EAPCA Belçika Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməyə qarşı bəyanatla çıxış edib

İnterval.Az  xəbər verir ki, Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası (EAPCA) 17 iyul 2025-ci il tarixində Belçika Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş qərəzli qətnaməyə qarşı rəsmi bəyanatla çıxış edib.

Şuranın Baş katibi Sahil Qasımovun imzası ilə yayımlanan sənəddə bildirilir ki, Belçika Nümayəndələr Palatasının qətnaməsi Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini təhrif edir, beynəlxalq hüququn əsas prinsiplərinə, xüsusilə də dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə ziddir.

Bəyanatda qeyd olunur ki, bu cür yanaşmalar Avropa təhlükəsizlik sistemində əməkdaşlıq ruhuna və regional sabitliyə ciddi zərbə vurur. Qurum bildirir ki, qəbul edilmiş sənəd reallıqlara əsaslanmır, regionda uzunmüddətli və dayanıqlı sülhün bərqərar olunmasına əngəl yaradır.

Avro-Atlantik coğrafi məkanında fəaliyyət göstərən transmilli lobbi təşkilatı olan EAPCA Belçika Nümayəndələr Palatasını, bütövlükdə Belçika dövlətini Azərbaycan Respublikasının suverenliyinə və Azərbaycan xalqının hüquqlarına hörmətlə yanaşmağa çağırır.

Sonda vurğulanır ki, EAPCA tərəfindən imzalanmış rəsmi bəyanat Belçika Nümayəndələr Palatasına, Belçika Senatına və Belçika Federal Parlamentinə göndərilmişdir.

Zamiq Yunisov
İnterval.Az


Bütün xəbərlər