Günay İbrahimova qanunsuz gəlir əldə etdi – CƏRİMƏSİ…


“Mövcud faktlara əsasən, Günay İbrahimlinin Pərviz Mahmudova məxsus musiqi əsərinin müəllifliyini öz adına çıxarması Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 5-ci və 49-cu maddələrinin birbaşa pozuntusudur”.
Bu sözləri Tribunainfo.az-a açıqlama verən Müəllif Hüquqları Uğrunda İctimai Birliyinin İdarə
Heyəti Sədrinin müavini Zamiq Yunisov bildirib.
Onun sözlərinə görə, müəlliflik hüququnun mənimsənilməsi, yalan məlumat verilməsi və əsərin həqiqi müəllifinin adının gizlədilməsi qanun qarşısında ciddi məsuliyyət doğurur.
Ekspert əlavə edib:
“Qeyd edilməlidir ki, müəlliflik hüquqlarının pozulmasına görə məsuliyyət qanunvericilikdə iki formada nəzərdə tutulur: inzibati məsuliyyət və mülki kompensasiya.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 185-ci maddəsinə əsasən, müəlliflik hüququnun pozulması ilə bağlı inzibati cərimələr aşağıdakı kimidir:
Fiziki şəxslər: 80–150 manat
Vəzifəli şəxslər: 300–500 manat
Hüquqi şəxslər: 1 000–2 000 manat
Bununla yanaşı, “50 manatdan 50 000 manata qədər cərimə” barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil və qanunvericilikdə belə bir anlayış mövcud deyil.
İnzibati məsuliyyət çərçivəsində maksimum cərimə hüquqi şəxslər üçün 2 000 manatdır.
Daha yüksək məbləğlər yalnız mülki məsuliyyət çərçivəsində məhkəmə tərəfindən təyin edilən kompensasiya kimi tətbiq oluna bilər. “Müəlliflik hüquqları haqqında” Qanunun 39-cu maddəsinə əsasən, pozuntuya görə:
110 manatdan 55 000 manata qədər kompensasiya müəyyən edilə bilər.
Bu məbləğ cərimə deyil, müəllifə dəymiş ziyanın ödənilməsidir.
Araşdırmalar göstərib ki, Günay İbrahimli müəllifin icazəsi olmadan əsəri reklam və kommersiya məqsədilə istifadə edib, üçüncü tərəflə müqavilə bağlayaraq qanunsuz gəlir əldə edib. Bu hal “qanunsuz kommersiya istifadə” və “əsasız gəlir götürmə” kimi qiymətləndirilir.
Pərviz Mahmudov MÜHİB-in üzvüdür və onun hüquqları İctimai Birlik tərəfindən qorunur. Toplanmış sübutlar və sənədlər yaxın günlərdə Füzuli Rayon Məhkəməsinə təqdim ediləcək.
Təşkilat olaraq tərəflər arasında razılaşma əldə olunmasını arzu etsək də, Günay İbrahimli tərəfindən indiyə qədər heç bir rəsmi addım atılmadığından proses məhkəmə qaydasında davam etdiriləcək.
Qanun pozuntusu təsdiqləndiyi təqdirdə, məhkəmənin kompensasiya, təkzib və müəlliflik hüququnun bərpası ilə bağlı qərar qəbul etməsi gözlənilir”.
Dəniz Pənahova
İnterval.Az

Bütün xəbərlər



















































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































