KOB-ların vahid reyestri haqqında Əsasnamə təsdiq edilib
“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə” təsdiq edilib.
İnterval.Az bildirir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin (bundan sonra – Reyestr) fəaliyyətinin təşkili, saxlanılması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, Reyestrin “Hökumət buludu”nda yerləşdirilməsini; “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, Reyestrin aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti reyestri mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etsin və təhlükəsizlik meyarları üzrə onun monitorinqini həyata keçirməli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birlikdə Reyestrin təhlükəsizliyinin təmin edilməsi məqsədilə digər tədbirlər görməlidir.
Zamiq Yunisov
İnterval.Az