MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxır – YENİLƏNİB

MSK-nın bu gün keçirilən iclasında 123 saylı Kəlbəcər Seçki dairəsindən qeydə alınmış namizəd – Qənbərov Əzizin də şikayətinə baxılıb.

İnterval.Az Trend-ə istinadən bildirir ki, şikayətçi seçki bülletenlərinin topa şəkildə qutulara atılmasını, bir seçicinin bir neçə dəfə səs verməsini və s. öz müraciətində mübahisələndirib: “Şikayətçinin müraciəti araşdırılıb və onun müraciətində qeyd edilən hallar müşahidə edilməyib. Araşdırma zamanı yalnız 16 saylı seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən pozuntular aşkar edilib. Buna görə, 16 saylı seçki məntəqəsində seçkilərin nəticələrinin etibarsız sayılması üçün əsas yaranıb”.

MSK-nın iclasında 123 saylı seçki dairəsi üzrə 1 məntəqədə seçkilərin nəticəsi etibarsız sayılması ilə bağlı qərar qəbul edilib və şikayət qismən təmin edilib.

*  *  *

Mərkəzi Seçki Komissiyasının (MSK) parlament seçkiləri ilə bağlı iclası başlayıb.

İnterval.Az Trend-ə istinadən bildirir ki, iclası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov açıq elan edib.

İclasda əvvəlcə 56 saylı Xaçmaz kənd seçki dairəsi üzrə namizəd Hüseynov Zeyqam Hüseyn oğlunun müraciıtinə baxılıb.

Müraciət haqqında məlumat verən MSK katibi Arifə Muxtarova bildirib ki, əvvəlcə Z.Hüseynovun müraciəti baxılması üçün müvafiq olaraq dairə seçki komissiyasına göndərilib.

O qeyd edib ki, Z.Hüseynov müraciətində bütün dairə üzrə deyil, yalnız həmin dairənin 7 saylı seçki məntəqəsində səsverənin nəticələrini mübahisələndirib. A.Muxtarova bildrib ki, DSK müraciətə baxıb və müvafiq qərar qəbul edib.

Onun sözlərinə görə, DSK Z.Hüseynovun müraciətini əsassız hesab edib: “Z.Hüseynov iddia edib ki, 7 saylı məntəqədə onun nüfuzu böyük olduğu üçün daha yüksək səs toplamalı idi. Lakin DSK ondan bununla bağlı hər hansı bir tutarlı sübut təqdim etməyi tələb etdikdə Z.Hüseynov əsas gətirə bilməyib. DSK araşdırma aparıb və seçki günü həmin məntəqədə seçicilərin iradəsinə təsir edə biləcək hər hansı bir hal aşkar etməyib. Buna görə də DSK Z.Hüseynovun müraciətini əsassız hesab edib və təmin etməyib”.

DSK-nın qərarı MSK tərəfindən qüvvədə saxlanılıb.

*  *  *

Mərkəzi Seçki Komissiyasının (MSK) parlament seçkiləri ilə bağlı iclası başlayıb.

İnterval.Az Trend-ə istinadən xəbər verir ki, iclası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov açıq elan edib.

O qeyd edib ki, iclasda seçkilərlə bağlı müraciətlərə baxılacaq.


Bütün xəbərlər