İllik toplantı keçirildi – 2022-ci ilin planları müzakirə edildi
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə illik toplantı keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, toplantıda qonaqlara regiondakı hərbi-təhlükəsizlik məsələləri, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan Qələbədən sonra Azərbaycan Ordusunda aparılan islahatlar, beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində il ərzində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib və 2022-ci ildə planlaşdırılan fəaliyyətlər diqqətə çatdırılıb.
Tədbirdə hərbi attaşelərin sualları cavablandırılıb.
Qonaqlar bu cür tədbirlərin keçirilməsinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib və gələcəkdə də faydalı birgə əməkdaşlığın davam edəcəyinə ümidvar olduqlarını vurğulayıblar.