“Göydən od yağırdı, qaçmayıb öləydik?!” …

“İkinci Qarabağ Müharibəsində qorxaqlıq və fərarilik o qədər kütləvi olub ki, Ermənistandakı həbsxanalarda yer çatmayacaq. Bunu aylar əvvəl demişdim, indi bir daha təkrarlayıram”.

Ermənistanın sabiq hərbi komissarı, general-mayor Levon Stepanyan mövqeyini dəyişməyib. Onun sözlərinə görə, müharibədə ermənilərin biabırçı şəkildə məğlub olmasının əsas səbəbləri arasında Ermənistanın yeni müharibəyə tam hazırlıqsız olması ilə yanaşı, ordu sıralarında qorxaqlıqla fərariliyin çox geniş yayılması xüsusi yer tutur.

“1990-cı illərdə mən hərbi komissar olanda səngərdən qaçanları sərt cəzalandırırlılar. İndisə erməni gənclər rüşvət verməklə, yüksək vəzifələrdəki qohumlarından istifadə etməklə ordudan yayınırlar. Fərarilərlə yanaşı, onlara yardım edənləri də məsuliyyətə cəlb etmək gərəkdir. Belə cinayəti kimsəyə bağışlamaq olmaz”, – L.Stepanyan söyləyib.

Ermənistan Baş Prokurorluğu isə hazırda 10245 vətəndaşa qarşı fərarilik ittişamı ilə cinayət işlərinə başlandığını bildirib.

 

“Onlar fərarilikdə, döyüş mövqelərin özbaşına tərk etməkdə və döyüş meydanından qaçmaqda ittiham olunurlar. İbtidai istintaq işinə davam edir”,  – açıqlamada deyilib.

Fərarilikdə suçlananların istisnasız olaraq hamısı Ermənistan Müdafiə Nazirliyinin Qarabağdakı hərbi hissələrinə göndərilmişdilər.

Həmin şəxslər arasında Ermənistanın Kotayk şəhərindən olan kapitan Tiqran Hovanisyan da var. T.Hovanisyan Ağdərədəki mövqeni sıravilər Rudik Xaratyan, Artyom Veranyan, Hamlet Adamyan və Radik Georqanyanla birlikdə özbaşına tərk etməkdə ittiham olunur.

T.Hovanisyan, A.Veranyan və R.Xaratyan dekabrın 1-də İrəvanın Nor-Zeytun səmtində polis tərəfindən saxlanılmışdılar.

“Göydən od yağırdı, aramsız bombalanırdıq. Əsgərlərim gözümün önündə yanıb kül olurdular. Başqa yolumuz yoxdu. Ya qalıb məhv olmalı, ya da qaçıb sağ qalmalıydıq. Nə etməliydik?! Ölməliydik?” – T.Hovanisyan deyib.

Ermənistanın baş naziri Nikol Paşinyan da parlamentdə “Çiçəklənən Ermənistan” Partiyasının fraksiyasının lideri Edmon Manukyanın suallarını cavablayarkən “10 mindən artıq fərari barəsində cinayət işi qaldırıldığını” etiraf edib.

Reallıqda isə Ermənistanda fərarilərin sayı daha çoxdur.

 

Ermənistan vətəndaşları arasında ordunun nüfuzu həddən ziyadə aşağı düşüb və valideynlər övladlarını ordu sıralarına yollamaq istəmirlər.

Övladının Qarabağa göndərilməsini əsla yol verilməyəəcək variant sayan erməni valideynlərin sayı isə on minlərlədir.

Erməni siyasətçilər, şərhçilər, məmurlar, media mənsubları və bloqerlərin iddialarının tam əksinə olaraq, Ermənistan vətəndaşları “Qarabağda şir kimi vuruşmaq” istəmir, yeni müharibə ilə bağlı çağırışları isə axmaqlıq sayırlar.


Bütün xəbərlər