Soçi görüşü bölgəni dəyişə bilər

Ötən ilin martından bəri ilk dəfə görüşən prezidentlərin 2 saat 45 dəqiqə davam etmiş danışıqların əsas nəticəsi budur: Rusiyanın Türkiyəyə olan ehtiyacı Türkiyənin Rusiyaya olan zərurətlərindən daha çoxdur. Dəfələrlə çoxdur.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin yaxın ətrafının COVİD-19 koronavirusuna yoluxması ilə bağlı könüllü özünütəcridinə məhz Ərdoğanla görüşmək üçün son qoydu. İki dövlət başçısı arasında ilyarımdan artıq bir müddətdə qarşılıqlı, əyani təmaslar yox idi. Həmin zamanda isə iki ölkə arasındakı münasibətlərdə yaranmış problemlər geosiyasi antonoqistlər olan Türkiyə ilə Rusiyanın əlaqələrində problemlər yarada bilərdi.

Rusiyanın məqsədi Türkiyə ilə təmaslarda “nə dost, nə düşmən” paradiqmasını qorumaq, yəni hər şeyi trivial, primitiv praqmatizmə çatdırmaq deyildi.

Tam əksinə, Rusiya Türkiyə ilə təmasları daha da aktivləşdirmək üçün təbii qaz satışı məsələsindən (“Türk axını”) yararlanaraq “mavi yanacaq”ın Avropaya nəqlində Anadolu torpaqlarından tranzit məkan qismində istifadədə çox maraqlı olduğunu bəyan edir.

Eyni zamanda Türkiyədəki Akkuyu atom-elektrik stansiyası (AES) layihəsi ilə kifayətlənmək niyyətində olmayan Rusiya bu sahədə əməkdaşlığı aktivləşdirmək niyyətindədir.

Ən nəhayət, S-400 zenit-raket kompleksləri ilə bağlı təmaslar da müsbət məcradadır.

Sentyabrın 13-də Moskvaya təcili səfər edən Suriya prezidenti Bəşər Əsəd Kremldə Putinə az qala yalvararaq İdlib vilayətindəki “yaraqlıların ram edilməsi”ni, əsas isə Türkiyənin İdlibə, sərhəd yaxınlığına yeridilmiş hərbi təlimatçılarının “dərhal çıxarılmasını” istəmişdi.

Suriyada hazırda Əsəd rejiminin qoşunları İdlibdəki üsyançıları məğlub etməyə çalışsalar da, onların bütün cəhdləri puç olur. Tam əksinə, üsyançı birliklər əks-hücumlara keçərək Suriya ordusunu geriyə çəkilməyə vadar edirlər.

Rusiya isə İdlibdəki situasiyaya təsir etmək üçün real imkanlara və təsir rıçaqlarına malik deyil. Rusiyanın Hava-Kosmik Qüvvələrinin hərbi təyyarələrinin, bombardmançıların Latakiya vilayətindəki Hmeymim aviabazasından səmaya qalxaraq üsyançıların mövqelərini bomba-raket atəşlərinə tutması da vəziyyəti dəyişmir.

Situasiya ağırdır, çünki Rusiyanın Dəməşqdəki rejimi belə aktiv dəstəkləməsi, İdlibdəki mövqeləri bombardman etməsi Suriyadan Türkiyəyə yeni miqrant axınına səbəb olmaqla yanaşı, üsyançıları daha da radikallaşıblar.

Soçi görüşündə müzakirə edilən digər məsələ Qarabağla bağlı olub. 44 günlük Vətən Müharibəsinin başa çatmasından bir il keçsə də, Rusiya, Azərbaycan və Ermənistan arasında ötən ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə İrəvan əməl etmək istəmir. Daha konkret olsaq, Ermənistan regional nəqliyyat marşrutlarının və kommunikasiyaların açılması üçün real, gərəkli addımlar atmır.

Qərbi Azərbaycanı, Naxçıvan Muxtar Respublikasını və Türkiyəni birləşdirəcək Zəngəzur dəhlizi məsələsini böyük, nizamlanması müşkül problemə çevirməyə çalışan rəsmi İrəvanın belə mövqeyi təbii ki, nə Ankaranı, nə də Moskvanı razı sala bilər.

Bu arada yaranmış situasiyadan öz maraqları üçün istifadə etməyə çalışan Tehran da Azərbaycanla həmsərhəd bölgələrdə hərbi təlimlərə başlayaraq Türkiyəyə təzyiq göstərməyə cəhd edir.

Krım məsələsində gəldikdə, Ankaranın mövqeyi konkret və aydındır: Rusiya Dövlət Dumasına keçirilmiş seçkilərdə Krımdakı sonucları qanuni saymadığını bəyan etmiş Türkiyə bununla Krımın ilhaqını da qanunsuz sayır.

O da təsadüfi deyil ki, Soçi görüşünün keçirildiyi gün Ukraynada “Bayraktar TB2” PUA-larının birgə təlim-sınaq mərkəzininin inşası ilə bağlı Ankara və Kiyev arasında memorandum imzalandı.

Əfqanıstan, Liviya və Maliyə gəldikdə isə, Türkiyə ilə Rusiya Federasiyası arasında ciddi fikir ayrılıqları, mövqe müxtəliflikləri mövcuddur.

Liviyada Rusiyanın tam dəstəklədiyi feldmarşal Xəlifə Xəftarın dekabr seçkilərində prezident postunu ələ keçirmək niyyətini təhlükəli sayan Ankara bunun qarşısını almaq niyyətindədir. Əfqanıstanda Türkiyə “Taliban”la təmaslar qurur, bu isə Rusiyanı qıcıqlandırır.

Maliyə gəldikdə isə, Türkiyə ölkənin yeni hakimiyyətini dəstəkləyir, Rusiya isə “Vaqner” özəl hərbi şirkətinin yaraqlılarını bu ölkəyə yeridərək hərbçilərdən ibarət yeni iqtidarı devirməyə çalışır.

Bütün bunlara rəğmən, Türkiyə-Rusiya əlaqələri hər iki ölkə üçün çox mühüm olduğundan sürətlə inkişaf etməyə məhkumdur. Adi misal kimi Suriyanı göstərmək olar.

Suriyadakı vəziyyət Ankara-Moskva arasındakı münasibətlərdən, iki ölkənin əlaqələrindən bilavasitə asılıdır.

Oktyabrın sonlarında İtaliyanın paytaxtı Romada “Böyük İyirmilik” ölkələrinin dövlət və hökumət başçılarının sammiti keçiriləcək.

Həmin sammitdə ABŞ və Türkiyə prezidentləri Co Baydenlə Rəcəb Tayyib Ərdoğanın görüşü gözlənilir.

Soçi görüşündən sonra Roma təmasları Cənubi Qafqazdakı situasiyaya da şəksiz, təsir edəcək.

Azərbaycan indiki şəraitdə qardaş Türkiyə ilə təmasları “bir millət, iki dövlət” prinsipi ilə daha da aktivləşdirməklə yanaşı, strateji tərəfdaşı Rusiya ilə əlaqələri gücləndirməlidir.


Bütün xəbərlər