Səfir Ceyms Şarp: “Britaniya-Azərbaycan-BP tərəfdaşlığının…
Səfir Ceyms Şarp: “Britaniya-Azərbaycan-BP tərəfdaşlığının daha 25 il davam edəcəyinə inanırıq”
“BP artıq nəhəng “Azəri-Çıraq-Günəşli” neft yatağını və “Şahdəniz” qaz yatağını istismar edir. Cənub Qaz Dəhlizi (CQD) yeni başa çatıb. Mən, həmçinin, pandemiya dövründə neft və qaz hasilatının davamlı olması ilə bağlı möhtəşəm nailiyyətləri də qeyd edərdim: BP-nin həyata keçirməli olduğu bütün təhlükəsizlik tədbirlərini nəzərə alsaq, bu, həqiqətən mürəkkəb idi və onlar çox yaxşı bacarıq nümayiş etdirdilər”.
Bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Şarp (James Sharp) müsahibəsində deyib.
Səfir qeyd edib ki, BP-nin kəşfiyyat qazma işləri apardığı və ya seysmik məlumatları araşdırdığı bir sıra yeni konsessiyaları var: “Beləliklə, bütün bu səbəblərdən BP Azərbaycanda uzunmüddətli fəaliyyətə sadiq qalır. Ancaq BP-nin 2050-ci ilə qədər “sıfır emissiya” öhdəliyi götürdüyündən xəbərdarsınız, buna görə buradakı fəaliyyətlərinin bu hədəfə necə töhfə verdiyini araşdırmaq istəyəcəklər. Bərpa olunan enerji sahəsi onlar üçün əsas hədəfdir. Məsələn, onlar Azərbaycanda, həmçinin azad edilmiş ərazilərdə bərpa olunan enerji imkanları axtarırlar. Britaniyanın iqlim dəyişikliyi ilə bağlı liderliyini nəzərə alaraq, mənə elə gəlir ki, son 25 ildə Britaniya, Azərbaycan və BP-nin neft və qaz sektorunda böyük tərəfdaşlığı var və bərpa olunan enerjiyə doğru irəliləyərkən eyni tərəfdaşlığın növbəti 25 il üçün də əsas olaraq qalacağına inanırıq”.
Diplomat Azərbaycan və Türkmənistan arasında Xəzər dənizindəki “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı və işlənməsi üzrə Anlaşma Memorandumu imzalanmasını yaxşı hal kimi qiymətləndirib: “Bu, yaxşı bir şeydir, Xəzərdə mübahisələrin sülh yolu ilə həll oluna biləcəyini göstərir. Bu, həm də Türkmənistanın əməkdaşlığa daha açıq olduğunu göstərir. Bəlkə də bu, gələcəyə işarədir, həm Azərbaycan, həm də Avropanın enerji təhlükəsizliyi üçün yaxşı olacaq bir Trans-Xəzər qaz kəməri ideyasını irəli sürür. BP-nin bi layihədə iştirak edib-etməyəcəyini bilmirəm, lakin onun SOCAR ilə güclü beynəlxalq tərəfdaşlığı var. Hər bir halda Bakıda lazım olacaq bütün xidmətləri – dizayn, qazma qurğusu, qazma, texniki xidmət göstərəcək bir çox Britaniya firması var və əminəm ki, onlar bu yeni sahənin inkişafına töhfə verə biləcəklər”.