8 milyard dollar oğurlamış Sarqsyan indi nə istəyir?

Gələcək kapitulyan qarşımda ilk dəfə 1993-cü ilin sonlarında, bir neçə ay müdafiə naziri vəzifəsində işlədiyim dövrlərdə, cəbhədə çoxsaylı uğurlarımızdan sonra çətinliklərin yarandığı dövrdə peyda oldu. Problemlərlə manipulyasiya edən, gerçəkliklə heç bir əlaqəsi olmayan faktlardan bəhs edən, yersiz tənqidlərə ara verməyən bu insan sadəcə məni yox, döyüş yoldaşlarımı da incidirdi. İkinci dəfə 1990-cı illərin sonlarında, üçüncü dəfə isə “Marriott” otelində görüşdük.

Ermənistanın sabiq, üçüncü prezidenti Serj Sarqsyan İrəvandakı “Armnews TV”yə verdiyi müsahibəsində belə deyib. Baş nazir Nikol Paşinyanın adını əsla çəkməyən və onu “kapitulyant” adlandıran S.Sarqsyanın dediyinə görə, Paşinyanla arasında hər hansı formada əlaqə olmayıb, ola da bilməzdi.

“Kapitulyantın guya mənim layihəm olması barədə deyilənlər, sadəcə, absurddur, komikdir. Belə layihəni heç düşmənimə də arzulamazdım – o ki qaldı belə sarsaqlığı özümə rəva bilim. Kapitulyant mənim layihəm deyil. Onu yad qüvvələrin istiqamət verdiyi aldanmış xalqımız seçdi. Kapitulyant tam yad qüvvələrin layihəsidir. O qüvvələrlə kapitulyant arasında, sadəcə, ziddiyyətlər vardı”, – S.Sarqsyan söyləyib.

Daha sonra o, Dağlıq Qarabağ münaqişəsinin həllində hansı güzəştlərə hazır olduğundan bəhs edib.

“2014-cü ildə cəbhədə fəallıq vardı. Həmin dönəmdə Minsk Qrupunda həmsədr ölkələrdən birinin rəhbəri məndən soruşdu ki, Qarabağ məsələsini birdəfəlik həll etmək istəyirəmmi. Dedim ki, “hə”. Bu problemi gələcək nəsillərə ötürmək istəmirdim. Soruşdu ki, hansı variantlarım var.

Bunları təklif etdim:

Birinci variant. Yekun həll – Bakı Dağlıq Qarabağın müstəqilliyini tanıyır. Belə olan halda İrəvana qayıdıram, tərəfdarlarımı razı salıram ki, Laçın dəhlizi istisna olmaqla 7 rayonu qaytarırıq. Sonra Qarabağa yollanıram və orada döyüş yolldaşlarımı razı salıram ki, bu, dürüst qərardır. Razılıq alacağım təqdirdə planı həyata keçirməyə başlayırıq.

İkinci  variant. Yekun olmayan həll – Bakı etiraf edir ki, Qarabağın statusunu Qarabağ xalqı həll etməlidir. Referendum keçirilir və referendumun nəticələrini də Bakı ilə dünya birliyi tanıyır. Belə olan halda 5 rayonu Bakıya qaytarırıq. Yəni hakimiyyətdə qalsaydım, bu qərarlardan birini verəcəkdim”.

S.Sarqsyan habelə, N.Paşinyanın “Ermənistanın əvvəlki hakimiyyət dairələri, sadəcə, ərazilərin güzəştini və verilməsini müzakirə edərək danışıqları dalana dirəmişdilər” bəyanatını da şərh edib.

“Biz danışıqları nəyi verəcəyimiz yox, nəyi alacağımız ətrafında aparırdıq. Bizim üçün “qırmızı cizgi” o idi ki, Qarabağ Azərbaycanın tərkibində qala bilməz. Məndən sonrakı hakimiyyət isə ATƏT-in Minsk Qrupu və Azərbaycan qarşısında şərtlər qoyaraq Qarabağın tərəf qismində danışıqlara cəlb olunmasını tələb etdi. Bu isə danışıqların faktiki sabotajı idi. Heç zaman danışıqlarda “Bir qarış da torpaq verilə bilməz!” şüarının tərəfdarı olmamışam. Anlayırdım ki, prosesdə ərazi güzəştləri mümkündür”, – S.Sarqsyan söyləyib.

Ermənistanın sabiq prezidenti onu da vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı “Lavro planı” adlı sənəd olmayıb: “Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təkliflərindən ibarət plan yox idi. Söhbət, sadəcə, Kazanda müzakirə edilmiş variantın təkmilləşmiş formasından gedirdi. O da Madrid prinsiplərpinə əsaslanırdı”.

2016-cı ildəki Aprel savaşından bəhs edərkən S.Sarqsyan bildirib ki, əgər hərbi əməliyyatlar davam etsəydi, Ermənistan Dağlıq Qarabağın dövlət müstəqilliyini tanıyacaqdı.

“Lakin o savaş çox çəkmədi və hesab etdik ki, Qarabağın müstəqilliyini tanımaq hələ tezdir. İndi də gec deyil. Gec, ya tez – Qarabağın müstəqilliyini tanıyacağıq”, – Ermənistanın sabiq prezidenti deyib.

… Göründüyü kimi, Serj Sarqsyanın mövqelərində, dünyagörüşündə və hadisələrin interpretasiya formatında heç nə dəyişməyib. O, əvvəllər necə idisə, indi də elədir.

Siyasi gerizəkalılıq və abdallıq səviyyəsində var-gəl edən S.Sarqsyan müsahibəsində olmayan intellektual potensialından yararlanaraq özünə bəraət qazanmağa, “kapitulyant” deyib adını çəkmək istəmədiyi Nikol Paşiyanı isə Ermənistana xəyanət etmiş bivec və bacarıqsız adam kimi göstərməyə çalışıb.

Tam əks effekt alınıb: Paşinyanı alçatmağa çalışan Sarqsyan özünü alçaldıb.

Ermənistanda keçiriləcək parlament seçkilərinə indidən hazırlaşan və bunu gizlətməyən Sarqsyan hakimiyyətə qayıtmaq niyyətindədir. Bununla belə, o, əla anlayır ki, sabiq prezident Robert Köçəryanla mübarizədə mütləq şəkildə məğlub olacaq.

Səbəb sadədir: Ermənistan cəmiyyətində Serj Sarqsyana nifrət o qədər güclüdür ki, Nikol Paşinyanın hakimiyyətə gəlməsindən iki il keçsə də, ermənilər Sarqsyan iqtidarını lənətlə xatırlayırlar.

Ermənistanın indiki vəziyyətinin baiskarı da, əslində, Paşinyan yox, Köçəryan və onun xələfi Sarqsyandır.

Məhz S.Sarqsyanın formalaşdırdığı ordu 44 günlük İkinci Qarabağ Müharibəsində darmadağın edildi.

S.Sarkisyanın “sağ əli” sayılan Seyran Ohanyanın Qarabağda inşa etdirdiyi “alınmaz müdafiə zolağı”nı Azərbaycan əsgərləri məhv etdilər.

Ən nəhayət, Ermənistanda milli fəlakət səviyyəsini almış korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı, ölkənin suverenliyinin və müstəqilliyinin Rusiyaya “müttəfiqlik öhdəlikləri” müqabilində qurban verilməsi, nasizm və faşizm ideologiyalarının rəsmi dövlət siyasətinə dönməsi də Sarqsyanın hakimiyyətinin nəticələridir.

Faşist köləsi, cəllad Qaregin Njdeyə İrəvanın mərkəzində abidə 2016-cı ildə, Sarqsyanın hakimiyyətdə olduğu dönəmdə qoyulmuşdu. Abidənin açılışında S.Sarqsyan da iştirak etmişdi.

Azərbaycanın işğal edilmiş ərazilərinin talanması, viran qoyulması və yağmalanması prosesinə başçılıq edənlərdən biri Serj Sarqsyan idi.

Qeyri-rəsmi dollar milyarderi olan S.Sarqsyanın varidatı bilavasitə Qarabağ, işğal edilmiş ərazilərimizin talanı hesabına formalaşıb.

Hakimiyyətdə olduğu illərdə isə o, varidatını 8 milyard dollara çatdırıb.

İndi bu yaramaz, siyasi əxlaq və adi mənəviyyatdan kənar insan siyasətdən, mənəviyyatdan, Qarabağ problemindən danışır, yenidən böyük siyasətə qayıtmaq istəyini anons edir.

Gerçəkdən də, ermənilər nə qədər bədbəxt, zavallı millətdir…


Bütün xəbərlər