Çikaqoda Azərbaycan icması üzvləri orduya dəstək aksiyası keçirib

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərinin Azərbaycan icmasının üzvləri Ermənistanın bu şəhərdəki konsulluğu qarşısında erməni silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində təxribat törətməsi və Ermənistanın 30 ildən çox Azərbaycana qarşı davam edən təcavüzü ilə bağlı etiraz aksiyası keçirib.

Interval.Az Trend-ə istinadən bildirir ki, Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) təşkil etdiyi etiraz aksiyası iştirakçıları Amerika ictimaiyyətini məlumatlandırmaq məqsədilə şəhər meriyası qarşısında piket, Ermənistan konsulluğunun qarşısında isə aksiya keçiriblər.

Aksiya zamanı soydaşımız Eldar Karimzadə çıxış edərək iyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin ağır artilleriyadan istifadə edərək Ermənistan-Azərbaycan sərhədində yerləşən Tovuz rayonu istiqamətində Azərbaycan dövlət sərhədinin pozulmasına cəhd edərək ölkəmizə qarşı növbəti hərbi təcavüz aktı törətdiyini qeyd edib.

Aksiya zamanı Çikaqo şəhərinin sakini Qreq Reinvald öz fikrini media nümayəndələri ilə bölüşüb. O deyib: “Biz ABŞ-da, Ermənistan və Azərbaycan xəbərlərini izləyirik. Ermənistan hazırda və davamlı olaraq Azərbaycanın mülki ərazilərini atəş altında saxlayır. ABŞ vətəndaşı olaraq mən Azərbaycanın haqq işinə dəstək verirəm, çünki Azərbaycanın torpaqları işğal olunub. Münaqişə sülh yolu ilə həll olunmalıdır, lakin işğal olunan torpaqların geri qaytarılması önəmlidir”.

Aksiyada çıxış edən ACMA-nın prezidenti Fərid Məmmədov qeyd edib ki, 2016-cı ilin aprel döyüşlərindən sonra ermənilərin Tovuzda törətdiyi təxribat birmənalı olaraq Azərbaycan xalqının əzmini qıra bilmədi, əksinə baş verənlər xalqımızın dövlətçiliyimiz ətrafında daha da sıx birləşməsi, həmrəylik nümayiş etdirməsi ilə müşayiət olundu.

Qeyd edib ki, ABŞ-da yaşayan azərbaycanlılar olaraq, icma üzvləri də bu həmrəylik davam etdirərək, bu mövzuda İllinoys ştatının konqresmenleri ilə görüşlər təşkil edir, ABŞ Azərbaycanlıları Şəbəkəsinin məktub kampaniyasında iştirak edirlər və bu barədə yerli mətbuatda geniş məlumatlar verməyə çalışırlar.

Aksiya çərçivəsində həmçinin həmvətənlərimiz üzərində Azərbaycan bayrağı və şüarlar olan avtomobil karvanından ibarət etiraz yürüşü Çikaqo şəhərinin mərkəzi küçə və prospektləri boyunca hərəkət edib.

Aksiyada təxminən 50 nəfərə yaxın soydaşımız iştirak edib və onların bəziləri digər yaxın ştatlardan aksiyada iştirak etmək üçün həmin gün Çikaqo şəhərinə səfər edib. Çikaqoda yaşayan türk icması da həmyerlilərimizə qoşulub. Aksiya zamanı Azərbaycanlı soydaşlarımız “Qarabağ Azərbaycanındır”, “Erməni təcavüzünə son”, “Azərbaycan torpaqlarından əl çəkin” kimi şüarlar səsləndirib və Azərbaycanın dövlət himnini ifa ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir


Bütün xəbərlər