şəkər 40,7%, yumurta 26,4%, süd məhsulları 7,7%, meyvələr 12%, tərəvəz 9,9%, sarımsaq 95,4%, göyərti 53,5%, çörək 7,9%, un 12,5%, spirtli içkilər, tütün və tütün məmulatları 6,8%, qeyri-ərzaq məhsuklları isə 5,5% bahalaşıb.

Baş nazir Nikol Paşinyan ölkə daxilindəki qeyri-stabil siyasi vəziyyətin və kənar təsirlərin yaratdığı böhranı, formalaşmış riskləri azaltmaq niyyətini bəyan edib.

Rəsmi İrəvanın açıqlamalarına görə, miqrantların yolladıqları pul göndərişlərinin bərpası, investisiya mühitinin yaxşılaşdırılması, qlobal xarici iqtisadi konyukturanın ümumi bərpası, milli valyutanın möhkəmlənməsi, daxili siyasi situasiyanın stabilləşməsi və istehlak tələbatının artırılması istiqamətində konkret addımlar atılacaq.

Bu, Ermənistanın hakimiyyət dairələrinin ifrat nikbin və hətta bravur açıqlamalarıdır. Ermənilərin iqtisadiyyatında real vəziyyət isə ağır, hətta çox ağırdır. İş ondadır ki, Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələr arasında Ermənistan 2020-ci ilin yekunlarına görə ən pis nəticələrə malikdir.

Əgər İkinci Qarabağ Müharibəsinə qədər Ermənistanın ümumdaxili məhsulunun 2021-ci il üçün artımı koronavirus pandemiyası nəzərə alınmaqla 3,5-4 faiz arasında proqnozlaşdırılırdısa, ötən ilin dekabr ayının ortalarında həmin proqnoz 1 faizə düşdü.

Ermənistan iqtisadiyyatı Qarabağdakı müharibənin və koronavirus pandemiyasının yaratdığı fəsadlardan minimum 10 il ərzində qurtula bilməyəcək.

Ekspertlər isə Ermənistan iqtisadiyyatında durumun kritikləşəcəyini, 8 faizlik azalmanın olacağını vurğulayırlar. Halbuki İkinci Qarabağ Müharibəsinədək belə proqnozlar 4 faizlik geriləmə həddindən artıq deyildi.

Ermənistandan Rusiyaya mal və məhsul ixracı 11 faiz, Avrasiya İqtisadi Birliyinə daxil olan ölkələrə ixrac isə 33 faiz azalıb.

İdxalda isə 16,2 faizlik geriləmə müşahidə olunur.

Ermənistan kiçik və yoxsul ölkə olduğundan, ölkə iqtisadiyyatının dirçəlməsi, problemlərin qismən də olsa, həlli üçün hazır mal və məhsulların ixracı müstəsna rol oynaya bilərdi. Lakin İrəvanın sənaye müəssisələrinin sayı, onların profili, istehsalat potensialı və s. kimi amillər Ermənistanın hazır məhsul ixracının ifrat dərəcədə məhdud imkanlara malik olduğunu nümayiş etdirir.

Koronavirus pandemiyası nəticəsində ağır itkilərə məruz qalmış Ermənistan iqtisadiyyatını Qarabağdakı müharibə sözün əsl mənasında, çökdürüb. İlkin hesablamalara görə, İrəvanın kapitulyasiyası ilə başa çatan hərbi əməliyyatlar ölkənin 5,6 milyard dollarlıq itki verməsinə səbəb olub.

 


Bütün xəbərlər