Tamam Cəfərova: Dövlətimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur

Məlumdur ki, iyulun 12-dən etibarən Ermənistan Respublikası Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat zamanı yaşayış məntəqələrimiz, dinc əhali iri çaplı silahlardan və ağır artilleriya qurğularından xaincəsinə, qəsdən və hədəflənmiş şəkildə intensiv atəşə tutulub. Nəticədə həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Dəymiş ziyanın aradan qaldırılması məqsədilə Ölkə Prezidenti tərəfindən “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu Sərəncamla mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılıb.

Hamı bilməlidir ki, işlərin gedişi dövlət başçısının şəxsi nəzarətindədir. Dövlət qurumlarına tapşırıq verilib ki, Tovuz rayonunda mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyan qısa müddətdə qiymətləndirilsin. İqtisadiyyat və Fövqəladə Hallar nazirliklərinin nümayəndələri, habelə Tovuz Rayon İcra Hakimiyyətinin əməkdaşları və mütəxəssislərdən ibarət İşçi Qrup yaradılıb və hazırda mütəxəssislər hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlakının, dövlət obyektlərinin vəziyyətini araşdırır, müvafiq müayinə və ekspertiza işləri aparır. Dəymiş ziyan qısa müddətdə qiymətləndiriləcək, və təqdim ediləcək qiymətləndirmə məlumatlarına əsasən, dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq. Hərbi hücum nəticəsində zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün təkliflər Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək. Bu Sərəncam bir daha təsdiq edir ki, dövlətimiz daim vətəndaşın yanındadır.

Tovuz döyüşlərindən dərhal sonra Birinci vitse-prezident Mehriban Əliyevan şəhid olan 12 hərbçinin ailə üzvlərinin bütün qayğılarının daim Heydər Əliyev Fondunun nəzarətinə götürməsinə dair tapşırıq vermişdir. Həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlərə başlanıb. Bütün bunlar qürurvericidir və da bir daha təsdiq edir ki, Vətən uğrunda vuruşanları, canından keçənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır.

Məlumdur ki, indiki Sərəncam bu qəbildən olan ilk sənəd deyildir. Hələ 2016-cı ildə Lələtəpə əməliyyatı nəticəsində qazanılan qələbədən dərhal sonra Cocuq Mərcanlı kəndi yenidən tikildi. Tərtər və Ağdam rayonlarının kəndlərində də çoxlu obyektlər istifadəyə verildi.

Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır. Tovuza, tovuzlulara dəyən zərər tezliklə aradan qaldırılacaq. Vətəndaşlarımızın, qəhrəman hərbçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır.

Tamam Cəfərova
Milli Məclisin deputatı


Bütün xəbərlər