Heydər Əliyevin bir günü: 12 yanvar 1979-cu il. Ağdam-Xankəndi dəmir yolunun açılışı – FOTO
#HEYDƏR ƏLİYEV - 100
Interval.Az və MHUIB ümummilli liderin 100 illiyinə həsr olunmuş “Heydər Əliyevin bir günü” adlı xüsusi layihə başladır. Ümummilli liderin görüşləri, danışıqları, səfərləri və sərəncamları ölkəmizin formalaşmasında və inkişafında həlledici rol oynayıb. Oxucularımıza ümummilli liderin Azərbaycan tarixindəki rəhbərlik fəaliyyətinin vacib məqamlarını gündəlik xronikada bizimlə birgə yada salmağı təklif edirik.
12 yanvar 1979-cu il. Heydər Əliyev Ağdam-Xankəndi dəmir yolu xəttinin və eyniadlı stansiyanın açılışında iştirak edib. Dəmir yolunun uzunluğu 26 km-dən çox olan hissəsi Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycanın qalan şəhərləri ilə birləşdirdi ki, bu da nəinki maddi-texniki təchizatı yaxşılaşdırmağa, həm də regionun iqtisadi göstəricilərinin əhəmiyyətli dərəcədə artmasına nail olmağa imkan verdi – məsələn, xammalın tədarükü və məhsulların daşınması xərclərinin aşağı düşməsi səbəbindən Qarabağda istehsal olunan məhsulların maya dəyəri xeyli aşağı düşdü. Bu da məhz ümummilli liderin səyləri nəticəsində əldə olunmuşdu.
Üç il sonra Şuşada Vaqif məqbərəsinin açılışında çıxış edən Heydər Əliyev bu addımların Qarabağ bölgəsinin inkişafına verdiyi ən mühüm töhfə olduğunu vurğuladı. “Bu gün görüşümüzdə çıxış edənlər Xankəndiyə gələn dəmir yolundan, qaz kəmərindən minnətdarlıqla danışdılar. Yadımdadır, 1971-ci ildə mən rayon partiya konfransının işində iştirak edəndə bu həyati əhəmiyyətli obyektlərin tikintisi həlledilməz problem kimi danışılırdı. İndi isə bu reallıqdır”, – deyə ümummilli lider vurğulayıb.
Zamiq Yunisov
Nərmin Cabbarova
Interval.Az