AMEA-da koronavirusla bağlı maarifləndirici və profilaktik tədbirlər görüləcək
![](https://interval.az/wp-content/uploads/2020/01/amea_0254-800x475.jpg)
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilat rəhbərlərinə ciddi zərurət olmadığı halda müxtəlif xarakterli kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması, işçilərin koronavirusun yayıldığı ölkələrə ezamiyyətlərinin dayandırılması, AMEA-nın müvafiq inzibati binalarında müntəzəm olaraq sanitar-dezinfeksiya işlərinin həyata keçirilməsi, təqaüd yaşlı işçilərin işə davamiyyətində güzəştli şərtlərin tətbiq edilməsi tapşırılıb.
Bu barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında imzaladığı sərəncamda qeyd olunub.
İnterval.Az Trend-ə istinadən xəbər verir ki, sənəddə, həmçinin qrip əlaməti müşahidə olunan işçilərin işə davamiyyətinin məhdudlaşdırılması və onların dərhal həkimə müraciət etmələri üçün maarifləndirici işlər aparılması, əlavə güzəştli davamiyyət rejiminin tətbiqi, AMEA-nın müvafiq inzibati binalarının girişlərində qripə yoluxma hallarının müəyyənləşdirilməsinə imkan verən ilkin tibbi yoxlamaların tətbiq edilməsi məsələləri ilə bağlı müvafiq tapşırıqlar verilib.
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin müvafiq mütəxəssisləri tərəfindən koronavirusdan qorunma üsulları ilə bağlı kütləvi informasiya vasitələrində çıxışlar edilməsi, maarifləndirici materialların dərc etdirilməsi də sərəncamda əksini tapıb.
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)
Bütün xəbərlər
![](https://interval.az/wp-content/uploads/2021/10/banner.png)