İlham Əliyev cəmiyyətə yenilik təklif edir

Prezident DTX və XKX

Hakimiyət bəzən barmaqda olarkən qüvvədə qalan sehrli üzük kimidir: o üzükdən faydalananlar əbədi, qüdrətli, hakimi-mütləq olduqlarını düşünürlər. Lakin unudurlar ki, onların öndə saydıqlarını xalq arxada bilir.

Postsovet məkanında isə tam paradokslar da yaşanıb: psixopatların hakimiyyəti ələ keçirməsi nəticəsində kütlədə də kollektiv şüur psixoza qapılıb. Səbəb bəsitdir: qanunsuz hakimiyyət həmişə istibdada, despotiyaya meylli olur.

Belə hakimiyyət bütün hallarda demokratiya, insan haqları, azad seçkilər, vətəndaş azadlıqları və s. kimi ibarələrlə pərdələnərək müstəbid xislətini, istibdad ruhunu gizlətməyə çalışır.

“Hamının hakimiyyəti” kimi qələmə verilən libertarian yalanlarını kütləyə sızdıraraq həmin kütlənin aldadılması nəticəsində idarəetməyə yiyələnənlər “hamı”nı təmsil etdikləri üçün heç kimə cavabdeh olmurlar.

Hamının və heç kəsin hakimiyyətindən fərqli olaraq vətəndaşların, xalqın taleyinə və yaşamına, indisinə və gələcəyinə məsuliyyət hissi duyan şəxsin hakimiyyəti bütün hallarda Şəxsiyyət Hakimiyyəti olur.

“Hakimiyyətdə şəxsiyyətin rolu və yeri” ilə bağlı əsrlərdən bəri davam edən mübahisələr də artıq səngiməkdədir, çünki “qızıl milyard” fəlsəfəsini yeganə dürüst və bir qədər də praqmatik hesab edən Qərb belə, Şəxsiyyətin idarəetməsini məqbul variant sayıb.

“Narıncı inqilab”lar və “küçə qiyamları” vasitəsilə hakimiyyətə gətirilənlərin marionet, onların arxasında duranlarınsa insan haqları və açıq cəmiyyət prinsiplərindən danışanları maliyyələşdirərək idarə edən plutokratiya olduğu bəlli.

Postsovet məkanında belə nepotist və plutokrat qüvvələrin oyunlarını dağıdan, qurulmuş kart evləri puç edən Şəxsiyyətlər var.

Onların sırasında İlham Əliyev xüsusi, hətta əlahiddə yer tutur.

Ssenariləri alt-üst edərək yarımçıq qoyan Ssenarist olduğuna görə.

Klassik idarəetmənin Makiavelli ehkamlarından bəri gələn və hələ də işlək olan (əfsuslar) məqamı var: “Hakimiyyət kütləvi inamın ona ayırdığı yerdədir”.

Amma reallıq bu ki, belə hakimiyyət şikəstdir, anormaldır, qüsurludur, saxtadır. O tələdir, divardakı kölgədir. Çünki çox cılız insan belə işıqlandırmanın uyğun qurulduğu zaman divara böyük kölgə sala bilir.

Məsələn, Nikol Paşinyan kimi.

Ermənistanın baş naziri intellekt, fəhm, məntiq və etikat baxımından səviyyəsi plintusdan aşağı olan cılız insan, Çexovun “Şinel” əsərindəki Akakiy Akakiyeviçin çağdaş avatarıdır.

Amma nə olsun: bu cılızı səhnəyə çıxaran rejissor usta qrimçilər, montajçılar, xoreoqraflar, ən əsası isə sofitlərin işıqlarının məqsədli yönləndirilməsi sayəsində Paşinyanı ermənilərə demokrat, açıq fikirli insan, xalqın nicatı kimi sırıya bildilər.

İkinci Qarabağ Müharibəsində tam kapitulyasiyaya uğrayan Ermənistanda məğlubiyyətə və bərbad idarəetməyə rəğmən ikinci dəfə hakimiyyətə seçilən adamın yaratdığı “Paşinyan fenomeni”nin sirri çox sadədir.

Ermənilər artıq erməni kimi yox, normal insan kimi yaşamaq istəyirlər.

Onlar “Qarabağ münaqişəsi”nin, qondarma “erməni soyqırımı”nın gələcəyə irəliləyişə imkan verməyən yük, pis ballast olduğunu anlayırlar.

“Ya bu idefikslərlə indiki yaşamın davamı, ya normal həyat” seçimi qarşısında qalan ermənilər ən pislər arasında nisbətən az murdarı – Nikol Paşinyanı seçdilər.

Postsovet məkanı ölkələrinin tam əksəriyyətində kütlə belə seçim qarşısında qalıb, demokratiya adı ilə ya kriminal oliqopoliyanın, ya da oxlokoratiyanın hakimiyyətinə razılaşıb.

Azərbaycan tam fərqli yol seçib.

İlham Əliyev ölkədə meritokratiyanı, yəni ağıllı və ən başlıcası, tutduğu posta layiq insanların hakimiyyəti formalaşdırır.

Azərbaycanın dövlət başçısının gənclərlə görüşündəki çıxışı, onun dedikləri yaxın və uzaq keçmişə ekskurs, çağdaş durumun dəyərləndirilməsi, etnosun və dövlətin perspektivlərinin dəyərləndirilməsi, hakimiyyətin orta və uzun müddətli planlarından bəhsetmə, ən mühümü isə Azərbaycanda dövlətlə vətəndaş arasındakı münasibətlərin taktiki, strateji təhlili idi.

İlham Əliyev yeni formasiyanın yenilikçi və yeniləyən lideri olduğunu bir daha verbal, vizual və konseptual olaraq göstərdi.

Bütün dövrlərdə bütün məkanların hərəkətverici qüvvəsi olmuş gənclərin enerjisinin yönləndirilməsi önəmli məsələdir.

1917-ci ildəki fevral inqilabı, 1968-ci ildəki Latın Məhəlləsi hərəkatı bariz göstərdi ki, anarxosindikalizmə yönləndirilən gənclər sonradan kleptokratları hakimiyyətə gətirir, despotiyanın formalaşmasına özləri də bilmədən və istəmədən rəvac verirlər.

İndisə, 2022-ci ildə gənclərdən faydalanmaq istəyən mənhus və mürtəce xislətli şəxslərdən ibarət qüvvələr inkişaf etməkdə olan ölkələri idarə etməyə çalışırlar.

Burundi və Liberiyada gənclərin şüurlarını şüarlarla zəhərləyərək istəklərinə çatanlar barədə yerli əhalinin bir deyimi var: “Onlar torpağımıza əllərində demokratiya barədə kitablarla gəldilər. Dediklərinə aldandıq. Nəticədə indi onların əllərində torpağımız, bizim əllərimizdə isə o kitablar var, sadəcə”.

Azərbaycanı da həmin ölkələrə döndərmək, zahiri parlaq, səslənişi cazibədar ifadələrdən ibarət “fəaliyyət planı” adlanan çevriliş və qiyam ssenariləri vasitəsilə hakimiyyət dəyişiklikliyinə nail olmağa çalışan qüvvələr olub, var və olacaq.

İlham Əliyev bu cəhdlərin qarşısını uğurla alır: onun arxasında dövlət başçısına inanan, onu dəstəkləyən və hakimiyyətlə vəhdət formalaşdıran xalq var.

Təbii ki, cəmiyyətdə problemlər mövcuddur. Onların arasında sosiumu ən çox incidənlər rüşvətxorluq, traybalizm, məmur özbaşınalığı və insan hüquqlarının heçə sayılması kimi bəlalardır.

Hakimiyyət bu bəlalara qarşı mübarizə aparır, çünki İlham Əliyev cəmiyyətin istisnasız olaraq bütün tabanları ilə bilavasitə, birbaşa mükalimədə və təmasdadır.

Postsovet ölkələrinin total əksəriyyətindən fərqli olaraq Azərbaycanda indi hakimiyyətlə xalq arasında süni moderasiya, məsafə yoxdur.

Dövlət başçısı dövlətin içində, vətəndaşın yanındadır və onlar yanaşıdır.

Bütün bunlar İlham Əliyevin siyasi innovasiyalara əsaslanan idarəetmə sistemi, hakimiyyətlə siyasi rejimin keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi üçün dəyişdirilməsidir.

Dəyişikliklərin, islahatların təşəbbüskarı cəmiyyətdəki novator hərəkat, nomenklatur düşərgəsi və ya müxalifət deyil.

İnkişaf etmiş, sivil dövlətlərdə ölkə müxalifətinin sosial sifarişlərə əsaslanaraq hakimiyyət qarşısında qoyduğu tələbləri, səsləndirdiyi şərtləri İlham Əliyevin özü deyir və ilk baxışdan mühafizəkarlara paradoks təsiri bağışlasa da, özü edir.

Onun idarəetmə sistemi çevik, mütəhərrik, paternalist olmaqla yanaşı, effektivdir, çünki cəmiyyətlə hakimiyyət arasındakı təmaslar təmərküzləşmə və mərkəzəqaçma qüvvələrinə əsaslanan əlaqələr formatındadır.

İlham Əliyev idarəetmənin daha effektiv menecmentə əsaslanan modelə çevrilməsi üçün əvvəlki sistemin əsaslarının sökülərək bazisdən yenidən qurulmasına yox, təkamülə üstünlük verdi. Əks təqdirdə cəmiyyətin sosial modelinin yenilənməsi ciddi problemlərlə müşayiət oluna bilərdi.

Siyasi-sosial təkamül prosesində hakimiyyətdəki oliqopoliyanın kökü qazıldı, yüksək vəzifələrdə olmalarına rəğmən “beşinci kolon” funksiyasını yerinə yetirərək ayrı-ayrı dövlətlərin maraqlarının təmsilçiləri olan məmurlar sıra ilə işdən kənarlaşdırıldılar, Ramiz Mehdiyev kimi retroqradın qurduğu sxem dağıdıldı.

2019-cu ildə daha geniş vüsət alan bu proseslər hakimiyyətlə cəmiyyət arasında sosial müqavilə olmaqla yanaşı, real nəticələrini çox gözlətmədi.

İkinci Qarabağ Müharibəsindəki qələbəmiz, bu Zəfərimiz də əslində bəhs etdiyimiz islahatların məntiqi nəticəsi sayıla bilər.

Milli Məclisə parlamentarizm ruhu qaytarıldı, ölkənin mass-mediası partokrat idarəetmədən və bolşevik rəhbərlikdən qurtuldu, iqtisadiyyatın qeyri-neft sektorunun sürətli inkişafı başlandı, vətəndaşın hakimiyyətə etibarı dəfələrlə artdı, ölkədə dördüncü sənaye inqilabının şərtləndirdiyi çağırışların cavabları formalaşdı.

Azərbaycanda indi texnokratizmə əsaslanan idarəetmə sistemidir və bu, Deniel Bellin 50 il əvvəl yazdığı kimi, bürokratiyanın əngəllərini aradan qaldıraraq cəmiyyətin sağlam, işlək sosial strukturunu formalaşdırmağa imkan verir.

Önəmli olan digər məqamsa odur ki, İlham Əliyevin yürütdüyü kadr siyasəti meritokratiyanın əsas problemi olan bacarıqların universal bəlirlənməsinin yoxluğu problemini də həll etməyə imkan verir.

Məhz bu səbəbdən amerikalı Kristofer Heyzin illər əvvəl xəbərdarlıq etdiyi “meritokratiyanın dəmir qanunu” təki fəsad, yəni sosial çevikliklə mobilliyin ahağı düşməsi sindromu Azərbaycanla yaşanmır.

Və məhz İlham Əliyev ölkəni hədəfə alan müxtəlif qurumlar, strukturlar, fondlar və dövlətlərin fəaliyyətinin məzmununu gənclərə çatdırır, onları Vətən, millət və dövlət uğrunda çalışmağa, bütün sınaqlardan şərəflə keçməyə çağırır.

Bu, ölkəni yeniləyən, dəyişən və inkişaf etdirən liderin çağırışıdır.

Interval.Az


Bütün xəbərlər