“Bugünkü Ermənistan da məhz Hitler Almaniyasının yolunu gedir”

Hesab edirəm ki, bu çıxış tarixinə, həmin ağır dövrdə vətəndaşlarının qəhrəmanlığına yüksək qiymət verən liderin mövqeyidir

Azərbaycan bir daha dünyaya göstərdi ki, müharibəni problemin həlli hesab etmir.

İnterval.Az xəbər verir ki, bu sözləri Milli.Az-a Milli Məclisin deputatı Aydın Mirzəzadə söyləyib.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibəsində 1941-45-ci il müharibəsi və onun nəticələri barəsində çox konkret və məzmunlu danışıb. Bu müharibədə Azərbaycan xalqının qəhrəmanlıq göstərdiyini, eyni zamanda böyük itkilərə məruz qaldığını bir daha faktlarla sadalayıb. Ölkə başçısı bu gün müharibə qatillərinin, cinayətkarların qəhrəmanlaşdırılmasının yolverilməzliyini vurğulayıb.

Hesab edirəm ki, bu çıxış tarixinə, həmin ağır dövrdə vətəndaşlarının qəhrəmanlığına yüksək qiymət verən liderin mövqeyidir. Bununla da, Azərbaycan bir daha dünyaya göstərdi ki, müharibəni problemin həlli hesab etmir”.

Deputat bildirib ki, hər hansı bir dövlət digər bir dövlətin ərazisini beynəlxalq hüquq normalarına zidd olaraq işğal edəcəksə o, layiqli cəzasını alacaqdır.

“Ümumən götürdükdə faşist Almaniyasının Avropa ölkələrini işğal etməsi, SSRİ-yə qarşı müharibə başlaması dünyanın xəritəsinin yenidən qurulması üçün göstərilən cəhd idi. Paralellik aparsaq, bugünkü Ermənistan da məhz Hitler Almaniyasının yolunu gedir. Bu baxımdan Ermənistan da işğalçılıq siyasətinin ağır cavabını almalıdır”.

“Azərbaycan Böyük Vətən müharibəsinin nəticələrini qəbul edir, bu müharibədə həlak olan vətəndaşlarının ruhunu əziz tutur, veteranlara böyük hörmətlə yanaşır və bu gün də özünün ərazi bütövlüyünü qorumaq üçün bütün addımları atır”, – deputat söyləyib.

O, sonda qeyd edb ki, Hitler Almaniyasının taleyi bugünkü Ermənistan üçün də ciddi nəticə olmalıdır.

Məlumat üçün bildirək ki, İkinci Dünya müharibəsi illərində 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub.


Bütün xəbərlər