Prezident İlham Əliyev: Cənubi Qafqazda yeganə ölkə Azərbaycandır ki, əhali artır və müstəqillik dövründə 3 milyon artıb

Cənubi Qafqazda yeganə ölkə Azərbaycandır ki, əhali artır və müstəqillik dövründə 3 milyon artıb.

İnterval.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edən Prezident İlham Əliyev ASAN könüllüləri ilə görüşündə deyib.

Dövlət başçısı bildirib: “Bildirməliyəm ki, bu, sayca 17-ci “ASAN xidmət” mərkəzidir. Şadam ki, bu mərkəz Kürdəmirdə açılır və kürdəmirli gənclər burada fəaliyyət göstərirlər. “ASAN xidmət” mərkəzlərinin açılışı, eyni zamanda, yüzlərlə iş yerinin yaradılması deməkdir. Mənə verilən məlumata görə, hazırda bütün mərkəzlərdə 4 mindən çox əməkdaş var. Bu mərkəzdə 250-dən çox əməkdaş və 45 könüllü fəaliyyət göstərir. Növbəti mərkəzin məhz Kürdəmirdə fəaliyyətə başlaması da təsadüfi deyil. Kürdəmir çox önəmli və böyük potensiala malik olan rayondur, əhalisi də çoxdur, ölkəmizin demək olar ki, mərkəzində yerləşir. Ona görə regional mərkəz kimi məhz Kürdəmirin seçilməsi hesab edirəm ki, düzgün qərar idi. Bu mərkəz 6 rayonun vətəndaşlarına xidmət göstərəcək. Ancaq Siz də yaxşı bilirsiniz ki, indi istənilən rayon sakini istənilən mərkəzdə istənilən xidməti ala bilər.

Kürdəmir rayonunun inkişafına bundan sonra da diqqət göstəriləcək. Bu gün rayonda bir neçə obyektin açılışında iştirak edirəm, o cümlədən yolun açılışı olub. Kənd yollarının vəziyyəti çox acınacaqlı idi. Son vaxtlar bu sahəyə böyük diqqət göstərildi və yolların 50 faizi yenidən quruldu. Mənə bu gün göstərilən təqdimatdan da məlum oldu ki, yolların əvvəlki vəziyyəti dözülməz idi. Orada heç asfalt da, çınqıl da yox idi, torpaq idi. Yağış yağanda o yollar keçilməz olurdu. İndi biz yolların 50 faizinin təmirinə nail olmuşuq. Ancaq hesab edirəm ki, dördüncü regional inkişaf proqramının 2023-cü ildə başa çatması nəticəsində Kürdəmir rayonunda bir dənə də təmirsiz yol qalmayacaq.

Mən Prezident kimi 15 il bundan əvvəl birinci dəfə Kürdəmirə gələndə rayonda qazlaşdırma demək olar ki, yox idi. Gənclər yəqin ki, bunu xatırlamır. Ancaq bu gün Kürdəmir rayonunda qazlaşdırma 98 faizə çatıb. Yəni, bir neçə kənd qalıb ki, orada hələ qaz xətləri çəkilməyib, biz onu da edəcəyik. Elektrik enerjisi ilə bağlı çox böyük problemlər var idi, həm fasilələr olurdu, həm də enerji çatmırdı. İndi isə bu problem yoxdur. 2013-cü ildə mənim iştirakımla Kürdəmir şəhərində içməli su layihəsinin açılışı oldu və Kürdəmir şəhəri təmiz, dünya standartlarına cavab verən su ilə təmin edildi. Bununla bərabər, 43 modul tipli təmizləyici qurğu inşa edilmişdi ki, çay boyunca yerləşən kəndlərin camaatı da təmiz içməli su ilə təmin edilsin. Hazırda Kürdəmir şəhərində kanalizasiya layihəsi icra edilir. Mənə verilən məlumata görə, icra 20 faizdir və yəqin ki, yaxın 1-2 il ərzində bu problem də öz həllini tapacaq.

“Azərxalça”nın fabriki bu gün açılır. Bir neçə aqropark fəaliyyət göstərir. Əsaslı təmirdən çıxmış Mərkəzi Rayon Xəstəxanasının da mənim iştirakımla açılışını etmişik. Olimpiya idman mərkəzi, Gənclər evi inşa edilib. Yəni, belə obyektlərin sayı çoxdur. Otuzdan çox məktəb əsaslı təmir edilib. Amma görüləsi işlər də çoxdur. Ona görə dördüncü regional inkişaf proqramının uğurlu icrası nəticəsində hesab edirəm ki, bir dənə də olsun infrastruktur problemi qalmamalıdır.

İş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görülməlidir və görüləcək, xüsusilə özəl sektorda və dövlət sektorunda. Hələ ki, dövlət sektorunda da yeni iş yerlərinin yaradılması zəruridir. Çünki istəmirəm ki, işsiz adam olsun. İşsizliklə bağlı problemlər daim diqqət mərkəzindədir, çünki əhalimiz artır. Cənubi Qafqazda yeganə ölkə Azərbaycandır ki, əhali artır və müstəqillik dövründə 3 milyon artıb. Təsəvvür edin, bizim əsas infrastruktur layihələrimiz sovet dövründə icra edilmişdir və onlar təqribən 6-7 milyon əhaliyə hesablanmışdır. Əgər biz son illərdə böyük infrastruktur layihələrini icra etməsəydik, bu gün işıqsız, susuz, qazsız qalacaqdıq. Çünki biz artan əhalini həm işlə, həm ərzaqla, həm də məktəblərlə təmin etməliyik. Hər il əhali 100 min artır. İqtisadi inkişaf buna uyğun olmalıdır. Ona görə bölgələrdə və böyük şəhərlərdə iş yerlərinin yaradılması daim diqqət mərkəzindədir. Amma mən tam əminəm ki, biz bütün çağırışlarla bağlı öz siyasətimizi bundan sonra da uğurla aparacağıq. Artan əhali bizim gücümüzdür və eyni zamanda, elə bir amildir ki, bizi daim daha fəal olmağa sövq etməlidir. Artan əhali artan tələbat deməkdir.

Əminəm ki, bundan sonra da Kürdəmir rayonunun inkişafında önəmli addımlar atılacaq və burada proseslər uğurla gedəcək, vətəndaşlar işlə təmin olunacaqlar, həm onların sosial rifahı yaxşılaşacaq və belə gözəl mərkəzlər yaradılacaq”.


Bütün xəbərlər