Türkiyədə prezidentliyə namizədlərin son siyahısı dərc olunub
Türkiyənin Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizədlərin yekun siyahısı ilə bağlı qərarı “Rəsmi” qəzetdə dərc olunub.
Interval.Az bildirir ki, prezidentliyə namizədlərin adlarının əlifba sırası ilə – Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, müxalif Məmləkət Partiyasının lideri Məhərrəm İncə, “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki Prezident Rəcəb Tayyib Ərdoğan və “Ata İttifaqı”nın namizədi Sinan Oğanın təsbit edilməsi qərara alınıb.
Aprelin 1-də Komissiyada namizədlərin birləşmiş bülletendəki yerlərini müəyyən etmək üçün püşkatma olacaq.
Qeyd edək ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.
Türkiyənin 81 əyalətində 195 min seçki məntəqəsi fəaliyyət göstərəcək. Bu siyasi kampaniyada 64 milyondan çox seçici səs verəcək.
“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası təmsil olunur. Sabiq Baş nazir Nəcməddin Ərbakanın yaratdığı və hazırda oğlu Fatih Erbakanın sədrlik etdiyi Yenidən Rifah Partiyası və Hür Dava Partiyası da R.T.Ərdoğanın namizədliyini dəstəkləyir.
“Millət İttifaqı”nda isə Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.
Yıldrıay Arslan
Interval.Az