Ermənistan cəmiyyəti sülh şəraitində yaşaya bilmir SÜLHÜN ƏLDƏ EDİLMƏSİNƏ KİMLƏR MANE OLUR?
Müdriklər deyiblər: “Yola işıq saçan da, yolu zülmətə qərq edən də insanın məqsədidir”. Belə görünür ki, erməni siyasətçilərin, dövlət rəsmilərinin və din xadimlərinin əsas məqsədi öz xalqının yolunu zülmətə doğru yönəltməkdir. Təəssüf ki, havadarları da bu işdə onlara dəstəkçi rolunda çıxış edirlər.
Mülki insanlar və humanitar yüklərin daşınması üçün həmişə açıq olan Laçın-Xankəndi yolu “bağlıdır” deyən Ermənistan rəhbərliyinin və bəzi dövlətlərin rəsmilərinin əsl məqsədi nədir? Azərbaycanın Qarabağ bölgəsində yaşayan 20-25 min erməni əsilli əhalinin humanitar fəlakət qarşısında qalması barədə 2021-ci il dekabrın 12-dən bəri uydurulan və ləyaqət hissini itirmiş bəzi “jurnalistlər” tərəfindən geninə-boluna tirajlanan davamlı erməni nağıllarının yaradılması prosesi son vaxtlar daha da intensivləşmişdir. Bu nağılların uydurulmasında və yayılmasında bəzi dövlətlərin rəsmiləri, həmçinin “ictimai və siyasi xadimlər” də xüsusi canfəşanlıq göstərirlər.
Ermənistan rəhbərliyi də hər dəfə fürsət düşəndə beynəlxalq kürsülərdən Laçın yolunun bağlı olması barədə cəfəng fikir səsləndirirlər. Sonuncu dəfə mayın 25-də Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında da erməni baş nazir Nikol Paşinyan növbəti dəfə Laçın dəhlizinin bağlı olması barədə yalan danışmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev həmin iclasda müdrik diplomatik səriştə nümayiş etdirdi və qarşı tərəfin ittihamını rədd edərək, Laçın-Xankəndi yolunun açıq olduğunu bir daha bəyan etdi və əlavə mesajlarını da lazımi ünvanlara çatdırdı: “Sizin tanıdığınız Ermənistan – Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni millətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir. Hər hansı qərəzsiz insan, təbii ki, bunu görməlidir”.
Təəssüf ki, bu məsələdə qərəzsiz ola bilməyənlər təkcə Ermənistan rəhbərliyi və digər rəsmi şəxsləri deyildir. Onların havadarları da bəlli həqiqəti ya görmürlər, ya da görmək istəmirlər. Azərbaycan öz suveren ərazisində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qurub. Qərəzsiz hər bir insana bəllidir ki, dağlıq hissəsi də daxil olmaqla, Qarabağ bölgəsi beynəlxalq qanunvericiliklə Azərbaycan ərazisi kimi tanınır. Ermənistanın Baş naziri Nikol Paşinyan özü də dəfələrlə bəyan edib ki, Ermənistan Azərbaycanın 86,6 min kvadrat km-lik ərazi bütövlüyünü tanıyıb və bu əraziyə Dağlıq Qarabağ da daxildir. Dünya dövlətləri də bilir ki, keçmiş SSRİ vaxtında Azərbaycanın ərazisi, ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayəti daxil olmaqla, 86.6 min kv.km təşkil etmişdir. Lakin bu faktlar Fransa və bəzi digər dövlətlərin rəsmi şəxsləri üçün yetərli deyildir. Onlar özlərini “ermənidən daha çox erməni” kimi aparır və Qarabağla bağlı hansısa qaranlıq niyyətlərini həyata keçirmək üçün revanşizm və separatizm ideyaları ilə yaşayan separatçı qüvvələrə hərbi və siyasi dəstək vermək və regionu yeni müharibəyə sürükləmək niyyətlərindən əl çəkmək istəmirlər.
Buna görə də Azərbaycan-Ermənistan münasibətlərinə birtərəfli mövqe nümayiş etdirən dövlətlərin, xüsusən də hazırda Avropa İttifaqının (Aİ) sədri olan Fransanın qərəzli mövqeyi Azərbaycan cəmiyyətində heç cür qəbul edilə bilməz. Üstəlik, rəsmi Parisin Cənubi Qafqazla bağlı obyektivlikdən uzaq mövqeyi bütövlükdə Aİ-nın mövqeyi ilə ziddiyyət təşkil edir. Aİ ən azı Azərbaycan dövləti ilə Ermənistan arasında hərtərəfli sülhə nail olmaq üçün tərəflərin görüşlərinin təşkil edilməsində və müsbət nəticələrin əldə olunmasında maraqlı olduğunu göstərir və bunun üçün müəyyən addımlar atır. Xüsusən də Aİ Şurasının Prezidenti Şarl Mişelin bu yöndə çabaları müsbət qarşılanır.
Fransa rəsmilərinin isə Ermənistanın haqsız mövqeyini müdafiə etməsi və Azərbaycana qarşı aparılan yalan və qərəzə əsaslanan aqressiv siyasətin önündə getməsi, eyni zamanda Ermənistana öldürücü silahlar ötürmək planı bölgədə sülhün və sabitliyin təmin edilməsinə xidmət etmir. Xüsusən də Azərbaycan və Ermənistan arasında Laçın dövlət sərhədində nəzarət-buraxılış məntəqəsinin yaradılmasına münasibətdə Fransa rəsmilərinin sərgilədikləri mövqe heç bir beynəlxalq qanunla uzlaşmır. Fransa Prezidenti Emmanuel Makronun və Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın Laçın yolunda qurulmuş nəzarət-buraxılış məntəqəsinin yaradılmasına etiraz bildirməsi, (açıq-Nİ) yolun açılmasını və maneəsiz hərəkətin təmin olunmasını tələb etməsi təəccüb doğurur. Əvvəlcədən onların özlərinə də bəllidir ki, bu yol Qarabağda yaşayan mülki insanlar və humanitar yüklərin daşınması üçün açıqdır.
Bəs onda sual doğur, Emmanuel Makron və Ketrin Kolonna daha kimlər və nələr üçün yolun açıq və maneəsiz saxlanmasını istəyirlər? Axı onlar bilməmiş deyillər ki, son iki il yarım ərzində 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, həmin yolla Azərbaycan ərazisinə çoxsaylı cinayətlər törətmiş insanlar keçirdilər, hələ də Azərbaycan ərazisində qalmaqda davam edən 10 mindən artıq erməni silahlı qüvvələri üçün silah-sursat, mina, canlı qüvvə daşınırdı. Hətta bəzi məlumatlara görə, Laçın-Xankəndi yolu ilə uzun illər planlı şəkildə narkotik vasitələr də daşınırmış və separatçı rejim və onların rəhbərləri, o cümlədən, hərbi canilər Arutyunyan, Sərkisyan və Köçəryan bundan milyonlarla dollar məbləğində qazanc əldə edirmişlər. Məgər Fransa rəsmiləri bunları bilmirlər?
İnandırıcı olmasa da belə çıxır ki, ya Emmanuel Makron və Ketrin Kolonna bu məsələlər barədə dərin məlumatlı deyillər, yaxud ətraflarında olan əməkdaşların verdikləri yalan məlumatlar əsasında Azərbaycanı ittiham etməyə çalışırlar. Ya da bunu hansısa qaranlıq məqsədlər üçün edirlər. Yoxsa məşhur “Məşədi İbad” filmindəki ritorik sualı bir balaca redaktə etməklə burada xatırlatmaq yerinə düşər: bu ermənilərin nəyinə və harasına aşiq olublar ki, onlar üçün bu qədər canfəşanlıq edirlər?!
Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanata zidd olaraq davamlı və sistemli şəkildə qanunsuz məqsədlər üçün istifadə etdiyini, o cümlədən Qarabağ bölgəsinə müxtəlif növ silah-sursat və minalar, həmçinin hələ də burada qalan erməni silahlı birləşmələrini gücləndirmək üçün canlı qüvvə daşıdığını və bundan qaynaqlanan təhlükəsizlik təhdidlərini nəzərə alaraq, Azərbaycan dövləti Azərbaycan və Ermənistan arasında sərhəddə nəzarətin təmin edilməsi məqsədilə beynəlxalq qaydalara uyğun olaraq 23 aprel 2023-cü il tarixdə müvafiq tədbirlər həyata keçirmişdir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistanla şərti sərhəddə yerləşən Laçın rayonu ərazisində sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması barədə bəyanat yaymış və bunun ardınca Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 3 may 2023-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Laçın dövlət sərhədində buraxılış məntəqəsinin yaradılması tam rəsmiləşdirilmişdir.
Beləliklə, Azərbaycan dövləti Azərbaycan-Ermənistan sərhədində Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurmaqla ölkəmizin təhlükəsizliyinə və ərazi bütövlüyünə qarşı olan təhdidlərin aradan qaldırılması istiqamətində çox vacib addım atdı. Bununla: a) Qarabağda yuva qurmuş terrorçuların, cinayətkar, yaşadığı dövlətə qarşı çıxan separatçı ünsürlərin fəaliyyəti məhdudlaşdırıldı; b) Azərbaycan ərazisinə Ermənistandan silah-sursat və minaların daşınmasının, həmçinin, müxtəlif ölkələrin vətəndaşlarının Qarabağa maneəsiz gəlib-getməsinin və burada təxribat əməlləri törətməsinin qarşısı alındı; c) Azərbaycana məxsus təbii sərvətlərin talanması və Ermənistana daşınmasının qabağı kəsildi; d) ekoloji tarazlığın pozulması üzrə əməllər dayandırıldı; e) sərhədimizin nəzarətsiz qalmış həmin hissəsində suverenliyimiz tam bərpa olundu.
Son hadisələri təhlil edəndə görünən odur ki, Azərbaycanın atdığı bütün addımlar beynəlxalq hüquqa tam uyğundur. Azərbaycan öz dövlət sərhədində sərhəd nəzarət-buraxılış məntəqəsi qurub və ölkəmizin ərazisinə daxil olan şəxslərin və yüklərin yoxlanmasını həyata keçirir. Xankəndində yaşayan ermənilər də artıq bu reallığı qəbul etmişlər.
Lakin Azərbaycanın atdığı bu addımlar Ermənistandan daha çox onların havadarlarının, o cümlədən artıq qeyd qeyd etdiyimiz Fransanın və bir neçə digər dövlətin rəsmi şəxslərinin xoşuna gəlmir. Onlar iddia edirlər ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Laçın rayonu ərazisində sərhəd nəzarət-buraxılış məntəqəsinin qurulması qanunsuzdur. Amma soruşsan ki, hansı beynəlxalq və ya milli qanuna görə Azərbaycan öz dövlət sərhədində nəzarət-buraxılış məntəqəsi qura bilməz, cavab olmayacaq. Bir qrup rəsmi şəxslər isə bunun 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatda nəzərdə tutulmadığını bəyan edirlər. Xüsusən də iddialarını əsaslandırmaq üçün sözügedən Bəyanatın 6-cı bəndinə istinad edirlər.
Bəyanatın 6-cı bəndinə əsasən, Azərbaycanın birinci öhdəliyi ondan ibarətdir ki, növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutu inşa edib istifadəyə verəcək və həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingenti oraya yerdəyişmə edəcək.
Azərbaycan bu öhdəliyini ən qısa müddətdə tam yerinə yetirmişdir. Belə ki, Azərbaycanın Qarabağ bölgəsi ilə Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutu tam inşa olunmuş, istifadəyə verilmiş, Rusiya sülhməramlı kontingenti həmin marşruta köçürülmüşdür. Hazırda Laçın-Xankəndi yolu açıqdır və vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkəti Rusiya sülhməramlı kontingentinin mühafizəsi altında həyata keçirilir. Yolun bağlı olması barədə hər hansı iddianın da heç bir əsası yoxdur.
Azərbaycan Bəyanatın 6-cı bəndi üzrə digər öhdəliyinə görə “Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”. Təhlükəsizlik zəmanətinin verilməsi və təmin edilməsi mütləq qaydada Ermənistanla sərhəddə tam nəzarətin təmin edilməsini və bunun üçün müvafiq strukturların bölmələrinin Laçın younun başlanğıcında yerləşdirilməsini tələb edir. Həmin öhdəliyi şərh edən bəzi “siyasi xadimlərin və dövlət rəsmilərinin” iddialarının əksinə olaraq, burada söhbət vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin Azərbaycan ərazisinə maneəsiz (?) daxil olmasından yox, yalnız yol boyu hərəkətə təhlükəsizlik zəmanətinin verilməsindən gedir. Bu zəmanəti isə yalnız müəyyən nəzarət tədbirlərini həyata keçirməklə təmin etmək mümkündür. Əks halda Ermənistanın təxribatçı qrupları öz əməllərini davam etdirəcəklər. Üç gün öncə onların sərhədi pozmaq cəhdi də buna növbəti sübutdur. Burada aydın olmayan nə var ki?!
Birincisi, Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanətinin ən təsirli nümunəsi Azərbaycan dövlətinin Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı şərti sərhəddə yaratdığı nəzarət-buraxılış məntəqəsidir. Bu məntəqənin qurulması Azərbaycanın Qarabağ bölgəsində yaşayan etnik ermənilərlə Ermənistan arasında rabitə yaradılmasına heç bir maneə törətmir. Ermənilər həmin yoldan nəzarət mexanizminin tələbləri çərçivəsində sərbəst şəkildə istifadə edirlər, narazılıqları da yoxdur. Təbii ki, burada söhbət erməni əsilli Azərbaycan vətəndaşlarından gedir. Digər ölkələrin vətəndaşlarına münasibətdə isə ölkənin qanunlarına uyğun olaraq başqa rejim tətbiq olunur. Bir sözlə, Azərbaycan öz sərhədini qoruyur. Sərhəddən Azərbaycan ərazisinə daxil olan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin sonrakı hərəkəti isə Rusiya sülhməramlıların nəzarəti altında həyata keçirilir. Rəsmi Bakı da ən yüksək səviyyədə dəfələrlə bəyan edib ki, Qarabağda yaşayan ermənilər (sonradan süni şəkildə məskunlaşdırılan ermənilər istisna olmaqla) Azərbaycan vətəndaşlarıdır və onlar da Azərbaycan Konstitusiyası ilə müəyyən edilmiş hüquq və öhdəliklərə malikdirlər. Buna görə də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə nəzarət-buraxılış və gömrük məntəqəsi qurulmasının 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın müddəalarına zidd olması barədə iddiaların heç bir məntiqi və hüquqi əsası yoxdur. Məgər Azərbaycan öz sərhədlərini cinayətkar ünsürlər üçün, silah-sursat və mina daşınması üçün açıq saxlamalıdır? Bunu mübahisə obyektinə çevirənlərin məqsədi nədir?
İkincisi, Üçtərəfli bəyanatın mətnində yazılmayıb və Azərbaycan da öhdəlik götürməyib ki, Qarabağda yaşayan 20-25 min erməni əsilli əhalinin “ərköyünlüyünə” görə Azərbaycan öz sərhədini qorumalı deyil. Son bir neçə ayda azərbaycanlı ekofəalların keçirdikləri aksiyalar, eləcə də Azərbaycan ordusunun elektron müşahidə vasitələri ilə monitorinqləri zamanı ermənilərin və onların havadarlarının hansı hoqqalardan çıxdığı bəllidir. Ermənistan tərəfinin Üçtərəfli bəyanata məhəl qoymadan Laçın dəhlizi vasitəsilə hərbi yüklər daşımasının, Qarabağ ərazisində təminat yollarını minalamasının, çoxsaylı təxribatlar törətməsinin məqsədi burada Azərbaycan dövlətinin apardığı genişmiqyaslı dinc quruculuq və bərpa işlərinə və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmasına maneçilik törətmək olmuşdur. Bütün bunların kökündə duran isə ilk növbədə sərhədimizin həmin hisəsinin uzun müddət nəzarətsiz qalması idi. Nəzarət – buraxılış məntəqəsi qurmaqla dövlətimiz bu məsələni birdəfəlik həll etdi.
Nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaq istəyən erməni əsilli əhalinin əksəriyyəti üçün də geniş imkanlar açmışdır. Çoxsaylı mülki ermənilər müraciət edərək Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini bildirirlər. Lakin arutyunyan, babayan, köçəryan, sarqsyan kimi əlləri qana bulaşmış cinayətkarlar onları daim təhdid edərək qorxu içində saxlayırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində dediyi kimi: “… bu zəlilər, bu yırtıcı heyvanlar, separatçılar qoymurlar” ki, Qarabağda yaşayan erməni icması Azərbaycan cəmiyyətinə inteqrasiya olunsun. Bu “Separatçı təlxəklər toplusu bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz”. Düşünürəm ki, “Separatçı təlxəklər toplusu” lap yaxın zamanlarda layiqli cəzasını alacaq və Qarabağda yaşayan etnik erməni azlığı dinc şəraitdə yaşaya biləcək.
Üçüncüsü, ölkəmizin ərazisində ən yüksək qanunvericilik aktı Azərbaycan Respublikasının Konstitusiyasıdır və istənilən digər hüquqi akt, o cümlədən, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanat tətbiq edilərkən onun müddəaları nəzərə alınmalıdır. Konstitusiyada Azərbaycan xalqının bəyan etdiyi əsas niyyətlərdən biri “Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq”dır. Konstitusiyanın 11-ci maddəsinin l hissəsi də sərt və imperativ çərçivə müəyyən etmişdir: “Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir”. Dövlət başçımız da bütün platformalarda məhz bu mövqedən çıxış edir. Ona görə də sərhədlərimizin qorunmasına, onun istənilən nöqtəsində sərhəd-buraxılış məntəqəsinin qurulmasına, etnik milli azlıqların hüquqlarının qorunmasına münasibətdə Azərbaycan dövlətinə qarşı hər hansı bir fərqli iddia, fikir və ya sənədin əsası yoxdur. Digər tərəfdən, Üçtərəfli bəyanat, eləcə də ondan sonrakı digər sənədlər ölkəmizin ərazi bütövlüyünün tanınması və hərtərəfli sülh haqqında saziş deyildir və alternativi olmayan sənədlər kimi qəbul edilə bilməz. Bu sənədlər tərəflərin müharibədən sonrakı vəziyyətdə hərtərəfli sülhün əldə edilməsi, o cümlədən sərhədlərin delimitasiyası və demarkasiyası üzrə işlərə başlamağa hazır olmaları barədə niyyətlərini təsdiq edir. Üstəlik də, nəzərə alaq ki, Üçtərəfli bəyanatın digər iki tərəfi öz öhdəliklərini, xüsusən də 4-cü bəndini yerinə yetirmir.
Üçtərəfli bəyanatın 4-cü bəndi hansı öhdəliyi müəyyən edib? Bəyanatın 4-cü bəndinə əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməlidir. Lakin həmin öhdəlik bu günədək yerinə yetirilmədiyinə görə erməni silahlı qüvvələri Azərbaycan ərazisində qalmaqda davam edir və seperatçılarla birlikdə Xankəndində yaşayan erməniləri bir növ girovluqda saxlayırlar.
Dövlət başçımız bəyan etmişdir ki, Xankəndində yaşayan ermənilər bizim vətəndaşlarımızdır və onların təhlükəsizliyinin təmin edilməsi bizim dövlətin vəzifəsidir. Lakin görünən odur ki, hazırda orada yuva salmış cinayətkar separatçıların və erməni silahlı dəstələrinin fəaliyyətinə son qoyulmadan sabitlik və əmin-amanlığın təmin edilməsi mümkün olmayacaq. Buna görə də yaxın vaxtlarda onların bu bölgədən çıxarılması labüddür. Bunu dövlətimizin xarici işlər naziri Ceyhun Bayramov mətbuat konfransında bir daha bəyan etmişdir: “qanunsuz erməni silahlı birləşmələrin Qarabağdan çıxarılması ilə bağlı mövqeyimiz konkretdir”. Rusiyanın da bununla bağlı mövqeyi bəllidir. Moskva açıq şəkildə bildirir ki, “erməni qoşunların çıxarılması Emənistanın öhdəliyidir”. Ermənistan isə bu öhdəliyinə əməl etmək istəmir. Erməni silahlı dəstələrinin bölgədə qalması isə Üçtərəfli bəyanatla müəyyən edilmiş öhdəliyin yerinə yetirilməsinə maneə törədir.
Son vaxtlar Xankəndində “erməni xalqının müdafiəçiləri”nin aktivliyinin artması da narahatlıq doğuran məqamlardandır və onlara qarşı müvafiq tədbirlərin görülməsini zəruri edir. Bu aktivliyin fonunda seperatçıların sırasına yeni qoşulmuş Ruben Vardanyan Xankəndində yaşayan erməniləri silahlı qarşıdurmaya çağırmaqla bütün sərhədləri aşmışdır. Məgər Rusiyada çirkli pulların yuyulması ilə milyonlar qazanan və öz sərvətini qorumaq üçün “vətənpərvər cildinə” girərək Rusiyadan qaçıb Qarabağa sığınan, buradakı faydalı qazıntı yataqlarını istismar etmək məqsədi güdərək yerli etnik erməniləri öz maraqları naminə qarşıdurmaya və müharibəyə çağıran Ruben Vardanyanın Xankəndinə nə üçün gəldiyi bəlli deyil?! Vardanyanın azərbaycanlılarla ermənilərin gələcək münasibətlər sistemində yeri yoxdur. Onu erməni xalqının gələcəyi yox, özünün şəxsi maraqları, o cümlədən Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan faydalı qazıntı yataqlarını talan etmək və Qarabagdan cıxarmaq maraqlandırır. Onun ötən il Xankəndində keçirilən mitinqdə bəyan etdiyi fikirlər Azərbaycanın ərazi bütövlüyünə təhdidir: “Bizim 3 yolumuz var: Azərbaycana inteqrasiya, ayrılmaq və ya döyüşmək. Mən qərarımı sentyabrın 2-də verdim, buradayam, döyüşürəm, getməyəcəyəm və Azərbaycanın tələblərinə tabe olmayacağam”. Bu gün də Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edən Vardanyanın beynəlxalq axtarışa verilməsi və həbs olunmasının zamanı çatmışdır.
Azərbaycanın haqlı mövqeyinə qarşı çıxanlar 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın 9-cu bəndi üzrə müəyyən edilmiş öhdəlikləri ümumiyyətlə müzakirə obyektindən çıxarmağa çalışırlar.
10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın 9-cu bəndi hansı öhdəliyi müəyyən edib? Üçtərəfli bəyanatın 9-cu bəndinə görə: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin (!-Nİ) təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”. Ermənistan bu bənd üzrə üzərinə götürdüyü öhdəliyi nəinki yerinə yetirmək, heç xatırlamaq belə istəmir. Erməni rəsmiləri və siyasətçiləri Ermənistan ərazisindən Zəngəzur dəhlizi vasitəsi ilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən sərbəst və maneəsiz yolun açılmasını öz dövlətlərinin suverenliyinə təhdid kimi qiymətləndirir və bunu istisna edirlər. Azərbaycan ərazisində ermənilər üçün maneəsiz dəhlizin olmasını isə Azərbaycan dövlətinin ərazi bütövlüyünə və suverenliyinə təhdid hesab etmirlər. Təəssüf ki, Ermənistanın havadarları da belə düşünürlər. Bu cür düşüncə sahibləri olan siyasətçilər və dövlət rəsmilərinin hansı beynəlxalq hüquqa, hansı məntiqə əsaslandığını başa düşmək normal təfəkkürlü insanlar üçün, əlbəttə, çox çətindir. Yeri gəlmişkən, bu öhdəliyin yerinə yetirilmədiyi Fransa rəsmilərinin, həmçinin Ermənistanın daha bir havadarının – NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenin də yadına düşmür. Belə təsəvvür yaranır ki, onların Azərbaycanın Naxçıvan bölgəsində blokada şəraitində yaşayan azərbaycanlılar barədə məlumatları yoxdur. Belədirsə, yadlarına salmağı lazım bilirik.
Yekun olaraq qeyd etmək lazımdır ki, Azərbaycan dövləti ən yüksək səviyyədə dəfələrlə hazırda Xankəndində yaşayan və Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaga hazır olan erməni əsili insanların Azərbaycan Konstitusiyası ilə müəyyən edilmiş hüquq və vəzifələrdən tam qaydada istifadə etməsi üçün lazımi şərait yaradıldığını bəyan etmişdir. Bu isə o deməkdir ki, ermənilər mədəni, təhsil, dil və s. hüquqlarını Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi reallaşdıra bilərlər.
O ki qaldı vaxtilə azərbaycanlı əhaliyə qarşı cinayətlər törətmiş bir qrup faşist təfəkürlü cinayətkar və kriminal dəstəyə, onlar hələ də hansısa illüziyalara qapılaraq nəyəsə ümid edirlər. Başa düşmək istəmirlər ki, xam xəyalların zamanı artıq keçmişdir. Həmin cinayətkar qrup ya Azərbaycan ərazisindən rədd olub getməli, ya da layiqli cəzasını alıb sonra insan kimi yaşamağı öyrənməlidir. Başqa alternativ yoxdur.
Natiq İsayev
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
İnterval.Az