Prezident İlham Əliyev: Çin Azərbaycan üçün etibarlı tərəfdaş və dost dövlətdir
Dövlətimizin başçısı əlamətdar gün münasibətlə Sədr Si Cinpinə və onun simasında dost Çin xalqını öz adından və Azərbaycan xalqı adından xoş arzularını çatdırıb.
Təbrikdə deyilir: “Bu gün Çin özünün hərtərəfli və dinamik inkişafı ilə dünyanın qabaqcıl ölkələri sırasında qərar tutmuşdAur. Sizin uzaqgörən rəhbərliyiniz altında həyata keçirilən irimiqyaslı proqramlar, infrastruktur layihələri ölkənin iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun gündən-günə artmasına, Çinin yüksəlişinə xidmət edir. Təşəbbüsünüz ilə ərsəyə gələn “Kəmər və yol” nəhəng transmilli əməkdaşlıq platforması Avrasiya məkanında iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə töhfə verir.
Çin Azərbaycan üçün etibarlı tərəfdaş və dost dövlətdir. COVID-19 pandemiyası dövründə ölkələrimizin qarşılıqlı etimad və həmrəylik nümayiş etdirərək bir-birini dəstəkləməsi möhkəm dostluq münasibətlərimizin bariz nümunəsidir.
Biz Azərbaycan-Çin münasibətlərinin inkişafına, əməkdaşlığımızın daha da dərinləşməsinə xüsusi əhəmiyyət veririk. Bu mənada, qədim və zəngin ənənələrə malik əlaqələrimizin genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi sevindirir. Çin şirkətlərinin ölkəmizin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının bərpası və yenidən qurulması işlərində iştirakı, nəqliyyat, logistika, infrastruktur, investisiya, enerji və digər sahələrdə əldə etdiyimiz yaxşı nəticələr və gələcək perspektivlər Azərbaycan-Çin tərəfdaşlığının yüksək səviyyəsindən xəbər verir”.
Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, həm “Kəmər və yol” layihəsi çərçivəsində atdığımız addımlar, həm də ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı etimad və dəstəyə əsaslanan faydalı əməkdaşlığımız bundan sonra da birgə səylərimizlə müvəffəqiyyətlə davam edəcək və xalqlarımızın mənafelərinə xidmət edəcək.