“Uşaqlıqdan gələn sülh arzusu”

Uşaqlıq illərində yay tətilini keçirmək üçün tez-tez Naxçıvanda yaşayan nənəmgilə gedərdim. O illərin öz ab-havası, öz səmimiyyəti vardı. Həyətdə oynayan uşaqlar, axşamüstü məhəllə söhbətləri, kənd həyatı və yadda qalan insanlar…

Nənəmgilin qonşuluğunda Fərzalı dayı yaşayırdı. Böyük Vətən müharibəsinin iştirakçısı idi. Yaşının və keçdiyi ağır müharibə yolunun təsiri ilə əsəbi, bir az da söyüşkən adam kimi tanınırdı. Məhəllənin uşaqları və bəzi böyüklər onu əsəbiləşdirmək üçün zarafatla “Hay Hitler!” deyə səslənərdilər. Fərzalı dayı isə Hitlerin ünvanına bildiyi bütün ağır sözləri deyər, sonra da uşaqlara acıqlanardı.

Uşaq vaxtı bizə gülməli görünən həmin səhnələrin arxasında əslində böyük bir faciənin dayandığını sonralar anladım.

Doqquzuncu-onuncu sinifdə oxuyanda bir gün Fərzalı dayı ilə uzun söhbət etdim. Müharibədən danışdı. Gördüyü ölümlərdən, yaşadığı qorxulardan, itirdiyi insanlardan danışdı. O söhbətdən sonra anladım ki, müharibə təkcə səngərdə bitmir. Onun ağrısı illərlə insanın yaddaşında, ruhunda yaşayır.

Təəssüf ki, xalqımız həm Böyük Vətən müharibəsində, həm Birinci Qarabağ savaşında, həm də 44 günlük Vətən müharibəsində böyük itkilər verib. Şəhidlərimizin xatirəsi hər zaman qürur və ehtiramla yaşayacaq.

Amma bütün bunlarla yanaşı, insan bir şeyi daha dərindən anlayır: müharibənin ən böyük arzusu sülhdür.

Arzu edirəm ki, dünyada heç kim müharibə travması ilə yaşamasın. Ölkəmizdə, regionumuzda və bütün dünyada daim sülh, əmin-amanlıq olsun. Heç bir uşaq silah səsləri altında böyüməsin!

İnterval.Az 
Araz Mirzə oğlu

 

 

“Uşaqlıqdan gələn sülh arzusu” üçün şərhlər bağlıdır

Bütün xəbərlər