Ali Məhkəmənin qərarı: “Qavaldaş nağara” ilə bağlı iş üzrə yekun qərar qüvvəyə mindi

Azərbaycan Respublikasının Ali Məhkəməsi 10 oktyabr 2025-ci il tarixində “Qavaldaş nağara” ifadəsi ilə bağlı iş üzrə yekun qərarını elan edib.

Tribunainfo.az-ın xəbərinə görə, Ali Məhkəmənin Mülki Kollegiyasının qəbul etdiyi qərara əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin 30 aprel 2025-ci il tarixli qətnaməsi qismən qüvvədə saxlanılıb.

Kassasiya şikayəti yalnız “Qavaldaş nağara” ifadəsindən istifadəyə dair iddia tələbi hissəsində ləğv edilib, digər hissələr isə dəyişdirilmədən qüvvədə qalıb.

Beləliklə, Ali Məhkəmənin qərarı ilə apellyasiya instansiyasının mövqeyi əsasən təsdiqlənib və bu qərar artıq qanuni qüvvəyə minib.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən müstəqil müəllif hüquqları üzrə eksperti Zamiq Yunisov bildirib ki, bu qərar əqli mülkiyyət sahəsində vacib presedent yaradır və müəllif hüquqlarının qorunması istiqamətində mühüm addımdır:

“Ali Məhkəmənin bu qərarı göstərir ki, ölkəmizdə müəlliflik hüquqları ilə bağlı məsələlər hüquqi müstəvidə obyektiv şəkildə araşdırılır. “Qavaldaş nağara” məsələsində də ədalətin bərpası və hüquqi dəqiqlik təmin olunub”.

Qeyd edək ki, bu qərarla “Qavaldaş nağara” ifadəsi üzərindəki əlavə iddia tələbi rədd edilib və Ali Məhkəmənin qərarı qəti hesab olunur.

İnterval.Az

Dəniz Pənahova


Bütün xəbərlər