Elçin Quliyev: “Çövkən oyunu üzrə Prezident Kuboku cənab prezident İlham Əliyevin doğum gününə həsr olunub” – YENİLƏNİB – FOTO

Dekabrın 24-də Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən milli oyunu üzrə Prezident kuboku turnirinin final matçı və üçüncü yer uğrunda qarşılaşma keçirilib. Finalda “Buta Golden” komandasını məğlub edən “Omar” klubu kuboka sahib olub.

İnterval.Az xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyev, Mədəniyyət naziri Əbülfəs Qarayev, Dünya Etnosport Konfederasiyasının prezidenti Bilal Ərdoğan, ölkəmizin idman ictimaiyyətinin və media nümayəndələri final qarşılaşmasını izləyiblər.

Yarışın bağlanış mərasimində çıxış edən ARAF-ın prezidenti Elçin Quliyev artıq yeddi ildir keçirilən Prezident kuboku turnirinə marağın ildən-ilə artdığını deyib:

“Son illər ölkəmizdə atçılıq idmanının sürətlə inkişaf edir və bu sahədə mühüm addımlar atılır. Dünya Etnosport Federasiyasının prezidenti Bilal Ərdoğanın bugünkü yarışın finalını izləməsi atçılıq idmanının şöhrətinin bütün sərhədləri aşaraq, dünyada geniş yayılmasının göstəricisidir. Atçılıq idmanının sürətlə inkişaf edəcəyinə və Azərbaycanın idman uğurlarının təbliğində mühüm rol oynayacağına əminik.

Turnirin ölkəmizdə atçılıq idmanının inkişafına yüksək diqqət və qayğı göstərən Prezident İlham Əliyevin doğum gününə həsr olunur. Əldə edilən uğurlara görə dövlətimizin başçısına minnətdarlığımızı bildiririk.”

Dünya Etnosport Federasiyasının prezidenti Bilal Ərdoğan turnirin təşkilinin əhəmiyyətini yüksək qiymətləndirib. O, son illər Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini diqqətə çatdırıb:

“Azərbaycanda milli idman növlərinin, xüsusilə atçılıq idmanının da inkişafı diqqət mərkəzindədir. İdmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirirəm. Azərbaycan Prezidentinin doğum günü münasibətilə təbrik edirəm. Azərbaycanın və Türkiyənin dövlət başçıları İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın qətiyyətli rəhbərlikləri ilə qardaş ölkələrimizin daha böyük uğurlar əldə edirlər.”

Mədəniyyət naziri Əbülfəs Qarayev turnirin təşkilinin ölkəmizdə milli idman oyunlarının, o cümlədən çövkən milli atüstü oyunun inkişafında və təbliğində mühüm rol oynadığını vurğulayıb və komandalara uğurlar arzulayıb.

Turnirin finalında “Buta Golden” komandasını 3:0 hesabı ilə məğlubiyyətə uğradan “Omar” klubu ilk dəfə kuboka sahib olub. Üçüncü yer uğrunda görüşdə isə “Polad” komandası “Sərhədçi”ni məğlub edib – 5:0.

Final matçından sonra qalibləri və turnirin ən yaxşı idmançıları mükafatlandırılıblar. Turnirin ən yaxşı oyunçusu Rauf Tahirov (“Omar”), ən yaxşı atı isə “Şaban” ləqəbli at elan edilib.
ARAF-ın prezidenti Elçin Quliyev fəxri kürsüdə yer alan komandaların üzvlərinə kubok və medalları təqdim edib.

Xatırladaq ki, dekabrın 13-də start verilən turnirin qrup və dörddəbir final mərhələlərinin oyunları Şəkinin Daşüz kəndindəki Respublika Milli Atüstü Oyunları Mərkəzində keçirilib. Qrup mərhələsində 12 komanda 4 qrupda mübarizə aparıb. A qrupunda “Omar”, “İsmayıllı”, “Murad”, B qrupunda “Polad”, “Şəki”, “Qarabağ”, C qrupunda “Buta”, “Ağcabədi”, “Köhlən”, D qrupunda isə “Sərhədçi”, “Ağstafa”, “Qala” komandaları yer alıblar. Dörddəbir finalda “Sərhədçi” – “Şəki” (1:0), “Buta” – “Murad” (2:0), “Polad” – “Qala” (6:0) və “Omar” – “Köhlən” (4:0) qarşılaşmaları keçirilib.

Binə Atçılıq Mərkəzinin qapalı manejində oynanılan yarımfinal görüşlərində isə “Omar” komandası “Polad”ı 2:1, “Buta Golden” isə “Sərhədçi”ni 4:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Atçılıq Federasiyasının dəstəyi ilə keçirilən turnirin ümumi mükafat fondu 50 min manat olub.

* * *
12:22

İnterval.Az-ın xüsusi müxbirinin verdiyi məlumata görə, Yarışmada Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Dünya Etnospor Federasiyasının rəhbəri Bilal Ərdoğan və Mədəniyyət Naziri Əbülfəs Qarayev çıxış ediblər.

Azərbaycan Atçılıq Federasiyasının prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi, general polkovnik Elçin Quliyev çıxışında bildirib ki, yeddinci dəfə keçirilən bu ənənəvi yarış ölkə prezidenti İlham Əliyevin ad gününə həsr olunub.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) verilən məlumata görə, səhər 11:00-dan etibarən başlayan ilk oyunda Omar Çövkən Komandası ilə Polad Çövkən Komandası qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən görüşdə Omar Çövkən Komandası rəqibi üzərində 2-1 hesablı qələbə qazanıb.

Günün ikinci yarımfinal görüşü Buta Qolden Çövkən Komandası ilə Sərhədçi Çövkən Komandası arasında baş tutub. İlk hissənin qolsuz keçməsinə baxmayaraq, ikinci hissədə Buta Qolden Çövkən Komandası rəqibi üzərində üstünlük əldə edərək, 4-1 hesablı qələbə əldə edib.

Federasiyadan verilən məlumata görə, sabah-24 dekabrda keçiriləcək oyunun finalçıları bəlli olub. Belə ki, saat 11:00-dan etibarən başlayacaq oyunlarda ilk olaraq Polad və Sərhədçi çövkən komandaları üçüncülük uğrunda mübarizə aparacaqlar. Bu oyunun ardınca isə Buta Qolden və Omar Çövkən komandaları Prezident Kubokunun qalibi olmaq yolunda final oyununda qarşı-qarşıya gələcəklər:

“Atçılıq həvəskarları tərəfindən final qarşılasması maraqla gözlənilir. Xüsusi qonaqların da iştirakı ilə keçiriləcək oyunu yüzlərlə tamaşaçı izləyəcək.”

Qeyd edək ki, yarışın ümumi mükafat fondu 50000 manat təşkil edir.

Fuad Mədətov
FOTO: Ruslan Teymurfulatov


Bütün xəbərlər