Diplomatlar ermənilərin heç bir dəyərə hörmət etmədiyinin bir daha şahidi oldu

Dünən Azərbaycanda fəaliyyət göstərən səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri işğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər. Səfərin məqsədi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın tarixi torpaqlarını işğalda saxladıqları son 30 ilə yaxın dövrdə  törətdikləri  vəhşiliklər və cinayət izləri ilə tanış olmaq olub. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyovun müşayiəti ilə təşkil olunan səfərdə, xarici ölkələrin nümayəndələri əvvəlcə Cocuq Mərcanlıya, sonra  Cəbrayıl şəhərinə və Zəngilan rayonuna  baş çəkiblər. Eyni zamanda Azərbaycan və İranı birləşdirən tarixi Xüdafərin körpüsündə olublar. Səfər əsnasında diplomatlar ermənilərin Azərbaycanın tarixi abidələrinə, qəbiristanlıqlarına, infrastrukturuna və mülki əhaliyə vurduqları ziyanla tanış olublar, işğaldan azad edilən rayonlarda törədilmiş vandallıqları əyani şəkildə görüblər. Gördüklərindən təəccüblənən xarici nümayəndələr heyrətə gələrək həyatlarında belə bir mənzərə ilə ilk dəfə qarşılaşdıqlarını qeyd ediblər. Prezidentin köməkçisi Hikmət Hacıyev diplomatlar qarşısında çıxışında bildirib ki, “Ermənistan işğal etdiyi torpaqlarda dini yerləri, məscidləri yerlə yeksan edib. Ancaq fəxrlə deyə bilərəm ki, mənim ölkəmdə məscidlər, sinaqoqlar, kilsələr qorunur və yanaşı yerləşir”. O qeyd edib ki, yenidənqurma prosesində bütün dağıdılmış dini abidələr bərpa ediləcək: “Biz Prezidentin dediyi kimi, yenidənqurma işlərində qərarlı və qətiyyətliyik. Bərpa prosesi ilə bağlı artıq layihələr təsdiqlənib”.

Burada qeyd etmək yerinə düşər ki, Azərbaycanla az – çox tanış olan, ölkəmizdə olan hər bir xarici çox yaxşı bilir ki, regionda mədəniyyət abidələrini, tarixi tikililəri, hətta qəbiristanlıqları və yaşayış evlərini dağıdanlar məhz milliyyətçi erməni quldurları olublar. 1990-cı illərdə erməni silahlı qüvvələri tərəfindən Qarabağın işğal edilməsi nəticəsində Ermənistan həmin ərazidə yerləşən 927 kitabxananı, 60-dan çox məscidi, 44 məbədi, 473 tarixi abidəni, sarayları və muzeyləri məhv edib, 40 mindən çox muzey eksponatını qanunsuz olaraq talan edib.

Erməni mənbələrində ayrı-ayrı vaxtlarda yer alan məlumatlara, peyk çəkilişlərinə, ATƏT-in işğal olunmuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatına, habelə digər mənbələrdən toplanan informasiyalara görə, bu ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb. Dağıdılmayanlar isə erməni abidələri kimi təqdim edilib.

Hələ 2 avqust 2001-ci il tarixli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 132 nömrəli qərarı ilə təsdiq edilmiş “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”,  “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı” və “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na əsasən, işğal olunan ərazilərdə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin ümumi sayı 900-dən çox idi. Bəzi məlumatlara görə isə dövlət qeydiyyatında olmayan abidələrin sayı 1500-dən artıqdır, beynəlxalq əhəmiyyətli abidələrin sayı onlarla, qəbiristanların sayı isə 900-dən artıq göstərilir.

Bu mədəniyyət nümunələri təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə aiddir. Bu baxımdan xalqımızın çoxəsrlik tarixi keçmişindən yadigar qalmış tarixi və mədəniyyət abidələrinin mühafizəsi həm də beynəlxalq əhəmiyyət kəsb edən məsələdir. Bu, təkcə Azərbaycana yaxud İslam mədəniyyətinə qarşı deyil, bəşər mədəniyyətinə qarşı təcavüzdür.

Erməni işğalçılarının özbaşınalığı nəticəsində tarixi və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 14 may, 1954-cü il Haaqa Konvensiyasına,  16 dekabr 1966-cı il tarixli “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Pakta, 16 noyabr 1972-ci il tarixli YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasına,  1992-ci il tarixli  “Arxeoloji irsin mühafizəsi haqqında” Avropa Konvensiyasına, zidd olmasına baxmayaraq, Ermənistan  torpaqların işğal altında olduğu dövr ərzində  bu rayonlarda  tarixi abidələrimizi, məscidləri, məbədləri, mədəniyyət abidələrini  dağıdıb, tarixi-mədəni irsi isə saxtalaşdırıb.

Ermənistanın işğal olunmuş ərazilərdə törətdiyi ağır cinayətlərdən biri də ekoloji cinayətlərdir. Silahlı təcavüzün başlanmasından keçən müddət ərzində işğal altında olan Azərbaycan ərazilərində Ermənistanın cinayətkar fəaliyyəti nəticəsində regionun təbii sərvətləri də talan edilmiş, bu ərazilərdə mütəmadi olaraq yanğınlar törədilmiş, regionun flora və faunasına, bölgənin ekoloji durumuna bərpa edilə bilməyəcək zərər vurulub.

Beləliklə, Ermənistan Respublikasının Azərbaycana təcavüzünün faciəli nəticələri təkcə Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı yeddi rayonun zəbt edilməsi, milyona yaxın insanın qaçqın və məcburi köçkünə çevrilməsi ilə məhdudlaşmamış, bu dövlətin  Azərbaycan tarixinə, mədəniyyətinə, abidələrinə zərbə vurması ilə nəticələnib.

Uzağa getmək lazım deyil, ötən ilin payızında Qarabağda müharibənin getdiyi bir vaxtda döyüşlərin getdiyi bölgədən uzaqda yerləşən rayonlarımızda insanların toplaşdıqları qəbiristanlıqlara erməni silahlılarının açdığı atəş bu dövlətin hərbi – siyasi elitasının 1990–cı illərdə olduğu kimi indi də, humanistlikdən və bəşəri dəyərlərdən nə dərəcədə uzaqda olduqlarının bariz nümunəsidir. Hadisə nəticəsində qəbiristanlıqlarda  onlarla qəbir dağıdılıb, qəbir daşları qırılmışdı. Həmin vaxt Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində paylaşdığı statusunda ermənilərin vəhşiliklərinə bu cür qiymət vermişdi: “Nə dərəcədə insaniyyətdən kənar, rəhmsiz və mənəvi tənəzzülə uğramış olmalısan ki, dəfn mərasimi zamanı qəbiristanlığı  qəsdən atəşə tutasan”?

Təsadüfi deyil ki, bir çox beynəlxalq təşkilatlar ermənilərin belə vəhşiliklərinin nəticəsi olaraq 44 günlük müharibə zamanı Ermənistanın qadağan olunmuş silahlardan istifadə etməsi nəticəsində mülki şəxslərin qətlə yetirilməsinə dair  hesabatlar yayıblar. Misal üçün, “Amnesty International” Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın şəhər və kəndlərinə mülki vətəndaşların həlak olması ilə nəticələnən səkkiz raket zərbəsinin endirilməsini sənədləşdirib.

Artıq dünya ictimaiyyəti, ayrı – ayrı beynəlxalq təşkilatlar və dövlətlər Cənubi Qafqazda terrorçunun, işğalçının, barbarın kim olmasından çox yaxşı agahdır. İndi, aidiyyatı qurum və təşkilatlar üzərinə böyük yük düşür. Beynəlxalq təşkilatlar onlarla faktları və dəlillərə əsas götürərək Ermənistanın hərbi – siyasi elitasını törətdikləri cinayət əməllərinə görə cəzalandırmalıdırlar. Əks halda, bu dünyadakı digər cinayətkar rejimlər üçün çox pis bir presendent olacaq.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov


Bütün xəbərlər