Düşmən yenə əsl simasını göstərdi

Ermənilər Njde və ya Monte Melkonyan kimi vələddüznalarla terrorçuları “qəhrəman” etməklə yanaşı, nasistlərin qurbanlarının xatirəsinə saymazyana yanaşmaları ilə tanınırlar.

Ermənilər İrəvanda Xolokost qurbanlarının xatirəsinə ucaldılmış abidəni yenə təhqir ediblər.

Onlar İkinci Qarabağ Müharibəsində Azərbaycanın istifadə etdiyi, İsrail istehsalı olan silahların və hərbi texnikanın adlarını qırmızı boya ilə abidəyə yazıblar.

İrəvandakı Beynəlxalq Humanitar İnkişaf İctimai Təşkilatının sədri Sovinar Kostanyan Facebook profilində bununla bağlı yazıb: “Bunu erməninin etdiyinə inanmaq istəmirəm. Fikrimcə, vandalizm aktı Ermənistana düşmən ölkələrin xüsusi xidmət orqanlarının düşünülmüş təxribatıdır. Ermənistandakı yəhudilər də Qarabağdakı 44 günlük savaşda iştirak ediblər. Ermənistan yəhudi icmasının rəhbəri isə İsrailin baş naziri Binyamin Netanyahuya xüsusi məktub yazaraq Azərbaycana silah satışına son qoymağı tələb etmişdi”.

Ermənistan polisi olayla bağlı cinayət işi açıb, istintaqa başlayıb.

Sovinar Kostanyan həmişə olduğu kimi, xəyalını reallıq kimi təqdim etməyə çalışır.

44 günlük İkinci Qarabağ Müharibəsində Ermənistan vətəndaşı olan yəhudilər iştirak etməyiblər.

B.Netanyahuya məktuba gəldikdə isə, həmin “namə”də Ermənistandakı yəhudi icmasının rəhbəri Rimma Varjapetyan əsasən qondarma “erməni soyqırımı”ndan və Azərbaycanın da Ermənistana “hücum etməsi”ndən bəhs etmişdi.

İrəvandakı Xolokost abidəsinin təhqir edilməsini şəhərin meri Ayk Marutyan da pisləyib: “Ümid edirəm ki, hüquq-mühafizə orqanları bu vandalizm aktını törədənləri tapacaqlar”.

Xatırladaq ki, Ermənistan paytaxtındakı bu abidə son bir ildə artıq ikinci dəfədir təhqir olunur. Beynəlxalq təşkilatlar isə Ermənistanda yəhudilərə qarşı dözülməzliyin, antisemitizmin və İsrailə nifrətin sürətlə artdığını deyirlər.

İsraildəki Azərbaycan Evinin rəhbəri Arye Qut olayı şərh edib.

O, Facebook profilində yazıb: “Ermənistanda, faşizmlə neonasizmin çoxdan bəri dövlət ideologiyasına çevrildiyi ölkədə daha bir antisemitizm aktı. İrəvandakı Xolokost abidəsi artıq neçənci dəfədir ki, təhqir olunur.

Biz israillilər İrəvanda beş il əvvəl faşist, antisemit və nasistlərin əlaltısı Qaregin Njdeyə ucaldılmış abidəyə necə reaksiya verməliyik? Bəşəriyyət əleyhinə cinayətlərdə suçlanmış faşist cinayətkarı ölkə qəhrəman elan edə bilərmi? Erməni faşist və antisemit, general Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi Xolokost qurbanlarının xatirələrinin təhqir edilməsidir, biabırçılıqdır. Şəxsən mənim üçün, babasının bütün ailə üzvləri Ukraynada faşistlər tərəfindən məhv edilmiş bir adam üçün İrəvanda Xolokost abidəsinin təhqir edilməsi dözülməz qəlb iztirabıdır.

İrəvandakı Yazıçılar Evində Romen Yepiskoposyanın erməni və rus dillərində çap edilmiş “Milli sistem” kitabının təqdimatını kimsə unutmayıb. Həmin kitabda türklər “qatil millət”, yəhudilərsə “dağıdıcı milət” adlandırılır. “20-ci əsrin ən böyük saxtakarlığı” fəslində isə müəllif tamamən əsassız olaraq “Xolokost uydurmadır” bəyan edir.

Sonra da Ermənistandakı “yəhudi icması”nın bəzi liderləri məni antisemit adlandırırlar…” – Arye Qut yazıb.


Bütün xəbərlər