Prezident kuboku uğrunda çövkən milli atüstü oyununun finalçıları məlum olub


Bu gün Binə Atçılıq Mərkəzinin qapalı manejində Prezident Kuboku uğrunda mübarizə çərçivəsində Çövkən Milli Atüstü Oyununun yarımfinal mərhələsi keçirilib.
İnterval.Az-a Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) verilən məlumata görə, səhər 11:00-dan etibarən başlayan ilk oyunda Omar Çövkən Komandası ilə Polad Çövkən Komandası qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən görüşdə Omar Çövkən Komandası rəqibi üzərində 2-1 hesablı qələbə qazanıb.
Günün ikinci yarımfinal görüşü Buta Qolden Çövkən Komandası ilə Sərhədçi Çövkən Komandası arasında baş tutub. İlk hissənin qolsuz keçməsinə baxmayaraq, ikinci hissədə Buta Qolden Çövkən Komandası rəqibi üzərində üstünlük əldə edərək, 4-1 hesablı qələbə əldə edib.
Federasiyadan verilən məlumata görə, sabah-24 dekabrda keçiriləcək oyunun finalçıları bəlli olub. Belə ki, saat 11:00-dan etibarən başlayacaq oyunlarda ilk olaraq Polad və Sərhədçi çövkən komandaları üçüncülük uğrunda mübarizə aparacaqlar. Bu oyunun ardınca isə Buta Qolden və Omar Çövkən komandaları Prezident Kubokunun qalibi olmaq yolunda final oyununda qarşı-qarşıya gələcəklər:
“Atçılıq həvəskarları tərəfindən final qarşılasması maraqla gözlənilir. Xüsusi qonaqların da iştirakı ilə keçiriləcək oyunu yüzlərlə tamaşaçı izləyəcək.”
Qeyd ki, yarışın ümumi mükafat fondu 50000 manat təşkil edir.

Bütün xəbərlər




















































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































































