İlham Əliyev Tokayevə məktub göndərdi
İlham Əliyev Tokayevə məktub göndərdi
Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayevə təbrik məktubu göndərib.
Interval.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli Kasım-Jomart Kemeleviç.
“Nur Otan” Partiyasının sədri seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Bizim dost ölkələrimiz arasında münasibətlər bu gün uğurla inkişaf edir, birgə layihələr fəal surətdə həyata keçirilir. Biz Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı maraq doğuran bütün istiqamətlər üzrə əməkdaşlığı bundan sonra da dərinləşdirmək əzmindəyik.
Azərbaycanın və Qazaxıstanın hakim partiyaları – Yeni Azərbaycan Partiyası və “Nur Otan” partiyası arasında əməkdaşlığın müsbət dinamikasını və fəal dialoqu məmnuniyyətlə qeyd etmək istərdim. Partiyalararası əlaqələr ölkələrimiz arasında ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir.
Əminəm ki, rəhbərlik etdiyimiz partiyalar arasında sıx qarşılıqlı fəaliyyət xalqlarımızın mənafeyi, ölkələrimizin firavanlığı naminə bundan sonra da dinamik inkişaf edəcək və dərinləşəcək.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar, Qazaxıstanın qardaş xalqına isə sülh və firavanlıq arzu edirəm”.
Interval.az