DYP-də şortik qalmaqalı – polis “olmaz”, vəkil “olar” deyir

Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün imtahana şortikdə gedən kişinin binaya buraxılmaması sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

“Interval.az” xəbər verir ki, texnobloqer Fərid Pərdəşünasın “facebook”da yaydığı məlumata görə, bu yaxınlarda sürücülük vəsiqəsi imtahanı üçün Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) qeydiyyat və imtahan binasına gedib, ödənişi edib imtahan zalına keçmək üçün binaya daxil olanda qapıda dayanan polis onu içəri buraxmayıb.

Bildirib ki, onun içəri buraxılmamasına səbəb isə əynindəki şortikin olması göstərilib:

“Qeyd etdi ki, qanunda olmasa da, rəisin şəxsi qərarı ilə şortikdə gələn oğlanlar binanın həyətinə girə bilməzlər, nəinki imtahana. Bu barədə qanunun olmadığını və DYP saytında hər hansı qeydin olmadığını vurğulayanda, bildirdilər ki, “bunun üçün qərara ehtiyac yoxdur, içəridə ana, bacı var. Bu, ictimai asayişin pozulmasıdır”. İçəridə dar şortik geyinən qızları göstərsəm də, polis qətiyyətlə məni oradan uzaqlaşdırdı. Beləcə qanunda olmadığı halda, dövlət müəssisəsində imtahan vermək hüququmdan istifadə edə bilmədim”.

BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev mətbuata verdiyi açıqlamada bildirib ki, geyimlə bağlı heç yerdə dəqiq qadağa yoxdur.

Anar Mövsümoğlu

Bütün xəbərlər