Azərbaycanda hansı yeni filmlər çəkilir? – FOTOlar

Məlum olduğu kimi, 1993-cü ildə ekran üzü görən “Fəryad” filminin ikinci hissəsi çəkilir. Ekran işinin rejissoru Vaqif Mustafayevdir.

“Azərbaycanfilm” kinostudiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lətif Lətifsoy  açıqlamasında bildirib ki, sözügedən filmin ikinci hissəsi “Həyat deyəsən gözəldir” adlanır və çəkilişləri yekunlaşmaq üzrədir.

Bundan əlavə, “Azərbaycanfilm”də daha iki tammetrajlı bədii film istehsaldadır:

“Bunlardan ssenari müəllifi və rejissor Elçin Musaoğlunun “Məryəm” filminin çəkilişləri tamamlanıb və istehsal sonrası (post-production) mərhələsindədir.

Ssenari müəllifi və rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filminin çəkilişləri isə davam edir”.

Lətifsoyun sözlərinə görə, bu 3 böyük filmdən əlavə, Mirsadıq Ağazadənin “Eviniz abad” filminin çəkiliş materialları əsasında “Köşk” adlı 5 hissəli bədii televiziya filmi hazırlanıb:

“Film qısa zaman sonra filmin treyleri və yayımlanacağı televiziya kanalı paylaşılacaq.

Həmçinin Rufat Rayın “Quyu” qısametrajlı bədii filmi istehsal sonrası (post-production) mərhələsindədir”.

Bununla yanaşı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə, “Görünməyən Qəhrəmanlar” adı altında 44 günlük Vətən müharibəsində müxtəlif qoşun növlərinin qəhrəman əsgər və zabitlərinin şərəfli və şücaətli döyüş yolundan bəhs edən hər biri 44 dəqiqə olmaqla 5 silsilə sənədli film hazırlanır:

“Bunlardan “27 Sentyabr” adlı film, Anım Günündə İctimai TV-nin efirində tamaşaçılara təqdim edildi. “Hərbi Hava Qüvvələri”ndən bəhs edən ikinci film isə növbəti aylarda tamaşaçılara təqdim ediləcək”.

Şöbə müdiri qeyd edib ki, Mədəniyyət Nazirliyiniin “Böyük Qayıdış” müsabiqəsinin qalibləri arasında yer alan, “Müharibə uşaqları” sənədli filmi istehsal öncəsi, çəkilişə hazırlıq mərhələsindədir. “Fulya” filmi isə qısa zaman sonra tamaşaçılara təqdim ediləcək.

Azərbaycanda hansı yeni filmlər çəkilir? – FOTOlar üçün şərhlər bağlıdır

Bütün xəbərlər