Musiqimizin şah damarılarından biri kimi möhürünü vurmuş şəxsiyyət – VİDEO – FOTO

Mübariz olmaq məqsədə çatmağın ilk uğuru hesab olunur. Çox mübarizlər olub ki, çalışıdığı sahəsində zirvəni fəth etməyi bacarıb. Bu barədə, uzun-uzadı yazmaq fikrində deyiləm. Amma əbəs yerə diqqəti bu məqaləyə yönəltmək fikrim də yoxdur. Çünki tarixən xalq olaraq çox mübariz olmuşuq və milli sərvətimizlə, milli dəyərlərimizlə, xüsusilə mədəniyyətimizlə dünyaya təsir etməyi bacarmışıq. Bir çox xalqlar bizdən-Azərbaycan mədəniyyətindən təsirlənib. Hazırda qlobal dəyişikliklərin, sivilizasiyaların qarışdığı bir dünyada öz milli ənənələrini qoruyub saxlmaq əlbəttə ki, çox çətin və sözün həqiqi mənasında mübariz tələb edir.

Belə bir çətinliklərin, qarışıqlıqların baş qaldırdığı bir zamanda həyatını sənətinə həsr edən, adı kimi əməlində də mübariz olan və ən əsası milli estrada sənətini yaşadan canlı korifey, Azərbaycan Respublikasının Xalq artisti Mübariz Tağıyevdən söhbət açmaq istəyirəm. Azərbaycan musiqisini sevən və bu xəzinədən qidalanan hər bir şəxs onu yaxşı tanıyır. Çünki sözün həqiqi mənasında Azərbaycan estradasını yaradanlardan biri kimi və birincisi olan Mübariz Tağıyev yaradıcılığı sevilib və sevilir. İfalarıyla təkcə SSRİ-də deyil, dünyanın bir çox ölkələrində də sevilən Mübariz Tağıyev bu gün də musiqimizin şah damarlarından biri kimi möhürünü vurmuş şəxsiyyətdir.

 

Atası Hüseyn Tağıyev kamança ifaçısı, anası Rübabə Babayeva jurnalist olan ailədə dünyaya göz açan Mübariz Tağıyev Sovet Ermənistanında türk ailəsinin çətinliklərini yaşayaraq, musiqiyə, nəğməyə həvəsi tükənməyib. Əksinə, həyatın keşməkeşlərində mübariz olub, istədiyini əldə etməyi bacarıb. O, həm də peşəkar idmanda-üzgüçülüklə qazandığı uğurlarına baxmayaraq, həyatını yalnız musiqiyə həsr edib. Ermənistan Dövlət Orkestrində, 1985-ci ildən isə Azərbaycan Dövlət Teleradio Komitəsində Estrada Simfonik orkestrinin solisti olaraq fəaliyyət göstərən Mübariz Tağıyev, 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar, 2006-cı ildə isə Xalq artisti adına layiq görülüb. 2012-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

Azərbaycanın qədim İrəvan şəhərində anadan olan və ötən gün 72 yaşını (31.01. 1948) qeyd edən Mübariz Tağıyev Azərbaycan kinofilm yaradıcılığında da öz izini qoyan sənət adamlarındandır. Belə ki, “Cin mikrarayonda”, “Bəxt üzüyü”, “Bircəciyim”, Yay günlərinin xəzan yarpaqları” və başqa filmlərdə bu böyük insanın möhtəşəm səsini eşidirik.

Mübariz Tağıyev yaradıcılığının ana xəttini vətənpərlik ruhunda ifa etdiyi mahnılara xüsusi diqqət yetirdiyini şahidi oluruq. Vətən sevgisi sənətçinin yaradıcılğının şah damarı hesab olunur. Ümumiyyətlə, bütün mahnılara elə möhür vurub ki, bu möhürdəki sirri açmaq, onu əvəzləmək başqalarına nəsib olacaq faktor deyil. Güc mübariz olmaqda deyil, güc həmin mübarizliyi məqamında göstərməkdir.

“Analara etibar edin”, “Arzular”, ”Axtarıram səni”, ”Ay aman”, ”Azərbaycan”, ”Azərbaycan”, ”Qalx”, ”Bir Sabah”, ”Bu axşam”, ”El oğlu”, ”Əlvida”, ”Getdiyin o yollar”, ”Han”, ”Hər yaşanan günlərin qədrini bilək”, ”Həsrət yağışı”, ”Heydər ata”, ”Heydər xatirəsinə”, ”İntiqam odu”, ”İşıq”, ”Məhəbbət yaşa baxmır”, ”Neftçilər”, ”Ömür keçir”, ”Polis Akademiyasinin Himni”, ”Prezidentimiz”, ”Qar yağır”, ”Saçlarına gül düzüm”, ”Şəhidlər ölməz”, ”Sən oldun”, ”Səninlə gedəcəyik”, ”Sənsiz qalan sevgi”, ”Sevgilim”, ”Ulu torpaq”, ”Xatirə”, ”Xəyalım mənim”, ”Yan ürəyim”, ”Zəfər nəğməsi”, ”Zəfər zəngi” – bu möhtəşəm sənət əsərləri yalnız Mübariz Tağıyev səsində insan amalına bir başqa duyğu hiss etdirir.

Və bilin ki, “nə qədər sərt olsa dalğalar, qayalara çarpınıb geri dönər”. Geri dönməyən isə zamandır, amma zamanı gələcəyə aparan mədəniyyətdir.

Hər zaman Azərbaycan mədəniyyətinə dəstək olan və bir neçə beynəlxalq layihələrin gerçəkləşməsində xüsusi əməyi olan “Z-Company 2007” şirkəti və onun rəhbəri Zamiq Yunisov, o cümlədən İnterval.Az xəbər portalının kollektivi Xalq Artisti Mübariz Tağıyevi səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı diləyir!

Fuad MƏDƏTOV


Bütün xəbərlər