“Prezident İlham Əliyev faktlarla, məntiqlə Paşinyanın bütün iddialarını darmadağın etdi”
Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Münxen görüşündən Azərbaycan tərəfi qalib çıxdı.
İnterval.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Millət vəkili bildirib ki, bu görüş vacib idi: “Paşinyanın cavabları ritorika və dünya ictimaiyyətini aldatmağa cəhddən başqa bir şey deyildi. Baxmayaraq ki, Ermənistanın baş naziri Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən deyil, bu müharibədə iştirak etməyib, amma bununla belə hiss edilir ki, hakimiyyət dəyişsə də, Ermənistan dövlətinin Azərbaycan torpaqlarına iddiası məsələsində heç nə dəyişmir. O istənilən vəchlə Azərbaycanın bir bölgəsində yaşayan milli azlığın müstəqil dövlət yaratmaq ideyasını beynəlxalq birliyə sırımağa çalışır. Amma bu, onda çox uğursuz alınır. Onun metodikası ilə gedilsə, gərək dünyada 10 min dövlət ola. Paşinyan hiss etdi ki, beynəlxalq auditoriya da ona inanmır, dedikləri həm beynəlxalq hüquqla, nə də normal təfəkkürlə düz gəlmir”.
A.Mirzəzadə qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Paşinyana cavabı torpağına bağlı olan, torpağının məsuliyyətini hiss edən bir liderin cavabları idi:
“Cənab Prezident görüşdə Ermənistanın beynəlxalq hüquq normalarını pozması, Azərbaycan tarixi və mədəniyyətinə vurulan ziyan barədə çox ciddi faktlar gətirdi. Dövlət başçsı Ermənistanın heç bir halda Azərbaycan torpağına haqqı olmadığını ictimaiyyətin diqqətinə çatdırdı. Eyni zamanda Ermənistanın süngü hesabına yaratdığı qondarma rejimin bu gün Ermənistan da daxil olmaqla dünyanın heç bir dövləti tərəfindən tanınmadığını dilə gətirdi”.
Deputat deyir ki, Prezident İlham Əliyev bu görüşdəki çıxışı ilə Azərbaycanın diplomatik sahədə növbəti uğurunu qazandı: “Dövlət başçısı Azərbaycanın haqq səsini növbəti dəfə dünyaya çatdırdı. Bununla da Paşinyan növbəti dəfə məğlubiyyətin acısını dadmalı oldu. Prezident İlham Əliyev faktlarla, məntiqlə Paşinyanın bütün iddialarını darmadağın etdi. Hesab edirəm ki, bu görüşlə Azərbaycan Prezidentinin səsi Ermənistanın sadə vətəndaşına da çatdı. Dünən sosial şəbəkələrdə həmin görüş erməni dilinə sinxron tərcüməsi ilə verildi. İşğalın Ermənistan üçün nə qədər ağır faciələrə səbəb olduğunu sadə erməni vətəndaşlarının bilməsi də vacibdir. Dünənki polemikanı Azərbaycan diplomatiyasının və şəxsən Prezident İlham Əliyevin uğuru hesab edirəm”.