Yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr artırıldı – SİYAHI

Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr artırılır.

İnterval.Az  bildirir ki, Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyi təsdiqləyib.

Məcəllənin indiyə qədərki variantında qeyd edilib ki, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə 60 manat məbləğində cərimə edilir. Dəyişikliklə isə cərimə 60 manatdan 80 manata artırılıb.

***

Digər dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə tətbiq olunacaq.

Qeyd edək ki, məcəllənin hazırkı variantına görə, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150 manat məbləğində cərimə edilir. Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 250 manat məbləğində cərimə edilir.

***

Eyni zamanda, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən imtinaya görə cərimə artırılıb.

Məcəllənin bu günə qədərki variantında qeyd edilirdi ki, 333.2 və 333.3-cü maddələrdə nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla, 400 manatdan 700 manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 15 gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Dəyişikliklə 333.2 və 333.3-cü maddələrdə nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla, 500 manatdan 700 manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 15 gündən bir ayadək müddətə inzibati həbs tətbiq ediləcək.

***

Birtərəfli yollarda əks istiqamətdə hərəkət edən sürücülər 150 manat cərimələnəcək.

Məcəllənin əvvəlki variantında qeyd edilib ki, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə 100 manat məbləğində cərimə edilir.

Dəyişikliklə bu cərimə 100 manatdan 150 manata qaldırılır.

***

Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edib inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimələr 50% artırılıb.

Beləliklə, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edib inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə 300 manat məbləğində cərimə ediləcək. İndiyə qədər qüvvədə olan Məcəlləyə əsasən, bu cərimə 200 manat olub.

Həmçinin, bu xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə cərimələr də 400 manatdan 500 manata qaldırılır.

Zamiq Yunisov

İnterval.Az 


Bütün xəbərlər