Azərbaycanın qeyri-neft ixracı 400 milyon dollardan çox artıb

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 429 milyon dollar və ya 37,1 faiz artaraq 1,6 milyard dolları təşkil edib.

Hesabata əsasən, 2021-ci ilin 8 ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 364,7 milyon dollarla əsas paya malik olub. Müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 1,5 dəfə, pambıq iplik 3,1 dəfə, şəkər 2,2 dəfə, kimya sənayesi məhsulları 68 faiz, pambıq lifi 88,5 faiz, alüminium və ondan hazırlanan məmulatlarda isə 45 faiz artım qeydə alınıb.

2021-ci ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (143,8 milyon dollar) birinci olub. Bu siyahıda qızıl (140,1 milyon dollar) ikinci, pomidor (128,2 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.

Hesabat dövründə Rusiyaya 522,3 milyon dollar, Türkiyəyə 407,3 milyon dollar, İsveçrəyə 154,9 milyon dollar, Gürcüstana 109,5 milyon dollar və ABŞ-a 48 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.


Bütün xəbərlər