Dövlət Komitəsi 70-dən çox məcburi köçkün ailəsini məhkəməyə verdi
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 70-dən çox məcburi köçkün ailəsinə verilən mənzilin geri qaytarılması üçün məhkəməyə müraciət edib.
İnterval.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Dövlət Komitəsinin Aparat rəhbəri Eldar Zeynalov bildirib.
Onun sözlərinə görə, məcburi köçkün ona verilən mənzildə yaşamadığı halda həmin ev geri alınaraq orada başqa məcburi köçkün ailəsi yerləşdirilir: “Bəzi hallarda məcburi köçkün ailəsi evi aldıqdan sonra orda yaşamır. Belə faktlar var. Təbii ki, həmin məcburi köçkünlərin məhz hamısının evi olduğuna görə Dövlət Komitəsinin verdiyi mənzillərdə yaşamadıqlarını söyləmək doğru olmazdı. Bəzi hallarda uşağın təhsili ilə bağlı və yaxud xəstəsi olduğuna görə həmin mənzillərə köçməyib gedib kirayədə yaşayanlar var. Amma məsələ ondadır ki, məcburi köçkünlərə mənzillər verildikdə, onlarla müqavilə bağlanır. Müqavilədə qeyd olunur ki, əgər məcburi köçkün evi alandan sonra 3 ay müddətinə ora köçmədisə, ev ondan geri alınır. Bunun da prosedur qaydası var. Biz belə hal olanda məhkəməyə müraciət edirik və məhkəmə yolu ilə həmin mənzil geri qaytarılır.
Hazırda məcburi köçkünlərin evlərinin boşaldılması ilə bağlı 70-dən çox məhkəmə işi var. Onu da deyim ki, bizim məhkəməyə müraciət etmədən boşaltdığımız evlər də var. Çünki proses belədir ki, məhkəməyə müraciət etməmişdən öncə həmin məcburi köçkünün özünə deyirik, danışıq aparırıq, vəziyyəti izah edirik. Boşaldılmış evlər digər məcburi köçkün ailələrinə verilir”.