Koronavirusdan faydalanmaq istəyən “siyasətçi”lər: onlar nə istəyirlər?

“Parlament seçkiləri bir daha xalqımızın iradəsini ifadə etdi, bir daha göstərdi ki, apardığımız siyasət Azərbaycan vətəndaşları tərəfindən bəyənilir, dəstəklənir və parlament seçkiləri demokratik inkişaf istiqamətində atılmış növbəti addımdır. Seçkilərdən sonra parlamentin tərkibi böyük dərəcədə, rəhbər orqanları isə tam dəyişdirildi. Tarixdə ilk dəfə olaraq, müxalifət nümayəndəsi Milli Məclisin Sədrinin müavini vəzifəsinə seçildi. Hesab edirəm ki, bu, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış önəmli addımdır. Eyni zamanda, tarixdə ilk dəfə olaraq, parlament komitələrinə müxalifət nümayəndələri başçılıq edirlər, həm sədr, həm müavin vəzifələrində. Hesab edirəm ki, bu da çox önəmli addımdır və ilk növbədə, siyasi sistemin yeni konfiqurasiyasına yol açan bir addımdır, eyni zamanda, Milli Məclisdə gedən proseslərə müsbət təsir göstərəcək”.

Prezidenti İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə belə deyib:

Dövlət başçısının açıqlamaları radikal müxalifətdə həmişəki kimi, absurd reaksiya doğurub. AXCP sədri və həm də bloqer Əli Kərimli isə, az qala, isteriyaya qapılıb.

Müşavirədə iqtidar və müxalifət arasındakı münasibətlərdən, habelə ölkədəki radikal müxalifətin durumu və xüsusilə də çağdaş siyasətdəki yerindən də bəhs olunub.

Reallıq budur ki, ölkədəki siyasi qüvvələrin mütləq əksəriyyəti dövlətçilik prinsiplərini hər şeydən üstün tutur və bu da, əslində, bizim əsas məqsədimizdir. Çünki ölkə hakimiyyətinin əsas məqsədi elə siyasi sistem yaratmaqdır ki, fərqli baxışlardan asılı olmayaraq, hər bir siyasi qüvvə üçün bir amal müqəddəs olsun, o da dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişafdır. Belə olan halda həm siyasi müstəvidə işlər müsbət istiqamətdə gedəcək, eyni zamanda ölkədə mövcud olan problemlər daha tezliklə həll olunacaq. Çünki müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır.

“Hesab edirəm ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır. Müstəqillik dövründə bu sahədə heç vaxt belə müsbət mənzərə müşahidə edilmirdi, – İ.Əliyev dedi. – Əlbəttə, bəlkə mən hadisələri bir qədər qabaqlayıram. Çünki bu proses hələ təzə-təzə başlayır. Ancaq bəlkə ona görə qabaqlayıram ki, mən bu prosesin sürətlə getməsini arzulayıram. Şadam ki, bizim dialoq təklifinə müxalifət partiyalarının hamısı müsbət cavab verib və artıq siyasi dialoq başlayır. Əminəm ki, bu, ölkəmizə böyük fayda gətirəcək”.

Dövlət başçısının sözlərinə görə, o ki qaldı, bu dialoqdan imtina edənlərə, onları siyasi qüvvə adlandırmaq düzgün olmaz. Çünki bu düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir. Ölkəmiz üçün, xalqımız üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Onların fəaliyyətinin tarixi də bunu göstərir. Biz bu tarixi yaddan çıxarmamışıq. Həmin bu qüvvələr Azərbaycanı 1990-cı illərin əvvəllərində ağır vəziyyətə salıblar, xəyanət ediblər, torpaqlarımızın işğalını şərtləndiriblər. Ondan sonra qorxaqcasına qaçıb gizləndilər. Həmin bu adamlar Azərbaycana böyük zərbə vurublar, vətəndaş müharibəsinə start veriblər. Torpaqlarımız işğala düşən zaman burada qardaş qanı axıdıldı. Bu qruplaşma ölkəmizdə xaos, anarxiya yaratdı, korrupsiya dövlət siyasətinə çevrildi və səriştəsizlik, tərbiyəsizlik, mədəniyyətsizlik artıq AXC-Müsavat hakimiyyətinin rəmzinə çevrildi. O hakimiyyəti təmsil edən adamların yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində ölkə faktiki olaraq dağılma ərəfəsində idi.

Ona görə bu qruplaşmanı indiki şəraitdə siyasi qüvvə adlandırmaq olmaz.

Prezident dedi: “Onu bildirməliyəm ki, həmişə nəyisə gözləyirlər və həmişə xarici amilə ümid edirlər. Yadınıza salın, 2005-ci ildə postsovet məkanında inqilablar baş verdiyi zaman onlar da bundan ruhlanıb “narıncı inqilab” etmək fikrinə düşmüşdülər”.

Hətta özləri üçün ayrı bir rəng də seçməkdə çətinlik çəkdilər, Ukraynadan o vaxt narıncı rəngi götürüb burada tətbiq etmək istədilər. Narıncı rəngdə maykalar, bantlar sifariş edib ölkəmizə gətirdilər. Ancaq bir şeyi nəzərə almadılar ki, o vaxt, 2005-ci ildə parlament seçkiləri noyabr ayında keçirilmişdi. Noyabrda artıq soyuqlar başlayır. O gülməli mənzərə yadımdadır ki, bunlar pencəyin, paltonun üstündən narıncı maykaları geyib küçələrə çıxmışdılar. Bəziləri isə boyunlarına salmış, bəziləri başlarına bağlamışdılar. Bu, bir komediya mənzərəsi yaradırdı. Bax, budur bunların qabiliyyəti. O da alınmadı. Ondan sonra “ərəb baharı” başlayanda yenə də ruhlandılar ki, bunların əlinə bir fürsət düşəcək. 2011-2012-ci illərdə Azərbaycanda “ərəb baharı”nın təkrarlanmasını istəmişdilər. O da alınmadı. 2013-cü ildə prezident seçkiləri ərəfəsində hansı eybəcər addımlar atmışdılar, onu hər kəs xatırlayır.

“İndi isə koronavirus bunlar üçün, sanki, göydəndüşmə bir hədiyyədir. Bu gün koronavirusa sevinən ancaq bu antimilli qruplaşmadır. Mən, təbii ki, baş verən hadisələrdən xəbərdaram və bilirəm ki, bunların bu çirkin niyyətləri dəhşətli bir mənzərə yaradır. Ölənlərin sayının artmasını arzulayırlar, xəstələrin sayının artmasını istəyirlər, sevinirlər ki, insanlar vəfat edir. Yəni, bu, iqtidara qarşı deyil, dövlətə qarşı düşmənçilikdir. Mən hər şeyi öz adı ilə çağırıram. Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var – düşmən. Hər kəs bunları belə də çağırmalıdır. Bunların indiki arzuları da gözlərində qalacaq. Sözüm onda deyil, sözüm ondadır ki, siyasi islahatlar bu gün tam yeni bir konfiqurasiya yaradır. Əminəm ki, marginal qruplaşmaya yeni konfiqurasiyada yer yoxdur və olmamalıdır. Azərbaycan xalqı onları 27 il bundan əvvəl tarixin zibilxanasına atıb”, – İlham Əliyev dedi.

Yeri gəlmişkən, Ermənistan təbliğatına və ümumiyyətlə, Ermənistanın münaqişə ilə bağlı mövqeyinə növbəti böyük zərbə bu yaxınlarda vuruldu. Bu zərbəni, əslində, onlar özləri özlərinə vurdular. Əlbəttə ki, bizim məqsədyönlü fəaliyyətimiz, beynəlxalq təşkilatlarla yaranmış əlaqələr bu zərbəni daha da gücləndirdi. Söhbət qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “prezident”in qondarma “seçkiləri”ndən gedir. Bu “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır. “Seçkilər”dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri tanımadı və açıq-aydın bəyanatlar səsləndi.

Lakin bu beynəlxalq təşkilatlar arasında bir təşkilatın adı yoxdur. Həmin qurum Avropa Şurasının Parlament Assambleyasıdır (AŞPA).

O təşkilat ki, son 20 il ərzində fasiləsiz olaraq Azərbaycana şər, böhtan atmaq, Azərbaycanı nüfuzdan salmaq üçün əlindən gələni əsirgəmir.

Radikad müxalifətin, o cümlədən Əli Kərimlin arxalandığı və daim istinad etdiyi AŞPA niyə susur, niyə bəyan etmir ki, Dağlıq Qarabağda keçirilmiş “seçki”ləri tanımır?!

AŞPA susub.

Avropa Şurası Parlament Assambleyası susubdur. Baxın, bütün təşkilatlar, o cümlədən Avropa təşkilatları bəyan edirlər ki, biz bu seçkiləri tanımırıq. Bunun birmənalı mənası odur ki, Dağlıq Qarabağ Azərbaycandır. Avropa Şurası Parlament Assambleyası niyə susur? Niyə bunu demir?

Durumu dövlət başçısı belə dəyərləndirib: “Sualın cavabı aydındır. Ona görə ki, orada cəmləşən anti-Azərbaycan qüvvələr, ermənipərəst qüvvələr Azərbaycana düşmən gözü ilə baxırlar. Bizə qarşı o təşkilatdan gələn bütün iradların heç bir əhəmiyyəti yoxdur. Mən demişəm, bir daha demək istəyirəm ki, onların qəbul etdikləri qətnamələr, qərarlar mənim üçün kağız parçasından artıq deyil. O təşkilatın Azərbaycanla bağlı olan fikri məni maraqlandırmır və heç vaxt maraqlandırmayıb.

Bir məsələyə də diqqətinizi çəkmək istəyirəm. Azərbaycanla bağlı məruzəçilər var və bu məruzəçilər də susub, bir söz demirlər. Burada balaca bir hadisə baş verən kimi ölkəmiz haqqında ağızdolusu yalan, böhtan uydururlar. Nə üçün susublar? Bundan sonra onlar Azərbaycan üzrə məruzəçi olmaq mənəvi haqqını itiriblər. Azərbaycan xalqı hər şeyi yaxşı görür. Görür ki, bunların çirkin bəyanatlarının arxasında heç də Azərbaycanda demokratiya, insan haqlarının qorunması məsələsi dayanmır. Azərbaycanı qaralamaq, şantaj etmək, nüfuzdan salmaq, beləliklə, ölkəmizin maraqlarına zərbə vurmaq bu qurumun məqsədidir.

Biz isə öz yolumuzla gedirik. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var, o da Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır. Bütün beynəlxalq aləmin bu qondarma “seçkilər”ə olan reaksiyası bizim mövqeyimizi daha da gücləndirir”.

 

AXCP sədri Əli Kərimli isə Facebook səhifəsində sürəkli paylaşımlar edir, müşavirədə səslənənləri “müxalifətə nifrət bəyanatı” adlandırır.

Siyasi diletantlığını və baş verənləri primitiv dəyərləndirmənin tam izharı olan həmin “bəyanat”ları təkrarlamaq istəməzdim. Çünki Ə.Kərimli həmişəki ampluasındadır, heç cür və formada dəyişməyib.

Yenə şablon ifadələr, idiomatik çağırışlar, köhnəlmiş şüarların yelləndirilməsi, kin və qisas dolu açıqlamalar.

Ə.Kərimli iddia edir ki, sən demə, o, hakimiyyətlə dialoq tərəfdarıdır. Daha sonra vurğulayır ki, koronavirus pandemiyasının qarşısının alınması və bəlanın fəsadlarının aradan qaldırılması ilə bağlı “təkliflər”i səsləndirib sürəkli.

Karantin rejiminin pozulmasına görə saxlanmış adamları “siyasi məhbus” kimi qələmə vermək, dövlətin istisnasız olaraq bütün qərarları yalnız mənfi rakursda görüb qara rəngdə dərk etmək, Azərbaycanı az qala dünyanın ən viran ölkələri ilə müqayisə etmək – budurmu siyasətçilik?

“İlham Əliyev bildirib ki, biz artıq 27 ildir tarixin zibilliyində deyir, nə deyir, oradayıq. Əgər elədirsə, onun nə işi var tarixin zibilliyində. Bizimlə nə işi var? Əgər biz artıq tarix olmuşuqsa, həm də onun hörmətsiz bir yerində olmuşuqsa, müxalifətlə də dialoq yaradıbsa, ölkədə də hər şey çox əla vəziyyətdədirsə, o zaman ölkəyə rəhbərlik edən adam niyə işini-gücünü atıb, yalnız həmin bu, guya tarixə atılmış siyasi qüvvələrlə mübarizə aparır?”, – yazıb Əli Kərimli və öz aləmində “tutarlı cavab”ı ortaya qoyub.

AXCP sədrinin ambisioz, amma puç və mənasız ritorikasının, əslində, cavaba da zərurəti yoxdur. Amma yenə də…

Tarixin zibilxanasına atılmış siyasətçilərdən bəhs etmək heç də onları güclü, potensiallı, perspektivli saymaq anlamına gəlmir. Kimsə də işini-gücünü atıb bu qüvvələrlə mübarizə aparmır, çünki həmin qüvvələr öz aralarındakı didişmələr, qovğalar, bitmək bilməyən “savaş”lar sayəsində özlərini tam xaotik duruma salaraq bihallaşdırıblar.

“Xalq” sözünü fasiləsiz təkrarlamaqla deyil – xalq bu şapito personajlarına inanmır, siyasət dəllallarının gerçək məqsədlərini çoxdan anladığından, sanki, şou seyr edirmiş kimi onların davranışlarına baxır.

Tarixin zibilliyindəkilərin taleyi, nəsibi budur. (Milli.Az)


Bütün xəbərlər