Azərbaycanın ombudsmanı erməni həmkarına cavab verdi

Bəşəriyyətin mütərəqqi dəyərlərini mənimsəmək iqtidarında olmayan, adı işğalçı siyasət və dövlət terrorizmi anlayışları ilə assosiasiya olunan Ermənistanın insan hüquq və azadlıqlarının qorunmasından danışması gülünc, absurd və paradoksaldır.

İnterval.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

Ermənistan Ombudsmanının azərbaycanlı həmkarı ilə görüşməyə hazır olması və Dağlıq Qarabağla bağlı hər hansı məsələnin müzakirəsində separatçı rejimin “ombudsman”ının da iştirak etməli olduğu barədə fikrinə toxunan S.Əliyeva deyib ki, bu açıqlama faktiki olaraq beynəlxalq hüquq normalarına böyük sayğısızlıq, ərazi bütövlüyünün toxunulmazlığı prinsipinin heçə sayılması və separatizmin dəstəklənməsidir:

“Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib, etnik təmizləmə siyasəti həyata keçirib, bunun nəticəsində 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, humanitar fəlakətlə üzləşib. Bununla yanaşı, işğalçı ölkə tərəfindən XX əsrin ən dəhşətli faciələrindən biri və bəşəriyyətə qarşı cinayət olan Xocalı soyqırımı törədilib ki, bu da erməni millətçilərinin xalqımıza qarşı təcavüzkarlıq və soyqırımı siyasətinin ən qanlı səhifələrindəndir. Əgər Ermənistanın ombudsmanını insan hüquqlarının müdafiəsi məsələsi maraqlandırırsa, bu faktları xatırlasın, bəhs olunan reallıqlara bir daha nəzər salsın. Bütün dünyaya məlumdur ki, işğal nəticəsində əzəli yurdundan didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilmiş soydaşlarımızın bütün fundamental hüquqları – yaşamaq, mülkiyyət, təhsil, seçki (bələdiyyə) və s. kobud surətdə pozulub. Ümumiyyətlə, Ermənistan tərəfindən Azərbaycana qarşı davam edən hərbi təcavüz fonunda törədilmiş insanlıq əleyhinə cinayətlər və Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları, Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiya, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiya, Uşaq hüquqları haqqında Konvensiya və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının kobud şəkildə pozulmasıdır”.

S.Əliyeva qeyd edib ki, bütün bunlara görə Azərbaycanın torpaqlarını işğal altında saxlayan, azərbaycanlılara qarşı təcavüzkar siyasət yeridərək çoxsaylı soyqırımı aktları törətmiş Ermənistana qarşı sanksiyalar tətbiq olunmalı, Azərbaycanın ərazi bütövlüyü, qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş fundamental hüquqları bərpa edilməli, dinc insanları qətlə yetirən cinayətkarlar tezliklə ədalət mühakiməsinə cəlb olunmalı və cəzalandırılmalıdırlar.

Müvəkkil əlavə edib ki, Ermənistanın müvəkkili insan hüquqlarının müdafiəsi məsələsini müzakirəyə çıxarmaq istəyirsə, əvvəlcə BMT-nin 822, 853, 874 və 884 saylı dörd qətnaməsi dərhal və qeyd-şərtsiz yerinə yetirilməli, təcavüzkar ölkənin silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş azərbaycanlılar tarixi yurdlarına qayıtmalıdırlar:

“Hər gün bu işğal nəticəsində bütün fundamental hüquqları pozulmuş soydaşlarımız tərəfindən mənə çoxsaylı müraciətlər edilir. Onlar, eyni zamanda, məsələ ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutublar. Belə olan halda, Ermənistanın ombudsmanının Azərbaycanın tarixi torpaqlarında insan hüquqlarının qorunması məsələsi ilə bağlı müzakirələrdən danışması cəfəngiyyat olmaqla yanaşı, bəşəriyyətə qarşı təhqir, beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş növbəti bir cəhddir”.

Ermənistan Ombudsmanının Dağlıq Qarabağla bağlı hər hansı məsələnin müzakirəsində separatçı rejimin “ombudsman”ının da iştirak etməli olduğu haqqında fikrinə gəlincə, müvəkkil vurğulayıb:

“Qondarma “Dağlıq Qarabağ respublikası” işğal və terror məhsulu olan separatçı qurumdur. Onun hüquqi statusu yoxdur, beynəlxalq səviyyədə tanınmır. Ona görə də nə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesində, nə də hər hansı bir müzakirədə iştirak etmək hüququna malik deyil. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda bu yaxınlarda təşkil edilmiş “seçki” şousunun iflasa uğraması, Ermənistanın qondarma və separatçı qurumu legitimləşdirmək cəhdlərinin beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməsi işğalçılara, o cümlədən hüquqi məsələləri siyasi manipulyasiya predmetinə çevirərək primitiv metodlarla ucuz şou təşkil edən erməni müvəkkilə dərs olmalıdır”.

Müvəkkil daha sonra deyib ki, işğal faktı aradan qaldırıldıqdan və soydaşlarımızın bütün fundamental hüquqları bərpa edildikdən sonra Ermənistanın Ombudsmanı ilə insan hüquqları ilə əlaqədar müzakirələr aparıla bilər.


Bütün xəbərlər