Almaniyada parlament binasını cəmi 3 polis qoruyub

“Mən belə mənzərənin ortaya çıxmasına dərin təəssüf edirəm. Bu, bir-iki dəqiqə davam edən bir məqam oldu. Lakin heç də Almaniya bundestaqının qorunmadığına dəlalət etmir”.

“İnterval.az” “B.Z.”ə istinadən xəbər verir ki, bu fikirləri Berlin Senatının daxili işlər komitəsinin üzvü Andreas Geisel müsahibəsində şənbə günü axşam paytaxtda Almaniya parlamenti binası qarşısında baş verənlərə şərh verərkən deyib.

Qeyd edək ki, həmin vaxt koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlərə qarşı etiraz edən nümayişçilər Bundestaq binası qarşısında bəndləri aşaraq pilləkənlərlə qalxmağa başlayıblar. Bu hadisəni əks etdirən videoda həmin məqamda parlament binasının girişini yüzlərlə coşqulu nümayişçidən cəmi 3 polisin qoruduğu aydın görünür.

Bunun səbəbi kimi parlament binasının yaxınlığında yerləşən Rusiya səfirliyi qarşısında keçirilən etiraz aksiya üzündən təhlükəsizlik qüvvələrinin həmin məkana cəlb edildiyi göstərilir.

Lakin tezliklə Bundestaq binası qarşısına cəlb edilən əlavə polis qüvvələri nümayişçilərə qarşı bibər qazı tətbiq edərək onları geri qaytarıblar.

Parlament binasına soxulmağa cəhd edən etirazçılar arasında mühafizəkar və ifrat sağçı qanad tərəfdarların olduğu, 1918-ci ilədək mövcud olmuş Almaniya imperiyasının qara-ağ-qırmızı bayrağını qaldırdıqları bildirilir.


Bütün xəbərlər