Ombudsman Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbində olub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı arasında razılaşdırılmış tədbirlər planına müvafiq olaraq, Ombudsman və Aparatın əməkdaşları tərəfindən hərbi hissələrə, hərbi təhsil və tibb müəssisələrinə başçəkmələr müntəzəm qaydada davam etdirilir.

Ombudsman Aparatından  bildirilib ki, Ombudsman Səbinə Əliyeva və Aparatın əməkdaşları Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə mövcud pandemiya tələblərinə əməl etməklə baxış keçiriblər.

Tədbir zamanı Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəhbərliyi tərəfindən Ombudsmana məktəbin yaranma tarixi və fəaliyyəti, tədrisin təşkili, həmçinin Vətən Müharibəsində iştirak edən və təltif olunan Daxili Qoşunların Ali Hərbi Məktəbinin məzunu olan hərbi qulluqçularla bağlı məlumat verilib.

Ombudsman Ali Hərbi Məktəbin tədris korpusuna, kursant yataqxanasına, yeməkxanaya baxış keçirib, kursantlar üçün yaradılmış istirahət və məişət şəraiti ilə tanış olub.
Ombudsman yeməkxana korpusunda olarkən orada işləyən mülki şəxslərlə görüşüb, mövcud şəraitlə maraqlanıb.

Görüş zamanı təhsildə fərqlənən bir sıra kursantlar Ombudsmanın loqosu əks olunmuş xatirə hədiyyələri ilə təltif edilib.

Ombudsman Ali Hərbi Məktəbin rəhbərliyi ilə gələcəkdə qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə edib.


Bütün xəbərlər