Dövlətin qəbul etdiyi qanun və qaydalara riayət etsək koronavirusdan xilas olarıq

Bir neçə aydır ki, dünyada hökm sürən koronavirus pandemiyası bu gün də insanları böyük sınaqlarla qarşı-qarşıya qoyur. Azərbaycanda COVID-19 virusunun yayılmasının qarşısının alınması üçün Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva başda olmaqla dövlətimiz tərəfindən həm qabaqlayıcı tədbirlər, həm də pandemiya dövründə xalqımızın sosial müdafiəsi və maddi təminatı üzrə məqsədyönlü və səmərəli işlər görülüb. Bu vacib missiyaya dəstək olmaq və nəticədə dünyanı saran bəlaya qalib gəlmək üçün karantin qaydalarına riayət etmək, zəruri profilaktik tədbirlərin görülməsi olduqca böyük əhəmiyyət kəsb edir.

İnterval.Az bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Bakı Xoreoqrafiya Akademiyasının şöbə müdiri, BMT-nin İnkişaf Proqramı layihələrinin psixologiya, etika, estetika və konfliktologiya üzrə eksperti, kulturoloq-yaponşünas Əbülfəz Babazadə deyib. O bildirib ki, lokal epidemiyanın qlobal pandemiyaya çevrilməsi adi insan məsuliyyətsizliyi və vəziyyəti düzgün qiymətləndirmək bacarığının olmaması ucbatından baş verib.

Əlamətdar haldır ki, Azərbaycan dövləti virusun sərhədlərimizə gəlib çatmasından xeyli öncə preventiv tədbirlər gördü və bu gün Azərbaycanda COVID-19 virusuna qarşı mübarizə və onun nəticələri ölkəmizdə virusa yoluxan və onun qurbanlarının sayının əhəmiyyətli dərəcədə aşağı səviyyədə saxlanılmasına şərait yaratdı.

Bu, həm də Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən karantin rejiminin tətbiqi və onun sərtləşdirilməsi hesabına baş verdi. Hazırda dünyanın bir çox ölkəsi koronavirusla mübarizədə Azərbaycan təcrübəsindən yararlanır.

Ümumiyyətlə, yaşadığımız karantin şəraiti bizə çox şey öyrətdi, xatırlatdı, həyatı bir daha dəyərləndirməyi labüd etdi. Biz bir çoxlarının şübhə etdiyi birlik və səfərbərliyimizi canlı nümayiş etdirə bildik. Əsas məsələ isə bu dəyərlərə və zəruri qaydalara sona qədər riayət etməkdir.

Nazirlər Kabineti yanında Operativ Qərargah aprelin 27-dən karantin rejimi məhdudiyyətlərinin qismən yumşaldılması barədə qərar verib. Bu o deməkdir ki, bizdən daha böyük məsuliyyət tələb olunur. Biz həm özümüz, həm yaxınlarımız, həm də bütün xalqımız qarşısında məsuliyyət daşıyırıq. Kiçik bir boşluq, səhv və ya qayda pozuntusu xoşagəlməz nəticələrə, hətta faciəyə gətirib çıxara bilər.

Bununla yanaşı, problem barədə səhih məlumatların yayılması və düzgün maarifləndirmənin də olduqca böyük rolu var. Təəssüf ki, bu günlərdə koronavirus, tətbiq olunan karantin barədə panika, ajiotaj məqsədi güdən dezinformasiyalar bəzi insanlarda stress, bədbinlik meyilləri yaradıb. Bunun qarşısını almaq üçün yalnız rəsmi məlumatlara istinad edib, təsdiq olunmuş faktlar nəzərə alınmalıdır. Bu yöndə fəaliyyətimizi davam etdirsək, dövlətin qəbul etdiyi qanun və qaydalara riayət etsək beynəlxalq müstəvidə bütöv Azərbaycan olaraq koronavirusa qalib gələrik.


Bütün xəbərlər