Azərbaycanda dövlət dil qaydalarını pozanlar cərimələnəcək

Bakı. Elçin Mehdiyev :

Azərbaycanda dövlət dil qaydalarını pozanlar cərimələnəcək.

Bunu Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin rəhbəri Sevinc Əliyeva “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsində deyib.

Müsahibəni geniş variantda tədim edir:

– Azərbaycan Prezidenti İlham Əliyev son çıxışlarının birində dil problemlərinə toxundu və bildirdi ki, bəzi kənar sözlərin daxil olması dilimizi korlayır. Bu istiqamətdə sizin də münasibətinizi öyrənək.

– Bu çox aktual və həmişə əhəmiyyətli olan bir məsələdir. Azərbaycan dilinin saflığının qorunmasında ən əsas məsələ dilmizə yersiz sözlərin daxil olmasının yolverilməzliyidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubleyində də qeyd etdi ki, Azərbaycan dili çox zəngindir və dilimizə qarşılığı ola-ola yersiz və lüzumsuz sözlərin daxil olmasına ehtiyac yoxdur.

Cənab Prezident bu yaxınlarda mədəniyyət nazirini qəbul edərkən də bu məsələni xatırlatdı və bildirdi ki, Azərbaycan dilinin saflığının qorunması ilə bağlı kifayət qədər göstərişləri var. Burada məqsəd dilimizin saflığının qorunması və düzgün tətbiq edilməsi məsələləridir”.

– Azərbaycan dilinin saflığının qorunması ilə bağlı mütəmadi olaraq monitorinqlər keçirilir. Hazırda vəziyyət nə yerdədir və monitorinqin nəticələri nə deməyə əsas verir?

– Monitorinqlərin keçirilməsinə hələ 2011-ci ildən başlanılıb. Bu barədə AMEA Nəsimi adına Dilçilik İnstitutuna müraciət olundu. Hətta Milli Televiziya və Radio Şurası hər il müraciət edirdi və AMEA-nın əməkdaşları bu monitorinqlərdə iştirak edirdi. Lakin digər qurumlarla yanaşı Dilçilik İnstitutunun da qarşısında müəyyən vəzifələr qoyuldu və İnstitutda monitorinq şöbəsi fəaliyyətə başladı. Şöbə 2013-cü ildən rəsmi şəkildə monitorinqlər apardı və nəticələr həm hesabatlarla, həm də ictimaiyyətə açıqlanmaqla elan edilirdi.

Burada da qarşıya qoyulan məqsəd hər hansı bir mətbuat orqanının və yaxud televiziya kanalının aparıcısını tənqid etmək, onun nitqinə müdaxilə etmək deyil, yalnız Azərbaycan dilinin qoruması, düzgün tətbiq edilməsi məsələləri üçün müvafiq tövsiyə və təkliflərin verilməsi idi.

– Bəzən əyləncəli verilişlərdə, yumoristik proqramlarda elə bayağı sözlərə rast gəlirik ki, bu əlbəttə ki, yersizdir və qəbul edilən deyil. Bu məsələ ilə bağlı sizin də fikrinizi bilmək istərdik.

– Bəli doğrudur. Ümumiyyətlə dövlət dili deyiləndə burada üç norma nəzərdə tutulur – fonetik norma, leksik norma və sintaktik norma. Amma son dövrlərdə bizi narahat edən fonetik normanın pozuntusu deyil, leksik və sintaktik normanın pozuntusu baş verir. Leksik normanın pozuntusu ümumiyyətlə yolverilməzdir.

Qeyd etməliyəm ki, 2015-ci ildən başlayaraq həmin dövlət proqramında nəzərdə tutulan 6.5.4 maddəsinə uyğun olaraq monitorinq şöbəsi mütəmadi şəkildə həm teleseriallarda, həm bədii flimlərdə Azərbaycan dilinin qorunması ilə bağlı aparılmış monitorinqlərə münasibətini bildirirdi və bu monitorinqlərin nəticələri açıqlanırdı.

Orada da bizi narahat edən məsələ məhz qeyd etdiyiniz kimi leksik norma pozuntusu idi. Həm böyüməkdə olan nəsil televiziyadan maariflənir, onun nitqində, təfəkküründə müəyyən dəyişikliklər gedir, həm də teleseriallara və flimlərə baxış həmişə çox olduğu üçün məhz bu tamaşaçı kütləsi daha çox zədələnmiş olur. Yəni təsəvvür edin ki, hər hansı bir gənc müəyyən teleseriala, flimə baxır və orada gedən proseslər onun nitqinə sirayət edir. Bu isə birbaşa o gənclərin, gələcəkdə müvafiq sahələrə çalışacaq insanların nitq mədəniyyətinin pozulması deməkdir ki, bu da ümumilikdə sistemli şəkildə bir pozuntuya gətirib çıxarır. Sintaktik normanın pozuntusu isə artıq leksik söz bazasının azlığı deyil, məhz rus və ingilis dilində daha çox danışan, düşünən insanlarda söz sırasının pozulması və s. kimi məsələlərlə ortaya çıxan bir pozuntudur. Bu da təbii ki, yolverilməzdir, çünki dilin ən sabit və dəyişməz hissəsi məhz sintaktik quruluşudur. Bu, həmişə sabit qalmalıdır, qorunmalıdır.

– Dil normalarının pozuntusuna görə, konkret cəzalar və yaxud da hansısa xəbərdarlıqlar olubmu?

– Monitorinq şöbəsinin apardığı monitorinqlərin nəticəsi yalnız tövsiyə xarakterli olurdu. Eyni zamanda Milli Televiziya və Radio Şurası da bu monitorinqləri aparırdı. Burada nəticələr yalnız tövsiyə və təkliflər şəklində qalırdı.

Hətta sonradan bizim təklifimizlə televiziyalarda aparılan monitorinqlərin nəticəsi aparıcıların özlərinin görüntüsü və nitqi verilməklə artıq konkret şəkildə göstərilirdi. Çünki aparıcılar etiraz edirdilər. Ona görə biz düşündük ki, nəticəni görüntü şəklində təqdim edək ki, fakt ortada olsun.

Amma çox sevindirici haldır ki, yeni yaradılmış Monitorinq mərkəzi təsdiq edilmiş cərimələrlə birbaşa nəzarət qurumu kimi fəaliyyət göstərəcək.

– Hansı cəza mexanizmi var? Cərimələr və yaxud da efirdən kənarlaşdırılmaq?

– İki dəfə xəbərdarlıqdan sonra artıq konkret məbləğdə pul cəzası nəzərdə tutulur. Burada məqsəd hər hansı bir həcmdə hansısa qurumu cərimələmək deyil, məqsəd dilimizin düzgün tətbiqi və onun qorunması məsələsidir.

Biz artıq 10 il aparılan monitorinqlərdən belə bir nəticəyə gəldik ki, cərimələr olmasa, bu qüsurlara yenə yol veriləcək, bu qüsurlar aradan qalxmayacaq. Mən düşünürəm ki, hətta aparıcını cərimələməklə yox, o qurumun rəhbərini cərimələməklə bu qüsurların yaxın zamanlarda tam aradan qaldırılmasına nail ola bilərik.

– Cərimələrin məbləği nə qədərdir?

– Cərimələrin məbləği çox deyil. Biz bu cərimələrin məbləğini müəyyən etməyi Tarif Şurasının öhdəsinə vermişdik. Bizə təklif gəlmişdi ki, cərimələrin məbləğini biz müəyyən edək. Düşündük ki, bu məbləği Tarif Şurası müəyyən etsin. Bizim məqsədimiz cərimənin məbləğini müəyyənləşdirmək deyildi, məqsədimiz o idi ki, pozuntuları aradan qaldıraq.

Misal üçün, eyni aparıcı hər il eyni kanalda fonotik pozuntunu edirdi və o norma pozuntusu hesabatlarda üstünlük təşkil edirdi. Hətta belə bir məqamı da müşahidə etdik ki, müəyyən bir kanalın bağlanması ilə əlaqədar olaraq bir aparıcı başqa bir kanala getmişdi, o, özünün qüsurlarını həmin kanala da apardı və onun nitq pozuntusu həmin kanalda başqa bir göstərici olaraq, leksik normanın pozuntusunun faiz etibarı ilə üstünlüyünə gətirib çıxardı.

Hər bir insan öz verilişini qurarkən düşünməlidir ki, mən belə bir zəngin dildə danışıram və bu dilin zənginliyi, düzgünlüyü mənim nitqimdə ortaya çıxacaq, təbliğ olunacaq. Ona görə də hər birimiz öz sahəmizdə bu məsuliyyəti dərk etməliyik, nitqimizdə baş verən qüsurların aradan qaldırılması üçün öz üzərimizdə çalışmalıyıq.

– Dil normalarının pozuntusuna küçə reklamlarında da çox rast gəlinir. Xüsusilə, reklamların xarici dillərdə verilməsi. Bu məsələlərlə bağlı hansı monitorinqlər aparılır?

– Bu da çox ciddi məsələdir, çünki, əslində, küçə reklamları da özünün kifayət qədər auditoriyası ilə seçilir. Misal üçün, hamımız yol kənarlarında olan reklamlarda baş verən qüsurların şahidi oluruq. Bu, artıq daha çox həcmi əhatə etdiyi üçün ciddi məsələdir və həmin 1 noyabr 2018–ci il tarixli fərmanda da məhz reklam daşıyıcıları, yəni KİV və internet məkanında Azərbaycan dilinin qorunması, düzgün tətbiqi məsələsi əksini tapır.

Monitorinq şöbəsi də keçən dövr ərzində reklamlarla bağlı monitorinqlər apardı. Hətta mənim yadımdadır ki, şöbəyə rəhbərlik etdiyim müddətdə Bakı şəhərinin dörd rayonunda monitorinqlər aparmışdıq və həm görüntülərlə, həm də reklam mətnlərində müşahidə etdiyimiz kifayət qədər qüsurlarla bağlı dəfələrlə tövsiyə və təkliflərlə çıxış etmişik.

Amma təəssüf edirəm ki, monitorinq şöbəsi yalnız təklif və tövsiyələr verə bilirdi. Sevindirici haldır ki, monitorinq mərkəzinin artıq idarəetmə və nəzarət funksiyası olacaq. Düşünürəm ki, bu da ciddi şəkildə müdaxilələrə və qüsurların aradan qaldırılmasına öz töhfəsini verəcək.

– Moitorinq mərkəzi hansı tədbirləri nəzərdə tutur?

– Monitorinq mərkəzinin planlarında yüzlərlə məsələ öz əksini tapıb. Ən tez vaxtda nəzərdə tutulan məsələlərdən biri saytlarla, mətbuatda gedən proseslərlə bağlı vəziyyəti nəzarətdə saxlamaq idi. Biz bunu artıq bitirmişik, hazırda emal prosesi gedir və yaxın günlərdə biz nəticələri ictimaiyyətə açıqlayacağıq. Hətta ikicildli hesabat yayacağıq.

Sonra televiziyaların monitorinqi nəzərdə tutulur. Eyni zamanda, televiziya aparıcıları üçün təlimlərin təşkili nəzərdə tutulur ki, biz bunu həmişə həyata keçirmişik. Dil kurslarının təşkili də nəzərdə tutulur. Hətta özünün nitqini daha mükəmməl görmək istəyən istənilən şəxs bu kurslarda iştirak edə bilər. Xaricdə yaşayan soydaşlarımız müraciət edərək arzulayırlar ki, xarici ölkələrdə nümayəndəliklər yaradaq, hətta bizim səfirliklərdə dil kurslarımız təşkil olunsun. Bunun hamısı bizim gözəl və zəngin Azərbaycan dilimizin düzgün tətbiqinə yönələn məsələlərdir.

Biz ümumilikdə 61 saytı monitorinqə cəlb etmişik. Amma sevindirici haldır ki, məhz Trend İnformasiya Agentliyinin saytında vəziyyət yaxşıdır. Digər saytlarla müqayisədə Trend-də Azərbaycan dilinin qorunması ilə bağlı məsələlərdə çox ciddi problemlər görmürük. Xırda qüsur və çatışmazlıqlar var ki, onların aradan qaldırılması üçün bir qrum olaraq töhfə verməyə hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Bütün xəbərlər