Türkiyə və Misir münasibətləri bütün sahələrdə inkişaf etməyə davam edəcək – Hakan Fidan
Türkiyə və Misir münasibətləri bundan sonra bütün sahələrdə inkişaf edəcək.
İnterval.Az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Hakan Fidan İordaniya baş nazirinin müavini Ayman Safadi ilə birgə mətbuat konfransında açıqlamasında deyib.
“Türkiyə və Misir öz bölgələrində iki güclü qardaş ölkədir. Normallaşma mərhələsində böyük bir mərhələni geridə qoyduq. Bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, dövlətimizin iradəsidir”, – deyə o əlavə edib.
Qeyd edək ki, Türkiyə və Misir 13 ildən sonra qarşılıqlı səfir təyin edəcək. Türkiyə Qahirə səfiri vəzifəsinə səfir Salih Mutlu Şenin, Misir isə Ankara səfiri vəzifəsinə Amr Elhamaminin namizədliyini irəli sürüb.
Məlumat üçün bildirək ki, Misir və Türkiyə arasında əlaqələr 2013-cü ildə Misir prezidenti Məhəmməd Mursinin hakimiyyətdən devrilməsindən sonra pisləşib. 2020-ci ilin avqust ayından münasibətlər normallaşmağa başlayıb. 2021-ci il 5-6 may və 7-8 sentyabr tarixlərində Qahirə və Ankarada Xarici İşlər nazirlərinin müavinlərinin sədrliyi ilə siyasi məsləhətləşmələr keçirilib.
İnterval.Az