Azərbaycan və Özbəkistan regionların maraqlarına uyğun böyük iqtisadi potensial sərgiləyir – Mirziyoyevin Bakı səfərinin yekunları
Tarixən belə formalaşıb ki, Azərbaycan və Özbəkistan rəhbərliyi arasında görüşlər dəyişməz olaraq dostluq və qarşılıqlı hörmət mühitində keçib.
İnterval.Az xəbər verir ki, Prezident Şavkat Mirziyoyevin 22-23 avqust tarixlərində Azərbaycana səfəri Azərbaycanla Özbəkistan arasında qarşıdakı illər ərzində geniş spektrə malik sahələrdə məhsuldar əməkdaşlığa yol açıb.
Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə mətbuata birgə bəyanatında dediyi kimi, artıq əldə edilən nəticələr hər iki ölkənin düzgün yolda olduğunu göstərir.
“İstər təkbətək, istərsə də nümayəndə heyətlərinin üzvlərinin iştirakı ilə görüşlər çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlər ətraflı təhlil edildi, eləcə də, bütün sahələrdə – beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişaf yolları müzakirə edildi və müəyyən olundu. Başqa sözlə desək, biz bu gün görüşlər və danışıqlar çərçivəsində, əslində, münasibətlərimizin inkişafının gələcəyini müəyyən etdik” – deyə Prezident İlham Əliyev vurğulayıb.
Səfər çərçivəsində bir sıra mühüm ikitərəfli sənədlər imzalanıb. Onların arasında ən mühümü, yəqin ki, “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə” oldu. Bu müqavilə iki ölkə arasında hökumət səviyyəsində münasibətləri tamamilə fərqli səviyyəyə çıxarmaq məqsədi daşıyır.
İkitərəfli danışıqlar çərçivəsində iki ölkə lideri sənaye sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Ötən ay Şuşada keçirilən hökumətlərarası komissiyanın işçi iclasında qarşılıqlı fəaliyyətin bütün həcmi nəzərdən keçirilib
Bununla əlaqədar olaraq tərəflər SOCAR və “Uzbekneftegaz”ın sıx əməkdaşlıq etdiyi enerji sektorundakı imkanları da dəyərləndiriblər. Nəqliyyat və logistika sahəsində hər iki tərəf yük daşımalarının həcmində artım olduğunu və ən əsası, bu sahədə birgə səylər üçün potensialın genişləndiyini müşahidə edirlər.
Bu il Azərbaycan və Özbəkistan 500 milyon dollar dəyərində birgə investisiya fondunun yaradılmasına dair hökumətlərarası saziş imzalayıblar. Prezident Mirziyoyevin Bakı səfəri çərçivəsində keçirilən danışıqlar zamanı tərəflər fondun kapitalının artırılması barədə razılığa gəliblər. 2023-cü il 1 iyul tarixindəki məlumatlara görə, Özbəkistanda Azərbaycan kapitalına malik 204 müəssisə fəaliyyət göstərir (2017-ci ildə – 71 şirkət), bunlardan 67-si birgə, 137-si isə xarici şirkətdir. Bu ilin əvvəlindən 22 birgə müəssisə yaradılıb. Fondun öz növbəsində iqtisadi əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayacağı, yeni birgə investisiya layihələrinin başlamasını və yeni iş yerlərinin açılmasını dəstəkləyəcəyi gözlənilir.
“Əgər vaxt olsaydı, İlham Heydər oğlunun dediyi kimi, biz sizə bütün layihələrdən danışardıq. Amma məncə, əslində, hələ çox görüşlərimiz olacaq, onlar barədə sizə söhbət açacağıq. Bunlar münasibətlərin fərqli səviyyəsini, sənayenin lokallaşdırılmasının, nəqliyyat logistikasının müxtəlif səviyyələrini təmin etmək üçün çox ciddi layihələrdir. Çünki bu gün bizim üçün, Özbəkistan üçün iqtisadiyyatımızda nəqliyyat sahəsi çox ciddi komponentdir. Biz isə öz istiqamətimizi ən yaxın ölkə olan Azərbaycanla müəyyən edirik və hesab edirəm ki, bu, yeganə düzgün qərardır. Əgər bu gün bizim razılaşdığımız hər şey yerinə yetirilsə, həm Özbəkistan, həm də Azərbaycan iqtisadiyyatları üçün uğurlu olacaq”, – Özbəkistan prezidenti mətbuat konfransında deyib.
Prezident Şavkat Mirziyoyevin Azərbaycana səfəri çərçivəsində baş verən daha bir əlamətdar hadisə Füzuli şəhərində Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı olub. Özbəkistan prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq inşa etdirilən məktəb 960 şagird yeri üçün nəzərdə tutulub. Ötən il başlayan tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib.
“Bu, Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsidir və biz bu qardaşlıq, həmrəylik, dəstək jestini çox yüksək dəyərləndiririk. Digər tərəfdən, deyərdim ki, bu məktəb, əslində, bir təhsil sarayıdır. Mən may ayında Füzulidə olarkən tikintinin gedişi ilə tanış oldum və Özbəkistanın bizə təqdim etdiyi həmin dost töhfəsinin miqyasını əyani şəkildə gördüm. Məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və əminəm ki, bu, təkcə təhsil ocağı deyil, eləcə də, bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq”, – Prezident İlham Əliyev deyib.
Qeyd etmək lazımdır ki, bunlar Azərbaycanla Özbəkistan arasında ikitərəfli əməkdaşlığın yalnız bir neçə aspektidir. İki ölkə arasında yüksək səviyyədə mütəmadi təmaslar mövcuddur. Prezident İlham Əliyev Prezident Şavkat Mirziyoyevlə birgə mətbuat konfransında bu ilin sonunadək Özbəkistana növbəti dəfə səfər edəcəyini açıqlayıb. Bu gün iki ölkə arasında əldə edilmiş razılaşmaları nəzərə alaraq demək olar ki, Azərbaycan-Özbəkistan əlaqələrinin gələcək inkişafı parlaq olacaq və hər iki dövlətin xalqı üçün yalnız gözəl nəticələr verəcək.
Zamiq Yunisov
İnterval.Az