DİN əməliyyatlar keçirib, 33 kq narkotik, silah-sursat aşkarlanıb
İnterval.Az bildirir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən dəstənin Azərbaycandakı üzvlərinə və qanunsuz olaraq odlu silah əldə edib saxlayan şəxslərə qarşı növbəti təxirəsalınmaz əməliyyat tədbirləri həyata keçirilib.
DİN-dən verilən məlumata görə, saxlanılan şəxslərdən 33 kiloqram narkotik vasitə, 2 tapança, 2 avtomat silah, 1 ov tüfəngi, 47 ədəd patron və 3 ədəd patron darağı aşkar edilib. Əməliyyatlar zamanı paytaxt ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Vaqif Novruzov və İsmayıl Piriyev, habelə Şirvan şəhər sakini Ülvi İbrahimov saxlanılıblar. Onlardan ümumilikdə 33 kiloqram narkotik vasitə, o cümlədən, 17 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və 16 kiloqram heroin aşkar edilib. Araşdırma nəticəsində müəyyən edilib ki, Vaqif Novruzov, İsmayıl Piriyev və Ülvi İbrahimov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri satmaq niyyəti ilə qəbul ediblər.
Baş İdarə əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Balakən, Qusar, Sabirabad və Xaçmaz rayonlarında həyata keçirilən əməliyyatlar zamanı qanunsuz olaraq odlu silah əldə edib saxlayan şəxslər – Teymur Nərimanov, Samir Şəkiliyev, Emin Bağıyev, Bəyanət Əsgərov və Eldəniz Fərzəliyev saxlanılıblar. Nəticədə Teymur Nərimanovdan 1 ədəd “Minta-37” markalı tapança, 1 ədəd patron, 1 ədəd patron darağı, Samir Şəkiliyevdən 1 ədəd “Naqan” markalı tapança, Emin Bağıyevdən “AKS-74” markalı avtomat silah, 1 ədəd patron darağı, 27 ədəd patron Bəyanət Əsgərovdan 1 ədəd lüləsi və qundağı kəsilmiş “TOZ” markalı ov tüfəngi, Eldəniz Fərzəliyevdən isə ” Kalaşnikov” markalı avtomat, 19 ədəd patron və 1 sandıqça aşkar olunaraq götürülüb.
Qeyd olunan faktlarla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
İnterval.Az